Sizi o diktator pis günə qoymuşdursa...
İdris müəllim yazır:
"Qanunların ali olduğu ədalətli, dürüst və demokratik cəmiyyət qurulmadıqca var-dövlət zillətə çevrilib öz sahibini bədbəxt edəcək!
Şərq xalqları XXI əsrdə də ayılmadılar. Ayılanda da özlərinin diktator kimi yetişdirdikləri Səddamı, Qəzzafini, Hüsnü Mübarəyi vəhşicəsinə məhv etdilər, Ben Əlini hoydu-hoydu ilə ölkədən qaçırdılar, vəssalam. Bu da oldu qəhrəmanlıq!
Xalqın özü diktator düzəldir, özü də öldürür. Nə oldu? Düzəldilər? 50 il də geri düşdülər.
Səddamın da, Mübarəyin də, Qəzinin də diktator olmasını istəyən sanki ərəb xalqı yox, yadplanetlilər imiş. Balam, belə istəmisiniz, belə də olub da. Ağlınız bu qədər kəsir. Cahilliyyə dövrünün qisasçılığı, qısqanclığı fitrəntinizi tərk etməyib. Nə olsun ki, formal olaraq İslamı qəbul etdiniz? Dədə-baba vərdişlərindən ki yaxa qurtara bilmədiniz...
Sizi o diktator belə pis günə qoymuşdursa, onu öldürəndən sonra niyə düzəlmədiniz? Çünki xalq olaraq düzəlmək fikriniz və məramınız yoxdur. Faciəniz ondan ibarətdir ki, öz günahınızı görməyib kəsalət və gerizəkalılığınızın müqabilində günah keçisi axtarırısınız. / Bu məsələdə, təəssüf ki, biz də sizdən geri qalmırıq/.
Misirin, Liviyanın da xalqa doğru yol göstərməyən, dövlətdən maliyyə qoparan, ortada yeyib qıraqda gəzən on minlərlə, bəzən yüz minlərlə alim-akademiki və intelligentləri var. Var-dövləti Hüsnünün, ya da Qəzinin yaxın qohumunun varından heç də az olmayan xeyli alim-ziyalı mövcuddur. Ancaq kanalizasiyada qanına qəltan edilərək faciəvi şəkildə qətl edilən qurbanlıq məhz alim-akademik şəbəkənin onilliklər boyu düzəltdiyi "DİKTATOR" və onun əhli-əyalı oldu!
PS. Səddamı asdılar, Qəzzafini qeyri-insani şəkildə öldürdülər, Hüsnünü yarımcan etdilər, amma dünənə qədər məddahlıq edib milləti yanlış yönləndirən, korrupsiyanın, rüşvətin şəninə təriflər deyən, ortada yeyib qıraqda gəzən, övlad-uşaqlarını Amerikada, Qərbdə məskunlaşdıran, gül balalarını xudmani vəzifələrə soxuşduran möhtərəm və "çoxbilmiş" alim-akademiklərin birinin də burnu qanamadı.
Halbuki bu idiotların həyasız mədhiyyələri sayəsində diktatora çevrilən həmin idarəçilərin ailələri, bir çox hallarda nəsil-nəcabətləri məhv olur.
Qayırdıqları "diktator" öldürüldü, ölkədə qan su yerinə axdı, dövlət zəlil oldu, xalqın vəziyyəti daha da pisləşdi, ölkə sosial-siyasi və ictimai-iqtisadi fəlakətlə üzləşdi.
Möhtərəm alim-akademiklər sudan quru çıxıb öz zərərli əməllərinə davam etdilər. Yaxşı səbəb uydurmuşdular: Sən demə, ölkəni viran qoyan o qəddar "diktator" imiş!
Əhsən, ey Şərq! İndi də mədhiyyələrlə yeni "qurbanlıq diktator" axtarışındasan! Deyəcəksiniz ki, hökmdar olacaq şəxs diktator olmasın da. Amma necə olmasın? Xalqın iradəsinin əleyhinə, əstəğfirullah, heç Allah da çıxa bilmir.
Başda yaltaq alim-akademiklər olmaqla xalq öz övladlarından birini diktator etmək istəyirsə, bu istəyin qarşısını almaq qeyri-mümkündür!
Deməli, xalq ayılmalı, maariflənməli, beyin kapitalını inhisara alıb məhv edən və düşüncəni səhv yönləndirən akademik əngəli öz yolundan təmizləməlidir!"