ƏQRƏBLƏR
Firuz Mustafa
("Gündəlikdən" sətirlər)
Havalar xoş keçir. İstirahətim davam edir. Səhhətim pis deyil...
...Telekanallardan birində təbiətlə bağlı gedən verilişdə əqrəblərdən söhbət açdılar. Qeyri-ixtiyarı “əqrəblə bağlı xatirələrim” yadıma düşdü. Əvvəllər bu mövzudan dolayı bir hekayə yazmaq istəyirdim. Sonra fikrimdən daşındım. Çünki bəzən real həqiqətlər bədii təxəyyülün “məhsulunu” üstələyir. Və indi fürsət düşmüşkən həmin mövzuyla bağlı şahidi olduğum hadisəni qələmə almağı qərara aldım.
...həmin ilin ilin mayında (tələbəliyimin son günləri idi) Bakıda 8-ci km. qəsəbəsində yaşayan bibim qızı Məfkurəgilə getmişdim. Onun həyat yoldaşı inşaat mühəndisi Nəriman Məmmədov çox qonaqpərvər, xeyirxah, dostcanlı bir insan idi. Onların evində əvvəllərdən də tanıdığım bir rus alimini gördüm: bu, görkəmli biloq, professor Oleq Pavloviç idi. Oleq Pavloviç, səhv etmirəmsə Daşkənddə yaşayırdı. O, ixtisası etibarilə ilan və əqrəb zəhərlərinin alınması, tədqiqi və tətbiqi ilə məşğul idi. Nəriman müəllimin bu maraqlı dostu ilə söhbətimiz tuturdu. Dediyim kimi, onu əvvəllər də bir neçə dəfə bu evdə görmüşdüm. Eyvanda “gizlətdiyi” kisələrdə ilan fışıltısını asanca eşitmək olurdu. O, bizim, ilanlarla bağlı suallarımıza həmişə ətraflı cavab verərdi.
Professor mənim təbiətə marağımı hiss edib dedi ki, sabah sübh tezdən Şıxova, Qobustana (və səhv etmirəmsə Səngəçala) ilan-əqrəb axtarışına gedəcək. Mənə təklif etdi ki, istəsən birlikdə gedərik.
Yadımdadır, o vaxt son kursda oxuyurdum. Dərd-sərim çox idi. İl başlayandan bəri bir çox yaxın adamlarımı, o cümlədən atamı itirmişdim. Bu yandan buraxılış və dövlət imtahanlarının yaxınlaşması... Digər tərəfdən, lap elə birgünlüyə də olsa belə, kitab-dəftərdən ayrılıb istirahət tməyə, canlı təbiətlə ünsiyyətdə olmağa ehtiyac duyurdum.
Nə isə... Oleq Pavloviçin təklifi ilə razılaşdım.
Sübh tezdən bizi gözləyən köhnə minik maşınına minib məşhur bioloqun dediyi istiqamətə yol aldıq. O, mənə ilan və əqrəbi necə tutmağın qaydasını izah etdi. Oleq müəllim təxminən iki metr uzunlugunda olan “taxta qayçı” ilə ilan tutmağın fəndini göstərsə də, bu mühüm və təhlükəli vəzifənin icrasını öz böynuna götürdü. Beləliklə, mən yalnız əqrəb tutmala kifayətlənməli oldum. Düzü, bir az sevindim də- axı ilan hara, əqrəb hara? İlan zalım balasının təkcə adı adamın zəhmini yarır.
Hə, sən demə, Bakı ilan-çayanların əhatəsində imiş. Şəhərin düz qulağının dibində - cənub zonasına gedərkən Şıxıv çimərliyinin sağ tərəfindəki boz təpəcik və dağlar, habelə Qobustan qayalarının və daşlarının altı “zəhər dəfinəsi” ilə dolu imiş.
