Oktyabrda həlledici proseslər gözlənilir

Oktyabrda həlledici proseslər gözlənilir
 

 

Ermənistan geopolitik reallıqlar ilə üz-üzə qalıb. Rəsmi İrəvan bu reallıqlardan qətiyyən məmnun deyil. Və bu reallıqların diqtə etdiyi şərtlərin təsirlərindən mümkün qədər yayınmağa çalışır.
Ancaq bu, o qədər də asan məsələ deyil. Çünki, geopolitik reallıqların doğurduğu şərtləri diqtə etmək hüququ Ermənistan siyasi iradəsindən kənardır. Bu hüquqlar hazırda əsasən rəsmi Bakı və Azərbaycanın müttəfiqlərinin əlində cəmləşib.
Rəsmi İrəvanın isə bu situasiyaya müqavimət göstərmək və ya onu dəyişmək imkanları yoxdur. Əksinə, Ermənistan hazırda geopolitik şərtlərin diqtə olunduğu ölkə durumuna düşüb. İndi rəsmi İrəvanın yeganə çıxış yolu qalıb. Və Ermənistana diqtə olunan şərtlərlə hesablaşmaq məcburiyyətindədir.

Ona görə də, hazırda Ermənistanın regional siyasi kursunun tədricən dəyişməyə başladığı müşahidə olunur. Rəsmi İrəvan hərbi-siyasi avantüraların ümidverici nəticələr verməyəcəyinə əmin olmağa başlayıb. Əksinə, törədilən hərbi-siyasi təxribatların Ermənistanın təhlükəsizlik maraqlarını, hətta mövcudluğunu riskə atdığını dəqiqləşdirub.
Bu səbəbdən də, hazırda Paşinyan hakimiyyəti nisbətən fərqli geopolitik manevrlər etməyə üstünlük verir. Bir tərəfdən, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması cəhdlərini sınaqdan çıxarır. Digər tərəfdən isə Rusiyanın arxasından dolanıb, ABŞ və Qərbin himayəsinə nail olmağa can atır.
Onu da qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan bu iki istiqamət üzrə hədəflərə irəliləyişin paralel şəkildə davam etməsində maraqlıdır. Yəni, hər iki istiqamət üzrə fəaliyyət məhz eyni nəticəyə indeksləşib.
Məsələ ondadır ki, erməni baş nazir Ermənistana çıxışının birmənalı şəkildə, Azərbaycan və Türkiyə üzərindən mümkün ola biləcəyinə əmindir. Ancaq bu iki önəmli və Ermənistan ilə müqayisə edilməyəcək qədər qədər güclü dövlətlə rəsmi İrəvanın ciddi problemləri mövcuddur. Bu səbəbdən də erməni baş nazir Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması cəhdlərini məhz vasitəçilər üzərindən reallaşdırmağa çalışır.
Təbii ki, Ermənistan baş nazirinin Gürcüstana son səfəri iki qonşu ölkə arasında əməkdaşlığın gücləndirilməsi kimi məsələləri hədəfləmişdi. Ancaq erməni baş nazirin səfər çərçivəsində verdiyi açıqlamalardan da məlum oldu ki, Nikol Paşinyanın "kölgə hədəfi" də var.
Çünki o, Tiflisə səfər etməzdən əvvəl Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu vurğulamışdı. Tiflisdə Gürcüstan rəsmiləri ilə görüşlərdə də eyni fikirləri təkrarladı və açıqlamalarına regional nəqliyyat-kommunikasiya xətlərinin önəmini də əlavə etdi.
Ona görə də, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması prosesində erməni baş nazirin Gürcüstanın vasitəçilik missiyasına ehtiyacı olduğunu düşünmək üçün əsaslar olmamış deyil. Üstəlik, rəsmi Tiflisin vasitəçiliyi artıq bir dəfə uğurla sınaqdan çıxarılıb. Və erməni diversantlar ilə mina xəritələrinin dəyişdirilməsi baş tutub.
Erməni baş nazirin bu məsələdə Gürcüstan üzərindən hərəkət etməyə çalışması da səbəbsiz deyil. Birincisi, Gürcüstan Azərbaycan və Türkiyə ilə çox yaxın münasibətləri olan ölkədir. Və həm Bakıda, həm də Ankarada rəsmi Tiflisə etimad göstərilir.
Digər tərəfdən, Gürcüstan Rusiya ilə olduqca ciddi problemləri olan ölkədir. Gürcüstanın təhlükəsizlik maraqları hazırda ABŞ və Qərbin himayəsi altındadır. Və rəsmi Tiflis bütün davranışlarını öz himayədarları ilə razılaşdırır.
Bu baxımdan, erməni baş nazirin Gürcüstanın vasitəçiliyinə üstünlük verməsi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə həm də ABŞ və Qərbin cəlb edilməsi cəhdi hesab oluna bilər. Yəni, Paşinyan hakimiyyəti Kremlin açıq şəkildə vasitəçilik təklifi etməsinə baxmayaraq, Rusiyanın nəzarəti altında Azərbaycan və Türkiyə ilə danışıqlar aparmaq istəmir. Çünki, erməni baş nazirin əsas hədəfi Rusiyanın təsir dairəsindən mümkün qədər uzaqlaşmaq, Azərbaycan və Türkiyə üzərindən Qərbə "pəncərə" qazanmaqdır.
Onu da nəzərə almaq lazımdır ki, erməni baş nazirin bütün bunların mümkün qədər sürətlə reallaşdırılmasında maraqlı olduğu da qətiyyən diqqətdən yayınmır. Çünki, Azərbaycan və Türkiyə ilə anlaşma sayəsində Ermənistanın blokadadan çıxarılması rəsmi İrəvanın əsas hədəfidir.
