“COVİD”lə BAĞLI YAŞADIQLARIM: ÇIXARILAN DƏRSLƏR
Məmməd Talıblı yazır: "Hər şeyin yaxşı qurtarması ilə bağlı 3-5 cümləlik minnətdarlıq qeydləri yazıb üstündən keçmək olardı. Amma düşündüm ki, bunun sizlər üçün, “covid”ə yoluxmayanlar üçün heç faydası olmaz. Ona görə, bəzən detallı, bəzən üstündən keçirilərək bəzi qeydlərimi Sizlərlə paylaşmaq qərarına gəldim.
***
İlk vaxtlar nəyin baş verdiyini nə hiss edə, nə də dərk edə bilirsən. Amma hiss edirsən ki, əvvəlki ovqatın və sistemli davranışın artıq səndə yoxdur. Yuxuların ərşə çəkilir. Səhərəcən bir neçə dəfə qan-tər içində yuxudan oyanırsan. Sanki bir neçə saat sonra başına nələrin gələcəyin proqnozlaşdıra bilmirsən. İçində bir hiss sənə deyir ki, daha əvvəlki həyat olmayacaq, özünü ona hazırla! Bu hisslərin pıçıltısından sonra mən ailəmi özümdən təcrid etdim. Həyat yoldaşımı və övladlarımı qaynatamgilə yola saldım. Öz valideynlərimlə eyni həyətdə yaşadığımdan onları da yaxına buraxmadım. Uzaqdan yeməyimi-içməyimi götürüb tam təcrid halında 1 həftə yaşadım.
***
Ən ağır günlərim bu günlərdə oldu. “TƏBİB”ə, polikninkilara və təcili tibbi yardıma zəng edib, məndən test götürmələri üçün müraciət etdim. Bu gün müraciət etdiyim ünvana yenidən xatırlatdım, dedilər ki, müraciətlər çoxdur, çatdırmaq olmur.
Həyat yoldaşım vəziyyətin nə yerdə olduğunu hiss edib, uzun təkiddən sonra evə qayıtdı. Onunla birgə özəl klinikaya (“Panacea”) ümumi analiz üçün müraciət (121 manat) etdim. Analizlər nəticəsi gələndən sonra dostlarım ev həkimlərin bizə göndərdilər. Standart analiz yazıldı və bütün dərman preparatları alındı. Bütün bu dərmanlar isə 700 manatdan artıq tutmuşdu. İki günlük sistem qoşulmasından gecə saatların ürəkdə aritmik pozğuntu yarandı. Halbuki, ürək döyüntülərində riski olan pasiyentə belə ağır dərmanlar yazmaq olmazmış. Həkim dostlarımdan biir bunu mənə yazaraq “cinayət” adlandırmışdı. Həyacanlı səslə yazdığı mesaj məni riqqətə gətirdi.
***
Ağır sistemlərdən sonra ürəyimdə yaranmış ritmik pozğuntunun bərpa olunması üçün Binəqədi təcili tibbi yardımına zəng etdim. Telefon cavabları şablon oldu: bütün təcili tibbi yardım avtomobilləri çağrışdadırlar. (Binəqəd-Biləcəri-Novxanı üzrə cəmi 4 ambulans fəaliyyət göstərir. Bu da başqa faciədir.) Həmin vəziyyətdə evdə ehtiyat olaraq saxladığım dərmanı götürüb, tibb bacısı olan qohumumuzgilə getdim. Həmin iynənin hətta 2-i vurandan sonra ürək döyüntüm düşmədi. Normalda 1 dəqiqədə olan 60-90 dəfə olan döyüntü sayı 200-ə yaxınlaşdı. Avtomobil idarəetməmin çətin vəziyyətdə olmasına baxmayaraq öz avtomobilimlə təcili tibbi yardım stansiyasına getdim. Ürək döyüntülərim artır, irəli də isə uzun bir tıxac bu işi daha da kritikləşdirir. Binəqədi təcilli tibbi yardım mərkəzinə çatanda bir növbətçi həkim tapa bilmədim ki, öz pulumla aldığım həmin iynəni yenidən mənə vursun. Oradakı soyuq münasibətdən sonra layiq olduqları sözlərimi deyib, başımın başqa formada çarəsin qılmağa başladım.
