Görus-Qafan yolunda baş verənlər İranın xətrinə dəyə bilər?
Əli Orucov: "İrandan Azərbaycan əraziləri ilə Qarabağa yüklərin daşınmasına qadağa qoyulmasının tərəfdarıyam"
Paralel.az-ın məlumatına əsasən artıq bir neçə gündür ki, Görus-Qafan yolunda Azərbayycan polisi, sərhədçiləri və gömrükçüləri nəzarət rejimini ciddiləşdirib. Qeyri-rəsmi məlumatlara görə, İrandan Ermənistana və Qarabağa gedən yük maşınlarının yükü yoxlanılır. Rəsmi məlumatlara görə isə 12 sentiyabrdan etibarən İrandan tranzit yolla Ermnistana və əksinə yük daşıyan maşınlardan Azərbaycan qonunvericiliyinə uyğun olaraq gömrük rüsumu alınır. Bununla bağlı sorğumuza əsasən Dövlət Gömrük Komitəsinin cavabında deyilir: "Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir. Bu məcəlləyə əsasən avtonəqliyyat vasitələri yol vergisinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir.
Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur".
Yəni bütün addımlar Azərbaycan qonunvericiliyinə uyğun olaraq atılır. Amma məsələnin digər tərəfi İran-Azərbaycan münasibətlərinə toxunur. Yeri gəlmişkən, dünən İranın ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri Seyid Abbas Musavi Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. Rəsmi açıqlama olmasa da, çox güman ki, bu görüş zamanı qeyd edilən məsələ müzakirə mövzularından biri olub.
Azərbaycanın bu addımının İran-Azərbaycan münasibətlərinə necə təsir edəcəyi barədə sualı politoloq Əli Orucova ünvanladıq. Politoloq bildirdi ki, İran-Azərbapycan münasibətləri heç vaxt dostluq və qonşuluq prinsiplərinə söykənməyib: "Üzdə bizə qardaş deyiblər, amma fəaliyyətlər tamamilə bunun əksinə olub. Hələ işğal dönəmində İran Ermənistanla sıx münasibətlər qurub, İran qondarma "DQR"in nəfəslik rolunu oynayıb. İndinin özündə də Azərbaycanın suverenliyinə məhəl qoymadan ərazimiz vasitəsi ilə Qarabağa yükdaşımalar həyata keçirirlər. Azərbaycan itərəfi hələ də bilmir ki, o yüklər nədən birarətdir. Biz əslində ərazimizdən keçən bütün yüklərin nədən ibarət olduğunu bilməliyik. Gömrük rüskmkna gəldikdə, bunu o qədər də önəmli məsələ saymıram. Mən ümumiyyətlə, İrandan Azərbaycan əraziləri ilə Qarabağa yüklərin daşınmasına qadağa qoyulmasının tərəfdarıyam. Çünki biz bilmirik İran Qarabağa nə daşıyır. İran nə üçün Rusiyanın nəzarətində olan Azərbaycan ərazisinə bizim razılığımızı almadan yük daşımalıdır? Bəzən bunu belə izah edirlər ki, İran Rusiya sülhməramlılarına yanacaq daşıyır. Yanacağı biz özümüz də verə bilərik sülhməramlılıra, bizim ərazimizdə oturub nə üçün İrandan yanacaq alırlar? Biz də neft ölkəsiyik. Biz öz suveren hüquqlarımıza hörmət əlaməti olaraq İranın Qarabağ yük daşımasını qadağan eləməliyik. Bunun İran-Azərbaycan münasibətlərinə təsiri o qədər də əhəmiyyətli deyil. Çünki söhbət ərazi bütövlüyündən gedir, dövlətin suverenliyi pozulur. Azərbaycan hökuməti bu məsələdə qətiyyətini ortaya qoymalıdır".
Akif Nəsirli