Yasamalın icra başçısı Elşad Həsənova məxsus restoranda jurnalistin əli sındırıldı - şok olay
Yasamal rayonu icra hakimiyyətinin başcısı Elşad Həsənova məxsus olduğu bildirilən "Dəyirman" restoranında canlı yayımla çəkiliş aparan jurnalist Əvəz Hafizliyə qarşı təzyiq göstərilib və sağ əlinin sümüyü sındırılıb və vətərlər zədələnib.
Paralel.az xəbər verir ki, bununla bağlı Kamal 13-ün rəhbəri Əvəz Orucov açıqlama yayıb. O bildirib ki, jurnalistin telefonu əlindən alınaraq sındırılıb: "Məsələyə hüquq müdafiəçilərinin, jurnalistlərin, ictimai fəalların və eləcədə aktiv insanları biganə qalmamağa çağırıram".
Qeyd edək ki, Ə.Hafizli dünən gecə Yasamal rayonu ərazisində, "Dəyirman" restoranının qarşısında canlı yayım edərkən təzyiqə məruz qalıb. O, çəkiliş zamanı bildirib ki, hazırda adıçəkilən restoranın gizlin açılış mərasimidir. Jurnalist, həmçinin restoranın Yasamal Rayon icra Hakimiyyətinin başçısı Elşad Həsənova məxsus olması ilə bağlı iddiaların olduğunu səsləndirib: "Restoranın qapıları bağlıdır, yalnız zənglərlə buraxılır adamlar içəri".
Çəkiliş zamanı restoranın həyətindəki dövlət nömrə-nişanlı avtomobillər də diqqət çəkib. Jurnalistə yaxınlaşan mühafizəçi onu vuraraq xəsarət yetirib və telefonunu sındırıb.
Yasamal Rayon İcra Hakimiyyətindən Paralel.az-a bildirilib ki, bütün bu iddialar yalandır: "Elşad Həsənovun adına nəinki Yasamalda, ümumiyyətlə ölkədə heç bir obyekt yoxdur. Restoranın qarşısında baş verən hadisə ilə Yasamal RİH-in hər hansı əlaqəsi də yoxdur".
Şahnaz