Bəs əqrəbləri necə tutmaq lazımdır? Boz dağlardakı bomboz daşları qaldırıb diqqət yetirmək, torpaqdan zorla seçilən zəhərli əqrəbləri maqqaşla götürüb şüşı bankaya atmaq elə də çətin iş deyildi.
Oleq Pavloviç mənə dönə-dönə xəbərdarlıq elədi:
-Bax, birdən səhv edib əqrəbə əlini toxundurarsan ha... Bu, o deməkdir ki, artıq bu dünyada yoxsan. Düzdür, sağ qalmaq ehtimalı da var, amma bu, ölümdən betərdir, adam ömrü boyu ağrılardan əzab çəkir... – Sonra o, bic-bic gülümsəyib əlavə etdi: -Sən mənə baxma, dünyanın bütün əqrəb və ilanları məni tanıyır, özlərinə dost bilirlər.
Əqrəblər öz “zəhərdaşları” olan ilanlar kimi cəld hərəkətli deyillər. Onlar, adətən gecələr həşarat ovuna çıxır, gündüzlər, xüsusən isti havalarda, daşların altına girib ya tənbəl-tənbəl qurdalanır, ya da ki, “yatışırlar”. Alim “dostum” onu da dedi ki, əqrəblər vəhşi heyvanlar sinfinə daxil edilir. Niyə məhz “heyvan”? Sən demə, əqrəblər yumurta vasitəsi ilə artan ilanlardan fərqli olaraq, balalayırmışlar. Onlar həm də öz övladlarına təlim keçib yaşamağın sirrini öyrədirlərmiş...
Sözün qısası, mən professorun dediyi kimi hərəkət etməyə başladım. Tezliklə şüşə banka ayaqları və xortumları bir-birinə dolaşmış sarı-bozumtul zəhərli əqrəblərlə doldu.
Həmin “ov” günündə Daşkənddən gəlmiş qonaq bir neçə ilan tudtu. Axşam əldə etdiyimiz “qənimətləri” maşına “yükləyib” geri qayırdıq. Alim dostumuz çox məmnun idi... Mən onunla xudahafizləşib ayrıldım.
Yox, xatirələrim burada başa çatmır.
Saatlı rayonundakı iki illik müəllimlik fəaliyyətindən sonra, mən öz ərizəmlə əsgərliyə gedəsi oldum. Vladivostok şəhərinin yaxınlığında xidmət edirdim. Polkumuzun “qırmızı guşəsinə” Moskvada nəşr olunan qəzet və jurnallar gəlirdi. Bir dəfə “Pravda” qəzetində dərc edilmiş bir məqalənin başlığı diqqətimi çəkdi. Yazını oxumağa başladım. Sən demə, bu məqalə Oleq Pavloviçin “elmi fəaliyyətinə” həsr olunubmuş. Belə ki, tanınmış alim ilan və əqrəblərdən əldə etdiyi zəhəri qiymətli “xammal” kimi qara bazara çıxarır və baha qiymətə satırmış. Yazıdan belə bir nəticə hasil olunurdu ki, daşkəndli alim həqiqətən “ilanşünaslıq” üzrə böyük mütəxəssisdir, amma qızıldan qiymətli zəhəri “qara bazara” çıxartdığına görə məsuliyyətə cəlb edilib...
Sonralar bu məşhur “ilanşünas” alimdən bir xəbər-ətər çıxmadı... Arada yolum Daşkəndə düşür. Gərək “köhnə dostumla” maraqlanam.
p.s. Əqrəblər nə qədər təhlükəlidirsə, əqrəb bürcündə doğulan adamlar bir o qədər maraqlıdır (əlbəttə, qoroskoplara görə). Yeri gəlmişkən, mənim “Əqrəb bürcü” adlı pyesim bir neçə teatrda uğurla tamaşaya qoyulmuşdur. Əsərin qəhrəmanı- əqrəb bürcündən olan xanım həyat yollarında çaşıb “əyri yollara” düşsə də, daxilən öz mənlik və ləyaqət hissini qoruyub saxlamağa çalışır. (08.09.21)
Paralel.az