Kreml Ərdoğanın Krımın ilhaqı ilə bağlı açıqlamasına cavab verdi
Peskov Kremlin Ərdoğanın bu açıqlamasındaa təəssüfləndiyini bildirib
Kreml Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımın ilhaqı ilə bağlı yeni açıqlamasına təəssüfləndiyini bildirib.
Paralel.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Kremlin nümayəndəsi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Moskva özünü Ərdoğanın sözlərinin ünvanı hesab edir: "Rusiya Federasiyası Ərdoğanın Rusiyaya səfərinə hazırlıq işlərinin aparıldığı dövrdə Krımla bağlı açıqlamalarının eşidilməsindən təəssüflənir".
Rusiya prezidentinin mətbuat katibi Türkiyənin Krımla bağlı mövqeyinin Moskvaya yaxşı məlum olduğunu və Kremlin bununla qəti şəkildə razılaşmadığını da xatırladıb. Peskov əlavə edib ki, Rusiya Ankara ilə ikitərəfli əlaqələrin inkişafına diqqət yetirmək istəyir.
Daha əvvəl Ərdoğan BMT Baş Assambleyasının 76 -cı sessiyasının ümumi siyasi debatlarında çıxışı zamanı Türkiyənin Krım ərazisi də daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü və suverenliyini qorumağı vacib hesab etdiyini vurğulamışdı.
Nəşir xatırladır ki, Ukrayna Prezidenti Vladimir Zelenski Ərdoğana Rusiya tərəfindən "Krımın ilhaqı" nın tanınmaması ilə bağlı verdiyi sözlərə görə təşəkkür edib. Ukrayna ilə Türkiyə arasındakı əlaqələrin strateji xarakter daşıdığını qeyd edərək, siyasi, ticarət-iqtisadi, hərbi-texniki və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın qurulmasının əhəmiyyətinə diqqət çəkdi.
Akif Nəsirli