Heç bir dostumu, qohumumu yaxına buraxmıram ki, onları da yoluxdurmayım. Onlar isə fasiləsiz olaraq çox narahat olduqlarını bildirirlər. Nəhayət qaynım təcili olaraq bizi Diaqnostika Mərkəzinə çatdırdı. Çox dəyərli həkim, sayğılı insan Akif Mir Seyid məsləhəti və birbaşa nəzarəti ilə gecə saat 11-dən başlayaraq səhər 2-ə qədər ağır müdaxilələr etdilər. Əgər onda da nəticə olmasaydı, məni palataya yerləşdirib, həm aritmik pozğuntunu bərpa etməli idilər, həm də “covid”lə mübarizəni orada davam etdirməli idilər. Bunun isə nə demək olduğunu mən bilirdim.
Nəhayət ki, həkimlərin müdaxiləsindən sonra damarlarımda salamat yer qalmadı. Bu tibb bacısının zəif bacarığı sayəsində oldu. Hətta 4-5 gün sonra belə həmin ağrıların yerləri qaldı. Nəhayət orada çox mehriban kollektivin peşəkar və səmimi münasibətin gördüm. Nəhayət 100 manatdan da artıq rəsmi ödənişdən sonra normal vəziyyətlə evə qayıtdıq. Bu mənim həyatımı xilas edən saatlar oldu.
***
Səhərisi anamın və atamın vəziyyətlərinin də pisləşdiyini hiss etdik. Anamın 70, atamın isə 80 yaşları var. Atam gumrah və heç bir xəstəlik daşıyıcısı deyil. Anam isə həm şəkərli diabet, həm də yüksək təzyiqdən əziyyət çəkir. Bu baxımdan anam daha çox risk qrupu hesab olunurdu. Ondan test götürmək üçün Binəqədi qəsəbəsi, 6 saylı Məlikov adına polikninkaya apardıq. İnsan selinin bu qədər xəstəxanalara axışdığını heç təsəvvür etmirdim. Onda hiss etdim ki, real xəstə sayları elan olunan xəstələrin sayından bir neçə də çoxdur. Buna tam əmin oldum. Bu sürətli artış Səhiyyə Nazirliyini ayağa qaldırmalıdır.
Nəhayət həmin polikninkada heç bir ödəniş tələb edilmədən analiz cavabları aldıq. Nəhayat eyni zamanda (həyat yoldaşım istisna olmaqla) 3 nəfər 1 həftə davamlı sistemlər qəbul etdik. Təxminən 2 həftəlik test, analizlər və dərman preparatları üçün 1000 manatdan artıq xərclər bilirəm ki, orta statistik azərbaycanlının büdcəsinə uyğun deyil. Səhiyyə Nazirliyi gərək bu haqda dərindən düşünsün.
ÇIXARDIĞIM DƏRSLƏR:
* Bərbad, çökmüş və ictimai məsuliyyət hissin itirmiş səhiyyə sistemimiz var. Ağırlaşacaq xəstə sayını nəinki keyfiyyətlə, onları qarşılayacaq səviyyədə heç bir şeyə etibar etmək olmaz.
* Ölkəmizdə “covid”ə gündəlik yoluxanların sayı elan olunan saydan dəfələrlə çoxdur. Buna görə “TƏBİB” və digər səhiyyə orqanları bunun dürüstləşmiş statistika bazasın yaratmalıdırlar.
* Bu təkcə pozulmuş bio-fizioloji proses deyil, bəlkə də daha çox mənəvi baxımdan psixoloji-iradə gücü tələb edir. Bunu heç zaman özünüzdən uzaq tutmayın.
XÜSUSİ QEYD:
Əzizlərim, özünüzü və yaxınlarınızı qoruyun! Gəncliyində eşq xəstəliyinə tutulmayan bilməz o nədir, bu xəstəliyə də tutulmayanlar da onu “dərisində” heç cürə hiss edə bilməz. Ona görə azca şübhə yarada bilən haralarsa, varsa oradan uzaq durun. Mütləq mənada sosial təcrid olunmağa çalışın!"
Paralel.az