Dünyanın fövqəladə dövlətləri
SSRİ süquta uğradı -Rusiya…
Paralel.az xəbər verir ki, ABŞ-ın tanınmış siyasətçisi və dövlət xadimi Henri Kissincerin, »Dünyanın böyük fövqəldövlətləridən heç biri həmişəlik geri çəkilən deyil», fikri hazırda dünya siyasətində öz təsdiqini tapmağa başlayıb. Əslində, onun sözlərində böyük həqiqət var. Bu gün dünyanı idarə edən supergüclər arasındakı münasibətlər də, bunu sübut edir. Hər biri özünün daha güclü olduğunu nümayiş etdirməyə çalışan bu qüvvələr arasında açıq, gizlin daim müəyyən gərginliklər müşahidə olunur. Dünyanın ən qüdrətli dövlətlərindən biri hesab olunan SSRİ-nin süqutundan sonra, bu missiya öz üzərinə götürən Rusiya postsovet respublikaları üzərində hegemonluğunu qoruyub saxlamaq istəsə də, bu alınmadı. Dünya hegemonluğu müəyyən mənada ABŞ-ın əlinə keçdi. Amma son 30 ildə dünya düzənində çox şeylər dəyişdi. Artıq Çin Xalq Respublikası da özünün iqtisadi potensialı ilə fövqəldövlətlərə güc nümayiş etdirməkdədir. Bu səbəbdən də Çinin Rusiyaya və İrana meyil etməsini ABŞ həzm edə bilmir. Məhz bu səbəbdən də, vaxtaşırı bu iki dövlət arasında müəyyən gərginliklər yaranır.
Hazırda Çin demək olar ki, Rusiyanın Uzaq Şərq vilayətlərinin hamısında öz mövcudluğunu təmin edib. Burada böyük istehsalat sahaləri yaradıb, ən yeni texnika və texnologiyalardan istifadə etməklə yüksək istehsalat potensialı yarada bilib. Bu həmin bölgədə yaşayan rusları narahat etsə də, dövlət rəsmiləri narahatlığa heç bir əsas görmürlər. Çünki ABŞ və Avropa ilə münasibətləri soyuq olan Rusiya Çinlə əməkdaşlığa daha çox üstünlük verir. Dünyanın tanınmış siyasi ekspertləri də bu fikirdədirlər ki, Çinlə Amerika Birləşmiş Ştatları arasında münasibətlər son həddə yaxınlaşdığı halda digər supergüclər də Amerika və Çin arasında seçim etmək zorunda qalacaqlar. Görünür, son zamanlar öz gücünə əmin olan və onu nümayiş etdirməkdən belə çəkinməyən Çin də mövqeyini əlindən vermək niyyətində deyil.
Yusif Seyid