Covid – 19 “virusu”, yoxsa ölümə tərk edilmiş insanlar?

Covid – 19 “virusu”, yoxsa ölümə tərk edilmiş insanlar?
 

 

26 avqust 2021-ci ildə dünyadan köçən bacım Elnarəyə ithaf olunur

Son vaxtlar desək yanılarıq, son iki ildə Azərbaycanı bürüyən koronavirus – COVİD -19 virusu neçə-neçə canlar aldı, neçə-neçə ailələri gözüyaşlı, biçarə, naümid və başsız qoydu. Bəs bu virusun səhiyyədə, tibb müəssisələrində, xəstəxanalarda, sahə poliklinikalarında, ələxsüs da, TƏBİB və Səhiyyə Nazirliyində qarşısının alınması, çeviklik və operativlik üçün hansı təxirəsalınmaz tədbirlər həyata keçirilib?

İki il öncəki vəziyyətə nəzər salaq? Hələ 2020-ci il gəlməzdən öncə Bakı və Bakıətrafı rayonlar sakit və firavan həyatını yaşayırdı. Heç kimin ağlına da gəlməzdi ki, nə vaxtsa öz yaxınlarını – bacısını, qardaşını, övladını, ata-anasını və s. doğmalarını amansız virus deyilən COVİD-19-un ağuşundan ala bilməyib itirəcək!!! Bəs bu saysız-hesabsız ölüm hallarının qarşısını almaq olardımı? Çoxlu sayda insan tələfatına səbəb nə idi? Vurulan vaksinlərdən sonra niyə insanlar yenidən virusa yoluxur? Günahkar təkcə koronavirus və ya COVİD-19 idimi? Bəlkə TƏBİB və Səhiyyə Nazirliyinin passivlik nümayiş etdirməsində idi səbəb? Bəlkə tibb işçilərinin vaxtında xəstələrin harayına yetişməməsində idi səbəb? Və ya düzgün iynə-dərman edilməməsində idi səbəb?

Bu və ya bu kimi suallar beynimizi, fikirlərimizi dəlib keçir. Yaxınlarımızın həyatdan köçməsi ilə barışa bilmirik. Hətta iş o yerə gətirib çıxarır ki, camaat öz doğmalarını torpağa tapşırmaq üçün min bir əzab və əziyyətlərdən keçməli olur. Bu necə virus imişsə dəfnə heç kim gəlməməli, ehsan verilməməli, hətta dünyasını dəyişən adama “Yasin” də oxunmamalıdır? Bunun bir adı var – virus pərdəsi altında insanlara qarşı amansızlıq, qəddarlıq, laqeydlik, mən deyərdim, vecsizlik. Bir sözlə, insan həyatına və ölümünə qarşı kütləvi “göz yumma” təşəbbüsü...

Şəxsi müşahidələrimdən olmuş bir hadisəni nəql etmək istərdim. Yaxın və əziz insanın sənin əllərindən göz görə-görə getməsi, həkim və tibbi personalın bütün bu olanlara qeyri-peşəkar, “barmaqarası”, qeyri-operativ şəkildə yanaşması sözün əsl mənasında adamın sinəsinə çalın-çarpaz dağ çəkir. Bəs görəsən xəstələri ölümün pəncəsinə atan, vaxtında müdaxilə etmək mümkün olduğu halda ünvana gec yetişən həkimlərin vicdanı azca da olsa sızlayırmı? İNANMIRAM BUNA!!! Çünki adətən insan gözünün şahidi olduğu hadisələrə inanır. Gördüyü həqiqətlərə inanır! Boş sözlərə, şişirdilmiş rəqəmlərə yox, reallıqda baş vermiş hadisələrə inanır.

Şahidi olduğum ölüm faktına qayıdaq. Saat 1300-dır. Təcili Tibbi Yardımı yığırıq. Telefonun o biri xəttində “Sizi operatora birləşdiririk” - deyən xanımın fasiləsiz və təkrar sözləri hövsələsizlik, əsəb yaradır. Soruşa bilərsiz ki, “Nə üçün?” Xəstə can çəkişdirdiyi halda TTYS-nın operatorları təkrar etdiyi sözlərlə sanki bir vecsizlik, laqeydlik, etinasızlıq nümayiş etdirirlər. Gərgin anlar yaşanır. Xəstə ətrafına toplaşan yaxınlar, doğmalar təlaş içində fəryad qoparır. Çarəsizlikdən əlləri heç yana çatmır. Təcili yardım uzun bir vaxtdan sonra sifarişi qəbul etsə də, artıq iş-işdən keçmiş olur. Sənə əziz, doğma olan insan, dünənə qədər danışıb-gülən, şən, zarafatcıl, xeyirxah, həyata tutunan insan qollarında haqqın dərgahına qovuşur. Və sən çarəsiz qalıb heç nə edə bilmirsən. O an haqqa qovuşan insanın övladının sənə dikilən çarəsiz baxışları min kərə ürəyinə xəncər kimi saplanır.

Saat 1700-da gəlib çıxan tibbi personal – “təcili” yardım “Bizə indi məlumat daxil olub” deyəndə isə dünya başına fırlanır.

İnsanlar öz əzizini, doğmasını heç nə olmamış kimi aparıb urvatsız şəkildə torpağa tapşırır. Və belə neçə-neçə ailələr öz yaxınlarından məcbur qaydada uzaq düşür. Cavan ömürlər yarı yolda qırılır. Biz isə susuruq! Hələ də bu haqsızlıqlar, biganəliklər qarşısında susuruq! Susduqca da daha dərinə, daha da sonun bilinməyən əngəlliklərə baş vururuq!!!

Düşünürəm ki, hər kəs bu biganəliyə haqq səsini ucaltsa COVİD-19 bəhanəsi ilə ölümə tərk edilən insanların qismən də olsa, sayı azalar. Axı, hamımız insan övladıyıq!!!

Yazıçı-publisist, Səadət Sultan, Paralel.az

0.019598007202148