RUSİYA KOMANDİRİNİ NİYƏ DƏYİŞDİ?

RUSİYA KOMANDİRİNİ NİYƏ DƏYİŞDİ?
 
Zalım Rusiya Qarabağdakı işğalçı ordusunun komandirini dəyişdirdi. Bu, sıradan bir dəyişiklik deyil. Məsələni doğru anlamaq üçün iki suala cavab vermək zəruridir: a) Rusiya niyə məhz indi komandirini dəyişdi?; b) Rusiya niyə məhz  Kosobokovu komandir təyin etdi? Bu iki sual bir-birinə sıx bağlıdır, Rusiyanın Qarabağla bağlı ciddi planlarından xəbər verir.
Birinci sualı cavablandırmağa çalışaq: Qarabağ problemi həll olunmayıb, YENİ MƏRHƏLƏYƏ daxil olub. Bu yeni dönəmin ən önəmli özəllikləri bunlardır: 
- Qarabağı zalımdan və zülmdən azad etmə hərəkatının savaş dönəmi bitəndən sonra Azərbaycanın düşməni kimi Rusiya önə çıxıb, Azərbaycan bu məsələdə indiki mərhələdə Ermənistandan daha çox Rusiya ilə üz-üzədir. Ermənistan da Qarabağın Rusiya üçün önəmini bilir, nəzərdə tutduğu planı - statusu Rusiyanın əli ilə həll etməyə çalışır, üstəlik, ATƏT-in Minsk qrupunu da bu işə qoşmağa cəhd göstərir;
- Qarabağ problemi Azərbaycan hakimiyyətinin yol verdiyi ciddi səhvlər nəticəsində Rusiyanın monopoliyasına keçmişdir;
- Azərbaycan Qarabağın statusu məsələsində təklənmişdir;
- Rusiya planının birinci mərhələsində işğalçı ordusunu Qarabağa yerləşdirdi, Qarabağı dövlətləşdirmək üçün ciddi addımlar atdı, yeni, ikinci mərhələdə Qarabağın dövlətçiliyini Azərbaycana qəbul elətdirmək mərhələsinə keçdi;
- Rusiya istəyir ki, Qarabağ Rusiyanın hərbi, siyasi himayəsində olan statusa qovuşsun, Rusiyanın idarəçiliyində olan bir bölgəyə çevrilsin, bu bölgə ona  Azərbaycanı və Ermənistanı idarə etmək imkanı qazandırsın;
- Nəticədə, Azərbaycan da, Ermənistan da Rusiyanın quberniyası olsun, Rusiya Qarabağa verilməsini nəzərdə tutduğu statusla Azərbaycanı, Azərbaycan vasitəsilə Güney Qafqazı, Güney Qafqaz vasitəsilə Orta Şərqi idarə etsin;
- Rusiya bu məqsədini gerçəkləşdirmək üçün yeni mərhələdə iki imkan qazanmağa çalışır: a) Qarabağdakı işğalçı rus ordusuna hərbi baza statusu verilsin, nəticədə, bölgədəki rus ordusu burada daimi qalsın; b) Qarabağın statusunu Azərbaycana qəbul etdirsin; 
Rusiya bu hədəflərini gerçəkləşdirmək üçün vasitələr seçir. Siyasətinin əsası şiddət, zorakılıq olan Rusiyanın seçdiyi üsul da qorxutmaqdır. O, bu məsələdə Azərbaycanı hansı vasitələrlə qorxudur? 
- Prezident İlham Əliyevə hakimiyyətdən gedərsən mesajı verir;
- Ermənistanla yeni hərbi müqavilə bağlayır; 
- Ermənistanı silahlandırır;
- Ermənistan vasitəsilə Azərbaycanı hədələyir;
- Ermənistanın müdafiə nazirinə xəncər bağışlayır;
- Müdafiə Nazirliyinin saytına Dağlıq Qarabağın silahlı qüvvələri var cümləsini yerləşdirir;
- tez-tez atəşkəsi pozur;
- Şuşanı atəşə tutur; 
- qondarma qurumun 30 illiyini qeyd edir;
- Kremlə bağlı şəxslər vasitəsilə Azərbaycanı hədələyir;
- qatil Sarkisyanın Qarabağa səfərini təşkil edir;
- İranla iş birliyi qurur;
- imzalanmış bəyanatı yerinə yetirmir;
- işğalçı rus ordusu Qarabağda davamlı qalacaq deyir;
İkinci sualı cavablandıraq: Rusiya bu yeni mərhələdə niyə məhz Kosobokovu Qarabağda işğalçı rus ordusunun komandiri təyin etdi? 
