Baş Prokurorluğa müraciət olundu
Sürətli texnoloji inkişaf bu inkişafın dəstəklənməsi uçun nanoelektronika, optoelektronika, nüvə fizikası və yüksək enerjilər fizikası sahəsində elmi-fundamental araşdırmaların əhəmiyyətini günbəgün yüksəldir.
Paralel.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda apardığı yoxlamalarla bağlı yaydığı açıqlamada bildirilir.
Audit prosesində tətbiq edilmiş prosedurlar İnstitutun dövlət vəsaitlərinin icrası vəziyyəti ilə bağlı aşağıdakıları qeyd etmək imkanı verib:
Dövlət büdcəsindən ayrılmış vəsaitlərin icra səviyyəsi yüksək olsa da, il ərzində dövlət vəsaitlərinin maliyyələşmə və icra məbləğləri arasında uyğunsuzluqlar müşahidə edilib, xərclərin icrası zamanı 6 734 manat məbləğində vəsait qüvvədə olan vahid büdcə təsnifatının müəyyən etdiyi iqtisadi təsnifat kodu dəyişdirilməklə icra olunub;
Auditin əhatə etdiyi dövrdə çalışanların sayı və vəzifələri təsdiq olunmuş ştat cədvəlinə uyğun olsa da, ixtisas dərəcələrinə düzgün riayət edilməməsi səbəbindən 18 045 manat, iş davamiyyəti qeydə alınmayan əməkdaşlara 329 887 manat, yaranmış qənaət hesabına düzgün olmayaraq əlavələrin verilməsi səbəbindən 86 593 manat, elmi proqram üzrə İnstitutun smetasında nəzərdə tutulmuş vəsaitlər hesabına yalnız əmək funksiyalarını yerinə yetirilən əməkdaşlara təkrar ödəniş aparılması nəticəsində 25 800 manat məbləğində artıq vəsait ödənilib;
Ezamiyyə qaydalarına və xərc normalarına düzgün əməl edilməməsi səbəbindən xarici və ölkədaxili ezamiyyə ilə bağlı vəsaitlərin icrası zamanı 1 304 manat məbləğində vəsaitin artıq ödənilməsinə yol verilib;
Dövlət satınalmalarının keçirilməsi zamanı yol verilmiş nöqsanlar satınalma prosesinin bütün mərhələlərini əhatə edib, bir sıra prosedur pozuntuları ilə yanaşı vəsaitlərin satınalma keçirilmədən icra olunmasına yol verilib;
Auditin əhatə etdiyi dövrdə həyata keçirilmiş kotirovkalar üzrə hüquqi aktlarla nəzərdə tutulmuş addımlar atılmayaraq müvafiq elanlar rəsmi internet səhifəsində yerləşdirilməyib, ehtimal olunan qiymətlərin düzgün müəyyənləşdirilməməsi səbəbindən 30 772 manat məbləğində artıq xərcə yol verilib;
Vəsaitlərin icrası ilə bağlı hesabatlar tam tərtib edilməyib, maliyyə hesabatlarının tərtibi zamanı təhriflərə yol verilib, o cümlədən maliyyə hesabatlarının tərtibi zamanı 01.01.2019-cu il tarixə 216 600 manat, 01.01.2020-ci il tarixə 259 644 manat və 31.12.2020-ci il tarixə 272 994 manat dəyərində “Sair uzunmüddətli qeyri-maliyyə aktivləri” maddəsi üzrə qeyd olunan qalıq məbləğlər “Maliyyə vəziyyəti haqqında hesabat”ın “Sair uzunmüddətli qeyri-maliyyə aktivləri” maddəsi əvəzinə “Torpaq, tikili və avadanlıqlar və digər uzunmüddətli aktivlər” maddəsində əks etdirilib;
Kanalizasiya haqlarının ödənilməsinin faktiki tələbat əsasında deyil, tam məbləğdə ilin əvvəlində vəsaitin plastik kartlara tam köçürülməsi səbəbindən ilin sonuna 8 500 manat qalıq məbləği formalaşıb;
İnventarizasiya komissiyaları yaradılsa da, nəticələrlə bağlı hesabatlar düzgün tərtib edilməmiş, laboratoriyalarda kimyəvi reaktivlərin 46 740 manat məbləğində əsassız silgisi aparılıb;
Daxili nəzarət sisteminin nəzarət mühiti yaradılmamış, nəzarət fəaliyyəti qənaətbəxş olmamış, elementləri tam tətbiq edilməyib. Əldə edilmiş nəticələr əsasında tövsiyələr tərtib edilib və fikrimizcə, bu tövsiyələrin reallaşdırılması dövlət vəsaitlərinin istifadəsi prosesində risklərin azaldılmasına, vəsaitlərin idarə olunmasında vəzifəli şəxslərin məsuliyyətinin artırılmasına xidmət edəcək. Auditin nəticəsi olaraq, Hesabat tərtib edilənədək İnstitut tərəfindən 104 616 manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilmiș, həmçinin artıq hesablanmıș və kreditor borc kimi uçota alınmıș 388 manat məbləğində vəsait müxabirləșmə verilərək azaldılıb, vakant vəzifələr ixtisar edilib. Auditin nəticələri ilə bağlı məlumat qanunvericiliklə nəzərdə tutulduğu qaydada Milli Məclisə göndərilib, hesabat İnstituta, nəticələrlə bağlı məlumat isə AMEA-ya təqdim edilib.
Audit hesabatının AMEA-ya və İnstituta göndərilməsində məqsəd dövlət vəsaitlərin daha effektiv idarə olunması, icrası, mühasibat uçotunun düzgün təşkili, hesabatlılığın artırılması, rasional daxili nəzarət sisteminin qurulması ilə bağlı qərarların qəbul edilməsinə, yol verilmiş nöqsanların aradan qaldırılması üzrə fəaliyyətin təşkil olunmasına dəstək vermək, ştat saylarının optimallaşdırılması ilə bağlı tədbirlərin görülməsinə dəstək verməkdir. Aparılmış auditin nəticələri əsasında vəsaitlərin təyinatdan kənar istifadəsi, maliyyə hesabatlarının düzgün tərtib edilməməsi halları barədə Maliyyə Nazirliyinə məlumat təqdim edilib. Məlumatda magistr pilləsində təhsilin maliyyələşdirilməsi sahəsində vəsaitlərin depozit tapşırıqlar və hesablardan icra edilməsinin, ilin sonuna istifadə edilməmiş vəsaitlərin dövlət büdcəsinə qaytarılmaması ehtimalının mümkünlüyü və AMEA-da ştat saylarının optimallaşdırılması zəruriliyi diqqətə çatdırılıb. Maliyyə Nazirliyinə müraciətin məqsədi vəsaitlərin icrasına cari nəzarətin təşkili, maliyyə hesabatlarının tərtibi ilə bağlı zəruri addımların atılması sahəsində qərarların qəbul olunmasına yardımçı olmaqdır. Malların (işlərin və xidmətlərin) satınalma prosesində vəsaitlərin satınalma keçirilmədən icrası halları ilə bağlı inzibati xətanın müəyyən edilməsi məqsədilə Baş Prokurorluğa müraciət edilib.