Ermənilərin uydurma "bayraq olayı"
Azərbaycan Ordusu sülhməramlılarla təmas xəttində heç bir mövqe dəyişikliyi etməyib
Paralel.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Rusiya sülhməramlılarının nəzarəti altında olan Xocavənd rayonunun Cütcü kənd sakini Lernik Avanesyanın məlumatına görə, 21 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələri mövqelərini kəndə 1200 metr yaxınlaşdırıblar. Guya əraziyə general Yeqorovun rəhbərliyi altında Rusiya sülhməramlıları gəlib və danışıqlar apardıqdan sonra azərbaycanlılar geri çəkildilər.
"Sputnik Armenia"nın yazdığına görə, Azərbaycan tərəfi döyüş mövqelərindən və Amaras kilsəsinin üzərindən "Artsax"ın "bayrağı"nın çıxarılmasını tələb ediblər. Rusiya sülhməramlıları isə bayraqları Ermənistan bayrağı ilə əvəz etməyi təklif edib.
Yenə Ermənistan tərəfi məqsədyönlü dezinformasiya ilə məşğuldur. Çünki Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, sözügedəq ərazidə Azərbaycan Ordusu göstərilən tarixdə və ondan əvvəl və ya sonra heç bir mövqe dəyişikliyi aparmayıb. O ki qaldı "Artsax"ın "bayrağı"na, Azərbaycan tərəfi birmənalı şəkildə, müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində başqa ölkənin (Rusiya istisna olmaqla) və ya seperatçı qrumun "bayrağı"nın qaldırılmasını qadağan edib. Əslində bayraqla bağlı "Sputnik Armenia"nın tirajladığı xəbərə uyğun heç bir hadisə baş verməyib. Sadəcə olaraq, ermənilər Azərbaycan tərəfinin sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərində qoyduğu bayraq qadağasını ictimailəşdirmək, beynəlxalq arenaya çıxarmaq üçün vaxtaşırı bu cür saxta informasiyalar uydururlar.
Akif Nəsirli