İmam cümə Həsən Amiliyə yaddaş xatırlatması
"İran xəritədən silinəcək" ifadəsini kim və haçan dilə gətirib?
Son günlər Ərdəbil imam cüməsi Həsən Amilinin Azərbaycanda keçirilən Türkiyə, Pakistan və Azərbaycan xüsusi təyinatlılarının birgə təlimlərindən əndişələnərək(?) verdiyi açıqlama Azərbaycan mediasında xüsusi populyarlıq qazanıb. Bu müraciət həm orjinal formada, həm izahlı şəkildə hər yerdə olduğu üçün onu təkrarən yazıb vaxtınızı almaq istəmirəm. Amilinin öz dövlətini şirə bənzətməsini də təbii sayırıq, hər kəs öz dövlətini güclü saymalı və ona güvənməlidir. Bir də ki, uşaq atasından güclü adam tanımadığı kimi, Amilinin də İrandan başqa güclü dövlət tanımamasını anlamaq mümkündür.
Cənab Amili İranda kifayət qədər yüksək səlahiyyətlərə malik bir vəzifə tutsa da, onun siyasi dayazlığı, arqument kasıblığı bütün açıqlamalarında özünü biruza verir. O, son açıqlamasına müdriklik qatmaq üçün Azərbaycanda keçirilən birgə təlimləri təbii hal kimi qəbul etsə də, guya bir azərbaycanlı deputatın "İran xəritədən silinəcək" deməsi imam cüməni hiddətləndirib. Açıqlamada Amili dövləti Azərbaycan sərhədləri böyunca geniş miqyaslı təlimlər keçirib, İran İslam Respublikasının gücünü nümayiş etdirməyə çağırır. Açıqlamanın əsas məqamı olan "İran xəritədən silinəcək" ifadəsinin hansı deputata məxsus olması ilə bağlı internetdə müxtəlif axtarış sistemləri ilə axtarış apardıq. Məlum oldu ki, son altı ildə belə bir ifadə işlədən azərbaycanlı deputat olmayıb. Yalnız altı il əvvəl BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev belə bir ifadə işlədib. Bunun ardınca isə Rusiya Liberal Demokratlar Partiyasının sədri Vladimir Jirinovski buna bənzər ifadə işlədib. Elə isə nədən Həsən Amili altı il əvvəl işlədilən ifadəyə görə indi çağrış edir və İran da bu çağrışa dərhal operativ cavab verir, Azərbaycanla sərhədləri böyunca kütləvi təlimlərə başlayır?
Əslində məsələ çox sadə və sualda təsvir edildiyindən bir qədər fərqli mənzərəyə malikdir. Çox güman ki, İran rəhbərliyindən Həsən Amiliyə sifariş gəlib ki, cümə xütbəsində Azərbaycandan İrana gələn hərbi-siyasi təhdidlərlə bağlı xütbə söyləsin və İranı buna cavab olaraq kütləvi hərbi təlimlərə başlamağa çağırsın. Amili və ya köməkçiləri də bununla bağlı arqument axtarışına çıxıblır. İnternetdə axtarışlar zamanı Qüldrət Həsənquluyevin altı il əvvəl söylədiyi "İran xəritədən silinəcək" ifadəsini tapınca, bu yazıqların sevincdən gözləri elə alalanıb ki, müsahibənin tarixinə nəzər salmayıblar. Beləliklə Amilinin əsassız və təhdid dolu xüğbəsi təcalla edib. Bunun ardınca isə İran hökuməti guya Amilinin çağrışına səs verərək təlimlərə başlayıb. Heç olmasa İran hökuməti belə araşdırmayıb ki, "İran xəritədən silinəcək" ifadəsini kim və haçan işlədib. Bəli, budur min illik dövlətçilik tarixi olan İran dövlət adminstrasiyasının iş keyfiyyəti.
Görünür İran prezidentin BMT Baş Assambleyasının 76-cı sesyasındakı çağrışı ilə səhvlərini düzəltməyə çalışıb. İbrahim Rəisi həmin çıxışında bildirib ki, ölkəsi bütün dövlətlərlə effektiv əməkdaşlığa səy göstərəcək: "Mən bütün dünya ölkələri, xüsusən qonşu dövlətlərlə qarşılıqlı və səmərəli əməkdaşlığa çalışacağam. Onlarla səmimi və mehriban şəkildə əl sıxışıram. Yeni dönəm başladı”.
Akif Nəsirli