Paşinyandan “möhtəşəm” addım

Paşinyandan “möhtəşəm” addım
 
 
Kim nə deyir desin, fikrimcə Paşinyanın hakimiyyətdə qalması yarımçıq qalmış Qarabağ probleminin qansız həllinə gətirib çıxaracaq. Bir şərtlə ki, Azərbaycan hakimiyyəti Paşinyanın hakimiyyətdəki dayaqlarını sarsıtmaq və nüfuzdan salmaq üçün Rusiyadan gələ biləcək sifarişləri yerinə yetirməkdən imtina etsin. Paşinyanı Qərbyönümlü hesab edib, onu taxtdan salmaq istəyən Rusiyanın bir il əvvəl atdığı addım gözlənilən nəticəni vermədi. Əksinə, dünya tarixində iık dəfə olaraq müharibədə məğlub olmuş və təslimçi akta imza atmış bir ölkənin rəhbəri çəkinmədən seçkiyə getdi və rəqiblərinə əzici üstünlüklə qalib gəldi. Əgər Rusiya imkan versəydi Paşinyan müharibədən sonra Azərbaycanlı həmkarı Qarabağla bağlı məsələni çoxdan çözmüşdü. Tərif deyil, faktdır ki, hələ 2015-ci ildən Qarabağla bağlı düşüncələrində ədalətli mövqe sərgiləyən Paşinyan çox az rast gəlinən ağıllı erməni siyasətçisidir. Onun bugünlərdə Gürcüstana səfəri çərçivəsində rusların 2008-ci ildə bu ölkəyə müdaxiləsi zamanı həlak olmuş gürcü hərbiçilərinin şərəfinə ucaldılmış abidəni ziyarət etməsi sözün həqiqi mənasında Putinə vurulmuş tərs şillədir. Bu gün Rusiyayönülü erməni siyasiləri və media, o cümlədən ermənipərəst rus politoloqlar Paşinyanın bu addımını qızğın müzakirə edir, onu lənətləyirlər. Həqiqətən də bu gün Rusiyanın xüsusilə Qarabağda ermənilərə etdiyi yardımların müqabilində Paşinyanın hərəkəti naşükürlük təsiri bağışlayır. Amma Paşinyan da gözəl anlayır ki, Qarabağdakı mövcud durum Ermənistandan da çox Rusiya üçün sərfəlidir. Başqa sözlə, Rusiya Paşinyanın bu nankorluğundan qəzəblənib qoşunlarını Qarabağdan çıxamayacaq. Amma bu heç də o anlama gəlməməlidir ki, Putin Paşinyanın Rusiyanın işğalçılığına sivil etirazını cavabsız qoyacaq. Hesab edirəm ki, xüsusilə 44 günlük müharibənin ildönümü ərəfəsində gözlənilən Putin avantürasına hazır olmalı ancaq heç bir halda onun planında yer almamalıyıq. 
     
 Səma Ələsgərli
0.03036904335022