«Rejim pozuntusu» adlanan bürokratizm,  yaxud xəstələri cəzalandırmağın yeni metodu

«Rejim pozuntusu» adlanan bürokratizm,  yaxud xəstələri cəzalandırmağın yeni metodu
 
Bundan xəstəxana və poliklinikalar nə qazanır ?
 
Son zamanlar xəstəxanadan, yaxud poliklinikalardan Xəstəlik vərəqi (bülliten) alanlar  tez-tez «rejim pozuntusu» ifadəsilə rastlaşırlar. Bunun nə olduğunu isə işləyən xəstə vətəndaşlar Xəstəlik vərəqinə görə pul aldıqları zaman anlayırlar. Ən kritik anlar da, o zaman başlayır. Uzun zaman xəstə yatan və Xəstəlik vərəqinə görə normal pul alacağını düşünən vətəndaşa rejim pozuntusu adı ilə cüzi miqdarda pul verirlər. Rejim pozuntusunu isə bilərəkdən, yaxud bilməyərəkdən xəstəxanalar və poliklinikalar yaradır. Məsələn, xəstə hansısa bir xastəxanada bir müddət müayinə və müalicə alır. Ona orada olduğu müddətdə Xəstəlik vərəqi açılır. Daha sonra isə həkim nəzarəti altında ambulator müalicə üçün yaşadığı ərazidəki poliklinikaya göndərilir. Xəstəlik vərəqini isə ən yaxşı halda bir həftə sonra verirlər, o da ki, poliklinika həkiminin tələbindən sonra. Bu zaman məlum olur ki, xəstənin arada 3-5-10 günü nəzarətsiz keçib. Normalda bu günləri istər xəstəxana, istərsə də poliklinika vətəndaşın xəstəlik dərəcəsini nəzərə alaraq qeyd edə bilər. Amma yox, bu onların təbirincə (xəstəni soğan kimi soymaq qanun pozuntusu deyil amma) qanun pozuntusudur. Beləliklə də, həmin günlər Xəstəlik vərəqinə rejim pozuntusu kimi qeyd olunur  və pul ödənişi zamanı həmin günlərə görə pul ödənilmir. Buna görə, əslində heç bir günahı olmayan insanı, öz halal pulundan məhrum edirlər. Burada anlamadığım odur ki, insanı öz halal pulundan məhrum etməklə, xəstəxanalar və poliklinikalar nə qazanırlar? Bu suala cavab tapmaq məqsədiylə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti qurumları ilə əlaqə saxlamaq cəhdlərimiz isə baş tutmadı.

Yusif Seyid
0.017349004745483