TƏHSİL MÜƏSSİSƏLƏRİ AÇILSINMI?
Məmməd Talıblı
Mən təhsil ictimaiyyətini müzakirəyə dəvət edirəm. Bu yalnız direktiv göstərişlə və ya imperativlərlə müəyyən olunan proses deyil. Bu haqda ağlabatan senariləri dəyərləndirmək lazımdır. Düşünmək, dəyərləndirmək və proqnozlaşdırmaq bir qurumun işi ola bilməz. Bu prosesə hər kəs tövhəsini verməyə çalışmalıdır.
Koronovirusun təhsilə vurduğu zərbələr az olmadı. Bizim iradəmizdən asılı olmayan tərəfləri də oldu. Çünki bu ümumbəşəri problemdir. Qlobal pandemiya bir ovucda eyni xəstəliyə yoluxmanın əhatəliliyini göstərir. O artıq başqa mövzunun söhbətidir ki, biz bundan daha keyfiyyətli təhsil prosesin apara bilərdik, ya yox?
Hazırda hamını düşündürən sual budur: təhsil müəssisələri açılsınmı, yoxsa yox?
• Təhsil ictimaiyyətinin narahatlığın başa düşürəm: Bu nə vaxta qədər davam edəcək? Bu yolla təhsil keyfiyyəti aşağı düşmürmü? Qeyri-müəyyənlikdən qurtarmaq üçün müəyyən dərəcədə risk etmək lazım deyilmi? və s. Əslində haqlı suallardır. Amma gəlin real şərtlər daxilində bu narahatlıqlar ətrafında düşünməyə çalışaq.
• “Nəyin naminə olursa, olsun məktəblər açılmalıdır” prinsipi sağlam məntiqə cavab vermir. Səhiyyə sistemimizin yüklənəcək xəstə sayına adekvat reaksiyasını proqnozlaşdırmadan bu addımı atmaq çox risklidir. “Gələcəyi gəlmiş bil” prinspini nəzərə alanda insiutiv hiss edirsən ki, yaxın gələcək çox kövrəkdir. Bizim belə bir səhiyyə sistemimiz belə kövrək şərtlərə dözə bilməz. Bunu qəbul etmək lazımdır.
• Real statistikalar aydın sürətdə göstərir ki, gündəlik “covid”ə yoluxanların sayı sürətlə artır. Ötən ilin tədris ili əvvəli gündəlik 200-300 nəfərlik yoluxma sayı hazırda 3000-4000 nəfərlə (müqayisədə 10 dəfədən çox) əvəzlənib. Hiss olunur ki, xəstəliyin coğrafiyası və əhatə dairəsi xeyli genişlənib. Buna görə təhsil sektorunu riskli zonaya daxil etməyi doğru görmürəm. Biz riski şüurla etməliyik.
• Bu həm də yoxsulluğu stimullaşdıran addım ola bilər. Təhsil müəssisələrində aztəminatlı ailələr azlıq təşkil etmədiyindən onların sosial inteqrasiya zamanı virusa yoluxmaları həm də həmin ailələrin səhiyyə xərclərinin artmasına və nəticədə onların daha yoxsullaşmasına yol aça bilər. Asosial situasiya xəstəliyin artma dinamikasını aşağı salır. İnsanların sosial inteqrasiyası (söhbət 2 milyondan çox əhali qrupundan gedir) bu prosesin nəzarətdən çıxmasına təkan verə bilər. Bu baxımdan indiki şərtlər daxilində sosial təcrid bəlkə də ən müdrik qərardır.