- bu seçim də Rusiyanın Azərbaycanı qorxutmaq, rus ordusuna hərbi baza statusu vermək, Qarabağın statusunu Azərbaycana qəbul etdirmək, Azərbaycanı Rusiyanın quberniyasına çevirmək siyasətinin ayrılmaz tərkib hissəsidir;
- bu təyinat Azərbaycanla razılaşdırılmayıb;
- komandir təyinatından Azərbaycan hakimiyyəti mətbuatdan xəbər tutub;
- komandir Ermənistana gedib, Ermənistan hakimiyyətinin təmsilçiləri ilə görüşüb;
- bu görüşdə Rusiyanın Ermənistandakı hərbi bazasının nümayəndələri də iştirak edib;
- yeni komandir Osetiyada, Abxaziyada, Krımda Rusiyanın işğalçılıq planlarını gerçəkləşdirmiş hərbi rəhbərliyin içində olub;
- qorxu vermək üçün əsgərdən daha çox terrorçuya bənzəyən birini seçiblər;
Rusiyanın mesajı budur: Osetiya, Abxaziya, Krım Rusiyanın olduğu kimi, Qarabağ da Rusiyanındır. Rusiya bu bölgədəki planlarını gerçəkləşdirmək üçün Azərbaycana hər cür təzyiq göstərəcək.
Azərbaycan hakimiyyəti Rusiyaya müqavimət göstərirmi? Göstərir: 
- Türkiyə ilə hərbi münasibətləri yenidən canlandırır;
- Laçında Türkiyə-Azərbaycan əsgərləri birgə təlim keçirirlər;
- Azərbaycan-Türkiyə-Pakistan xüsusi təyinatlıları birgə təlim qərarı alırlar;
- Hakimiyyət İranı ifşa edir, bilir ki, Rusiya ilə İran birgə hərəkət edirlər, Qarabağda ermənilərin qalmasını, çoxalmasını, güclənməsini istəyirlər, belə ki Qarabağda erməni yaşamasa, Azərbaycana təzyiq imkanı əldən çıxacaq;
- işğalçı rus əsgəri Qarabağda müvəqqətidir tezisini tez-tez təkrar edir;
- işğalçı Rusiyaya xahiş biçimində də olsa, etiraz yönəldir;
- nəzarətində olan Tv-lərdə zəif də olsa, Rusiyanın tənqidinə izin verir; 
- nəzarətində olan partiyalarla süni dialoq görüntüsü yaradır, milli birlik var mesajı verir;
Bunlar yetərlidirmi? Azərbaycanı Rusiyanın və İranın təzyiqindən qoruyarmı? Yetərli deyil, qorumaz, xəstəliyin ağrısını azaldar, ancaq xəstəliyi müalicə etməz, tam müalicənin resepti bunlardır: 
- hakimiyyət Azərbaycan anlayışını dəyişdirməlidir, Rusiyaya aid məkandan çıxıb Azərbaycanın müstəqilliyinə və suverenliyinə təminat verən məkana daxil olmalıdır;
- ədalətə bağlı milli birliyi təmin etməlidir;
- xalqla açıq danışmalıdır, dərdini deməyən dərmanını tapmaz, biz niyə məlumatları Türkiyə, Rusiya, Ermənistan, Avropa qaynaqlarından öyrənməliyik?;
- Türkiyə və Pakistanla gerçək hərbi ittifaq bağlamalıdır;
- ordunu gücləndirməlidir; 
- müttəfiqlərinin sayını artırmalıdır;
- Rusiyanın qarşısından qaçış deyil, dirəniş yolunu seçməlidir;
0.030812978744507