Azərbaycan qəzetçiliyi- dünən, bu gün, sabah

Azərbaycan qəzetçiliyi- dünən, bu gün, sabah
 

Tənəzzüldən çıxmaq mümkündürmü?

 20 ildən çoxdur ki, Azərbaycan mediasında baş verənlər, ictimaiyyətin müzakirəsindən düşmür. Bu da heç kimə sirr deyil ki, müstəqilliyin ilk illərində Azərbaycan mediası çox böyük sürətlə inkişaf etməyə başladı. Prezident Heydər Əliyevin senzuranın ləğv edilməsi qərarından sonra isə bu tendensiya daha da gücləndi və müstəqil medianın inkişafında əsas amillərdən biri oldu.

 Mən Azərbaycan mediasının sovet dönəmindən danışmaq istəmirəm. Bununla belə, bəzi məsələləri qeyd etməmək mümkün deyil. Birincisi, o dövrdə heç də kim istədi mətbu orqanına sahib olub, fəaliyyət göstərə bilməzdi. Çünki media təkcə informasiya daşıyıcısı deyil, həm də dövlət siyasətinin aparıcı təbliğat və təşviqat vasitəsi idi. Mətbu sözünə dövlət əhəmiyyətli bir məsələ kimi baxılırdı. İkincisi, insanlar əsas informasiyanı mediadan alır və ona inanırdılar. Burada sovet insanlarının oxuculuq reytinqini də qeyd etməmək mümkün deyil. İnsanlar səhər tezdən qəzet almaq üçün köşklərin qarşısında növbə tuturdular. Üçüncüsü, qəzetlərdə dərc olunan məqalələr real faktlara əsaslanırdı və heç kim həmin faktlara şübhə ilə yanaşmağa cürət etməzdi. Çünki məlumatın düzgün olmadığı aşkarlansaydı, bu həm qəzet rəhbərliyinin, həm də jurnalistin karyerasının sonu demək olardı.  

Müstəqilliyimizin ilk illərində yeni müstəqil media strukturlarının yaranmasına start verildi. Həmin nəşirlər media aləminə yeni nəfəs, yeni ruh gətirdi və oxucu rəğbətini qazandı. Müstəqil mediamızın qaranquşlarından olan (mən ad çəkib kimlərisə incik salmaq istəmirəm) həmin nəşirlər az bir zamanda böyük oxucu kütləsi toplayaraq, tirajlarını 100-150, 200 minə çatdırmağı bacardılar. Bir müddət sonra meydana daha çox çeşiddə qəzetlər daxil oldu. Lakin bəzi obyekti və subyektiv səbəblərə görə, həmin qəzetlər cəmiyyət tərəfindən qəbul olunmadılar.

Azərbaycan mediası kiril əlifbasından imtina edib, latın əlifbasına keçən zaman, ən azından oxucularının 50 faizini itirdi. 2000-ci illər Azərbaycan mediasında tənəzzülün başlandığı illər oldu. Qəzetlərin sayı artsa da, informasiya yaymaq keyfiyyəti sürətlə aşağı düşməyə başladı. Media qurumları, ailə podratına çevrildi və öz funksiyalarını tamamilə dəyişmiş oldular. Mətbu sözü dəyərdən düşdü. Heç bir media anlayışı olmayan insanlar qəzet təsis edərək, ondan qisas, qərəz, qazanc və özünüreklam üçün istifadə etməyə başladılar. Nəticədə Qurunun oduna yaşlar da yandı. Qəzetlərin bir qrupu informasiya, maarifçilik, təbliğat və təşviqat kimi missiyalarını bir kənara qoyub, qisasçılıq, şantaj, təhqir, reketçilik kimi formalar üstünlük verməyə başladılar. Başqa bir qrup qəzetlər isə pul müqabilində təriflər yazmaqla, "tərif qəzetləri"nə çevrildilir. Bu vəziyyətdə qəzetlərin müstəqil mövqe nümayiş etdirmək imkanları çətinləşdi və oxucular mətbuata inamlarını itirdilər. Oxucu qəzetdə öz istədiyi informasiyanı tapa bilmədi və qəzetdən uzaqlaşdı.

Bir çox media mənsubları isə bunu maliyyə çatışmazlığı ilə izah etməyə çalışdılar. Əslində isə medianın normal fəaliyyəti üçün maliyyədən daha önəmli olan məsələlər var. Media kapitanları isə həmin nüansları tapa bilmədiklərindən çətin duruma düşdülər.

Qəzetlərin tirajının kəskin aşağı düşməsinin bir səbəbi də insanların internetə inteqrasiyası oldu. Qəzetlərin əsas oxucusu olan ziyalılar informasiya əldə etmək üçün, əsasən internetdən istifadə etməyə başladılar ki, bu da çap mediasına təsirsiz ötüşmədi.