• Əgər biz təhsil müəssisələrin açıb, xəstə sayının artmasına səbəb olub, yenidən qapanmaya getsək, bu “bir addım irəli, iki addım geri” təəsuratı yaradacaq. Səhiyyə orqanları təhsil sisteminin əhatə dairəsində olanların vaksin olunmaları üçün məktəblərin açılmasına bir vasitə kimi baxırsa, bu ikiqat təhlükəli yoldur. Vaksinasiya prosesinin çoxistiqamətli yolları var: daha təminatlı vaksinlərin (kütləvi olaraq “Fayzer”) tətbiq olunması, vaksin olunmanın əlçatanlığına daha rahat şərait yaratmaq, vaksinləşmə ilə bağlı daha keyfiyyətli maarifləndirmə işlərin təşkil etmək və s. Amma vaksinləşmə naminə təhsil müəssisələrini açıb, sonradan qapanmaya getmək uzaqgörən yol deyil.
• Virtual tədrisin daha keyfiyyətli formasını tapmaq daha rasional yoldur. Bu istiqamətə daha çox fokuslanmalıyıq. Virtual tədrisin keyfiyyətini ölçmək üçün indikatorlar sistemi hazırlamaq olar. Tədrisin keyfiyyəti üzərində nəzarəti sərtləşdirmək mümkündür. Bu indiki şərtlər altında bəlkə də az riskli, daha çox məsuliyyətli qərardır.
• Bizə elə gəlməsin ki, təhsil yalnız inzibati binalardan və müəllimlərdən ibarət olan sistemdir. Öyrənilə bilən və əldə edilən bilginin əldə olunduğu hər yer məktəbdir. Biz məktəb binalarının içinə daxil olduqca təhsilə də bir o qədər yaxın və onun içində olduğumuzu düşünməli deyilik. Məscidə yaxın yerdə yaşayanlar heç də inanclı olmadığı kimi, məktəbə gedib-gəlmədə təhsil keyfiyyəti ilə birbaşa əlaqəsi yoxdur.
• Biz bu zaman orta ümumtəhsil müəssisələri ilə ali təhsil müəssisələrinə münasibətimiz eyni olmalı deyil. Orta məktəblərdə limitlərlə (siniflər üzrə, aylar üzrə) açılması mümkün ola bilər. Çünki yaşı 18-ə qədər olan yeniyetmələr əsasən virusun daşıyıcıları olurlar, amma ağır patalogiya yaşamırlar. Amma natamam ali təhsil və ali təhsil müəssisələrinin açılması xeyli risklidir. Həmin yaşlarda olan tələbələrin və müəllimlərin virusa yoluxmaq və ətrafı yoluxdurmaq şansları çoxdur. Burada riskli yaş qrupu hesab olunan ali təhsil işçilərindən (professor-müəllim heyəti) yaşı 65-dən yuxarı müəllimlərin immun sistemləri dayanıqlı olmur. Bu sahədə ölüm və ağırlaşdırıcı hallar da istisna olunmur. Ona görə ali təhsil müəssisələrinin açılması ilə bağlı qərarda daha məsuliyyətli olmalıyıq.
• Dünyada indi ən geniş yayılmış təhsil metodlarından biri Fərdi Təhsil hesab olunur. Bəlkə də indiki real şərtlər bizim fərdi təhsilə keçidin eksperimentasiyasını müəyyənləşdirmək üçün ən əlverişli zaman kəsiyidir. Josh Kaufmanın “Fərdi MBA: Biznes dərsləri” kitabında bu haqda xeyli detallı məlumatlar var. Bu gün dünyada iş dünyasının avtoritetlərinin stolüstü kitabı olan həmin kitabda fərdi təhsilin sirləri haqqında ilginc araşdırmalar var. Azərbaycanlı intelektual Ayzek Azimov yazırdı ki, əsl təhsil elə şəxsi təhsildir. Biz də fərdi və virtual təhsilin əhatəliliyini genişləndirməliyik. Həm fərdi, həm də virtual təhsillə bağlı səylərimizi artırmaqla bu mərhələdən bəlkə də daha böyük qazancla çıxmaq olar. Çünki, böhranlar hər zaman və hamı üçün itki olmur, həm də gələcək inkişaf üçün fürsət olur.
Paralel.az