Ermənistan iqtisadiyyatının çöküş dövrünü yaşadığı indiki mərhələdə bu yeganə çıxış yolu satılır. Hər halda, rəsmi İrəvan iqtisadiyyatın iflas vəziyyətində olduğu bir mərhələdə vergilərin artırılması ilə Ermənistanın uzun müddət ayaqda qala bilməyəcəyini anlayır.
Ona görə də, Azərbaycan və Türkiyə ilə anlaşmaya əngəl törədə biləcək addımlardan mümkün qədər yayınmağa çalışır. Hətta özünün son qərarları ilə həm Bakıya, həm də Ankaraya müsbət mesajlar verməyə çalışır. Və bu istiqamətdə olduqca məqsədyönlü addımlar atır.
Məsələ ondadır ki, erməni baş nazirin Ermənistan parlamentindəki tərəfdarları Dağlıq Qarabağ ilə bağlı komissiyanın yaradılması cəhdlərinin qarşısını alıblar. Eyni zamanda, parlamentinin son iclasında Nikol Paşinyan və onun partiyasının üzvləri parlament komissiyalarının adlarında "artsax" sözünün işlənməsinin də əleyhinə səs veriblər.
Belə ki, parlamentin dövlət-hüquq məsələləri üzrə daimi komissiyasının iclasında müxalifət partiyalarının üzvləri xarici münasibətlər üzrə komissiyanın adına "artsax" frazasının əlavə olunmasını təklif ediblər. Səsvermə nəticəsində hakim partiya tərəfindən bu təklif rədd edilib.
Belə anlaşılır ki, erməni baş nazir Azərbaycan və Türkiyəni qıcıqlandıra biləcək məsələlərdən israrla yayınmağa çalışır. Yəni indi rəsmi İrəvan üçün Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin taleyi əsas problem sayılmır. Hazırda rəsmi İrəvan Ermənistanı xilas etməyin yollarını axtarmaqdadır.
Maraqlıdır ki, erməni baş nazir üçün Ermənistanın xilas olunma prosesində Azərbaycan ilə ən qısa zaman ərzində yekun sülh sazişinin imzalanmasının ilk addım olduğu bildirilir. Ermənistan cəmiyyətində yayılmış iddialara görə, bu məsələ bu ilin sonuna qədər həll edilə bilər. Hətta yekun sülh sazişinin imzalanma prosesinin başladılacağı vaxt barədə konkret tarix tələffüz edənlər də olmamış deyil.
Məsələ ondadır ki, Ermənistanda xüsusi hörmətə malik ictimai-siyasi xadim Karin Tonoyan oktyabrın 1-də çox ciddi proseslərin başlayacağını iddia edib: “Qorxuram ki, oktyabrın 1-də ölkədə ictimaiyyətin gec öyrənəcəyi çox ciddi proseslər baş versin”.
Karin Tonoyanın sözlərinə görə, artıq yekun sülh müqaviləsinin imzalanacağı barədə danışmaq tamamilə mümkündür: “Bu məsələ ilə bağlı baş nazirdən açıqlama tələb etdik. Lakin heç bir cavab ala bilmədik. Sülh müqaviləsinin imzalanması Qarabağın Azərbaycanın tərkib hissəsi olaraq tanınması ilə nəticələnəcək”.
Erməni ictimai-siyasi xadim vurğulayıb ki, Paşinyan hakimiyyəti “soyqırım”ı tanımaqdan və Türkiyəyə qarşı tələblərdən imtina etmək bahasına da olsa, bu sənədi imzalamağa hazırdır: “Mən bundan çox qorxuram”.
K.Tonoyanın fikrincə, bütün bunlar proseslərin hansı istiqamətdə cərəyan etdiyini göstərir: "Erməni xalqı başa düşməlidir ki, onlara təcavüz edilir və bu işdə bir nəfər dirijor rolunu oynayır. Həlak olan əsgərlərin cəsədləri hələ də soyuducularda saxlanılır və gizlədilir. İnsanların duyğuları ilə oynamağa - ərazilərin, kəndlərin təslim edilməsinə və sülh razılaşması imzalamaq istiqamətində hazırlıqlara davam edirlər”.
Erməni ictimai-siyasi xadim əmindir ki, Ermənistan əgər əvvəllər müəyyən dərəcədə müstəqil idisə, indi bundan əsəs-əlamət qalmayıb. Və baş nazir N.Paşinyan bütün bunları qəsdən edir.
Göründüyü kimi, Ermənistan cəmiyyətində yekun sülh sazişinin imzalanacağı ilə bağlı ciddi narahatlıq yaranmağa başlayıb. Bu sazişin əleyhdarları Ermənistanın imzalanacaq sənəd ucbatından öz ənənəvi hədəflərindən qopa biləcəyini düşünürlər. Və mümkün qədər müqavimət göstərməyə çalışırlar.
Paşinyan hakimiyyətinin narahatlığı isə məhz sülh sazişinin imzalanmasına hazırlıq prosesinə ölkədaxili müqavimətin gözlənildiyindən daha güclü ola biləcəyindən qaynaqlanır. Halbuki bu addımın atılmayacağı təqdirdə, Ermənistanda baş verə biləcək sosial-iqtisadi problemlərdən qaynaqlanan kütləvi iğtişaşların da uzaqda olmadığını anlayır. Ona görə də, yeganə optimal çıxış yolu olan Azərbaycan və Türkiyə ilə anlaşmaya doğru addımlar atmaqda davam edir.
Paralel.az
Siyasi ekspert, Elçin Xalidbəyli

0.020659923553467