Bu da heç kimə sirr deyil ki, indiki halda Azərbaycanda qəzetlərin normal fəaliyyəti üçün onların ən azından 30-50 min tirajla nəşr olunması və satılması lazımdır. Əks təqdirdə, heç bir media orqanı öz mövcudluğunu qoruya bilməz. Bunu başa düşən dövlət rəsmiləri

2009-cu ildə KİV-lərə dövlət dəstəyi məqsədiylə Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun (KİVDF) yaradılmasına qərər verdilər. Daha sonra yaradılan Mətbuat Şurası (MŞ) isə ictimai təşkilat olaraq KİV-lərin problemlərini araşdırmalı və bu problemlərin KİVDF ilə birgə aradan qaldırılması istiqamətində fəaliyyət göstərməli idi. Amma əksinə oldu. Bu iki qurum öz "fəaliyyəti" ilə Azərbaycan mediasını elə bir bataqlığa saldı ki, indi onu bu çamurdan çıxırmağa illər lazım gələcək.

Gəlin onu da açıq etiraf edək ki, dövlət dəstəyi ilə nəşr olunan qəzetlərin oxucu etimadı qazanması çox çətin məsələdir. Çünki dövlət vəsaiti hesabına nəşr olunan qəzetlər heç zaman ölkədə mövcud olan reallıqlırı olduğu kimi ictimailəşdirə bilməzlər. Bu mövcud dövlət siyasətinə qarşı çıxmaq kimi alınar. Çünki məmur diktaturası şəraitində medianın müstəqilliyinə heç kim imkan verməz.

Əslində, bütün media qurumları, müəyyən qanunlar çərçivəsində tam müstəqil olmalıdırlır.

Dövlət mediaya sadəcə olaraq, cəmiyyətin güzgüsü olmaq imkanını verməlidir. Əminəm ki, Azərbaycan mediası cəmiyyətin güzgüsü olduğu anda, həm də oxucu qazanacaq. Bu bir aksiomdur. Oxucusu olan mətbu orqanının isə nə satış, nə də reklam problemi olmur. Bunun üçün isə ilk növbədə məmurlərın mediaya təsiri imkanlarını məhdudlaşdırmaq lazımdır. Qəzetlər bizim, sizin koteqoriyalarına bölünməməlidir. Bütün bunlar olmadığı halda, mediaya dəstək adı altında yaradılan bütün qurumların sonu KİVDF kimi olacaq.

Son nəticə, əgər biz çap mediasını qorumaq və inkişaf etdirmək istəyiriksə, ona müstəqillik verməli, mediaya təzyiqlər aradan qaldırılmalı, media sözünə hörmət qoyulmalı, onun reklam bazarı fəaliyyət göstərməlidir.

P.S. Lenin «baba» deyib: səhər yeməyində oxunmayan qəzet artıq, "maklatura"dır. Mənim səhər tezdən qəzet almaq imkanım olmadığından Türkiyə kanallarında (bizimkilərin nə deyəcəklərini baxmadan da bilirəm) xəbərlərə baxıram və bu, artıq bir adətkarlığa çevrilib. Bunu ona görə xatırlatdım ki, mövzumuzla birbaşa bağlılığı var. Bir maraqlı məqamı qeyd edim, "qəzetlər ölür", "sosial media daha aktivdir" və s. fikrlrdə olanların diqqətinə:-Türkiyə tele kanallarının böyük əksəriyyəti xəbərlər proqramlarına əsasən ölkədə nəşr olunan qəzetlərin xülasəsi ilə başlayırlar və bu veriliş boyu davam edir. Bu o deməkdir ki, Türkiyədə qəzet sözünə həmişə sayğıyla yanaşırlar və Türk qəzetçiliyi heç də sosial mediadan geri qalmır.

İnanıram ki, ölkəmizdə də yetərincə bacarığı, qabiliyyəti olan jurnalistlər və media kapitanları (hərçənd onlar özlərini general adlandırır, qoy olsun, amma həqiqətdə general olsunlar, dildə deməyə nə var ki) var ki, Azərbaycan qəzetçiliyini lazımi səviyyəyə qaldıra bilərlər. Sadəcə, onlara meydan vermək lazımdır.

 P.S. Bir məsələni də xüsusi qeyd edim ki, Azərbaycanda istənilən qəzeti nəyinki Türkiyə, hətta Avropa standartlarına uyğun şəkildə nəşr etmək imkanları var. Buyurun, "Azərbaycan" nəşriyyatına təşrif buyurun və hər şeyi özünüz görün!   

 Yusif Seyid

0.046167850494385