Qoşqar Məhərrəmov yazır...

Qoşqar Məhərrəmov yazır...
 

1 sentyabr 1994-cü ildə Şəki şəhəri, Nizami Gəncəvi adına 7 saylı orta məktəbdə birinci sinfə başladım. 

Uşaqlar ağlayırdı, mən isə heyrətlə onlara baxırdım ki, görəsən niyə ağlayırlar. Çünki məktəb mənim üçün yad bir yer deyildi. Anam texnikumda, xalalarım, dayım orta məktəbdə müəllim idilər. Məktəb mənim üçün doğma bir yer idi.

Hələ 4-5 yaşım olanda texnikuma gedər, anamın tələbələrinin önündə bildiyim şeirləri söyləyərdim. Ona görə məktəbə getməyə çox həvəsli idim. Düşünürdüm ki, orada yeni məlumatlar, şeirlər, mahnılar öyrənəcək və insanlara çatdıracam. Çünki normal insan eqosu bilirsiniz tərifi, müsbət rəyi sevir. Mən də uşaq halımla qarşıma kim çıxsa hər öyrəndiyimi öyrətməyə çalışırdım.

Sinif müəllimimiz Məriyət müəllim idi. Çox zəhmli olmaqla birgə qayğıkeş bir insan idi. 7 yaşım olanda artıq məhəbbət və vətən haqqında şeirlər əzbərləyir, yazır və oxuyurdum.

Əlifba bayramında Səməd Vurğunun Şair nə tez qocaldın sən şeirini Şəki İpək Kombinatının böyük zalında səsləndirmişdim.

Bir səfər anam məktəbə gələndə Məriyət müəllimdən məni soruşmuşdu. O isə mənə eşitdirəcək şəkildə "Bu uşağın səsi uzaqlardan gələcək" demişdi anama.

Məriyət müəllimin verdiyi ilhamla deyə bilərəm ki, elə indi də yeni məlumat öyrənmək və öyrətmək mənim üçün ən sevdiyim yeməyi ən ac halımda yemək kimi gəlir mənə.

Sağ olsunlar, nə ibtidai sinif müəllimim, nə də valideynlərim məni zərrə qədər ruhdan salmadılar, həmişə gözəl işlər görə biləcəyimə inandılar. Bu inamı doğrultmaq isə həyat missiyama çevrildi.

Övladlarımız bugün daha bəxtəvərdirlər. Onlara qismət olan müəllimlər də artıq qalib bir ölkənin vətəndaşlarıdırlar. İndi müəllimlərə qalır sadəcə zər qədrini bilən zərgərlər olmaq.

Bütün təhsil işçilərinə zərgər həssaslığı ilə işlərinə yanaşmağı diləyirəm.

Bilik günümüz mübarək olsun!

Paralel.az

0.021913051605225