Narın payız yağışı Bakını iflic etdi

Narın payız yağışı Bakını iflic etdi
 

Paytaxtın yolları nə avtomobillər, nədə piyadalar üçün yararlı deyil

Bir neçə aylıq fasilədən sonra Bakıya narın yağış yağır. Pəncərədən bu yağışı seyr etmək hər kəsə xüsusi zövq verir. Ahəstə payız yağışı yağır, özü də uzun fasidən sonra...

 Aynanın arxasından seyr edilən bu gözəllik küçəyə çıxan kimi Bakı sakinlərinin gözündə darmadağın olur. Çünki axıntısı ilə çay məcrasını xatırladan yolların nə bir tərəfindən o biri tərəfinə keçmək, nə də yol kənarındakı səkilərlə hərəkət etmək mümkündür. Yolu keçmək istəsəniz ayaqqabınız islanacaq, səki ilə hərəkət etsəniz isə selə qərq olmuş küçələrlə şütüyən avtomobillər çirkli yağış suyu ilə paltarlarınızı batıracaq. Ona görə də Bakı sakinlərinin qayğısı bu gün yalnız çətir-plaş deyil, həm də ayaqqabılarını islanmaqdan, paltarlarını isə batmaqdan qorumalıdır. Axı bunun səbəbi nədir, niyə Bakı şəhəri də digər böyük şəhərlər kimi yağış, leysan, qar yağıntılarından sığortalanmış infrastruktura malik ola bilmir?

Əvvəla onu qeyd edək ki, Bakı şəhərinin relyefi dağlıq olduğundan burada xüsusi infrastruktur - yəni relyefə uyğun nəqliyyat-infrastruktur layihələri həyata keçirilməlidir. Bakının hazırkı yol-nəqliyyat infrastrukturu əsasən ləğv edilmiş Nəqlityyat Nazirliyinin rəhbəri Ziya Məmmədovun dövründə qurulub. Həmin dövrdə Bakı şəhərinin bütün mərkəzi küçələri guya müasir standartlara uyğun olaraq yenidən qurulub. Əslində isə köhnə yol özülünün üzərinə asfalt çəkilərək, yolun hər kilometrinə milyonlarla dollar büdcə vəsaiti silinib. Bəla burasındadır ki, yolların yenidən qurulması bir yana, köhnə infrastrukturun bir sıra elementləri də sıradan çıxarılıb. Məsələn, ötən əsrin 50-60-cı illərində Bakının mərkəzi küçələrinin hamısında yağış suyunun axıdılması üçün kanalizasiya sistemləri olub. Relyefə uyğun olaraq yollarda yağışdanlar quraşdırılmışdır ki, yağış suları yollarla axmasın, həmin yağışdanlardan kanalizasiyaya süzülüb dənizə axıdılsın. "Uzaq Sahillərdə" filmində Anğelikanın həbs edilməsi səhnəsində Mixaylo ilə Visilin almanlara məhz həmin yağışdanlardan atəş açırdı. Film 1958-ci ildə Bakıda çəkilib. Deməli, həmin vaxt Bakının küçələrində yağışdanlar və kanalizasiya sistemi mövcud idi. Ona görə də yağış yağanda şəhərin ən azı mərkəzi küçələri çayları xatırlatmırdı. Ziya Məmmədovun yol "mütəxəssisləri" həmin yağışdanları asfaltla basıb örtdü. Düşünmədilər ki, bəs yağış yağanda su yoldan necə çəkiləcək, hara axacaq. İndi Bakının bütün küçələri nəlbəkini xatırladır. bu səbəbdən də yağış yağan kimi yolları ya göl, ya da sel basır. Belə sel-göl isə həm piyadalara, həm də avtomobillərə problemlər yaradır. Hal-hazırda Bakının onlarla yerində avtomobil tıxacları müşahidə edilir.

Guya müasir tipli nəqliyyat tunelləri tikilib, göydən bir damçı yağış düşən kimi tunelləri su basır. 560 milyon dollara başa gələn "Gənclik" metrostansıyası üzərindəki nəqliyyat tunelini vaxtaşırı olaraq su basır.

İndi artıq yolların köhnə kanalizasiyalarını bərpa etmək də mümkün deyil. Çünki həmin kanalizasiyaların təyinatı dəyişdirilərək Bakıda tikilən yeni göydələnlərin məişət tullantılarını daşıyan kanalizasiyaya çevrilib. Bakıda tikinti bumunun ilk illərində bir də gördülər ki, Bulvardan üfunət iyi gəlir. Araşdırdılar ki, sovetlər dönəmində yağış sularını axıtmaq üçün nəzərdə tutulan, mənsəbi Bulvara açılan  kanalizasiyaya göydələnlərin məişət kanalizasiyası qoşulub. Çıxış yolu olaraq, həmin yağış kanalizasiya sistemini məişət tullantıları kanalizasiya sisteminə yönəltdilər. Bununla da həmin yacış kanalizasiyası sıradan çıxdı.

İndi isə yeganə çıxış yolu Bakı şəhərinin yollarında yenidən yağış kanalizasiyası sisteminin qurulmasıdır. Bunun üçün isə milyonlarla manat vəsaitə və vicdanlı məmura ehtiyac var.

Akif Nəsirli

0.032402038574219