Rusiya Federasiyasında seçkilərə start verildi
Paralel.az xəbər verir ki, Dövlət Dumasına və digər seçkili orqanlara səsvermə üç gün davam edəcək. Seşkilər qarışıq sistemlə keçirilir. Duma üzvlərinin yarısını partiya siyahıları ilə, digər yarısını isə majoritar yolla seçilənlər təşkil edəcək. Rusiya Federasiyasının yeni parlamentində 450 deputat təmsil olunacaq.
Bu səsvermə zamanı regionlarda həm də qubernatorlar, şəhər, rayon rəhbərləri eləcə də, digər yerli idarəetmə orqanlarına seşkilər keçiriləcək.
Diqqətimizi çəkən maraqlı məqamlardan biri də odur ki, Xabarovsk vilayətinin qubernatoru vəzifəsinə namizədlər arasında həmyerlimiz Babək Məmmədov da var. O, bu seçkilərdə «Rodina»(«Vətən») partiyasını təmsil edir.
Seçkilərin mütəşəkkil keçirilməsi üçün Rusiyanın paytaxtı Moskva şəhərində 3 min 600-dən çox seçki məntəqəsi açılıb. Xəbərdə o da qeyd olunur ki, 2 milyondan artıq seçici onlayn səsvermə üçün qeydiyyatdan keçib. Bu seçkilərdə 90 mindən çox namizəd qələbə üçün mübarizə aparir. Səsvermə 3 gün- 17-18-19-sentyabr tarixlərində davam edəcək.