Həkimlər virusla mübarizə apara bilmirlər?!
Səhiyyə nazirliyi və TƏBİB niyə susur?
Paralel.az xəbər verir ki, ölkəmizdə korona virus pandemiyası hələ də öz gücünü göstərməkdədir. Hər gün minlərlə insan bu virusa yoluxur, ölüm halları da az sayılmaz. Amma deyirdilər ki, ölkə əhalisinin 60 faizi peyvənd olunarsa, pandemiya bitəcək. Ən son məlumatlara görə isə ölkə əhalisinin artıq 70 faizindən çoxu peyvənd prosesini keçib. Bu yaxınlarda isə 16-18 yaş arası yeniyetmə və gənclərin peyvənd olunmasına başlanılacaq. Lakin pandemiya səngiməyib və can almaqda davam edir.
Hazırda insanlar arasında belə bir fikir formalaşmaqdadır ki, Azərbaycan həkimləri pandemiyaya qarşı mübarizədə acizdirlər. Amma çox maraqlıdır ki, nə korona virusa qarşı mübarizə məqsədiylə yaradılan TƏBİB, nə də Səhiyyə Nazirliyi bu ittihamlara cavab verməyə tələsmir.
Məsələn, alim Dilavər Əzimlinin həyat yoldaşı, jurnalist Arzu Qazıyeva, mügənni, xalq artisti Brilyant Dadaşova və telejurnalist Asif Quliyev TƏBİB-ə və Səhiyyə Nazirliyinə qarşı ciddi ittihamlar irəli sürdülər.
Arzu Qazıyeva daha da irəli gedərək, respublika prokurorluguna bu məsələnin araşdırılması ilə baglı müraciət edib. TƏBİB-in və Səhiyyə Nazirliyinin susqunlugunun səbəbi nədir, görəsən? Bəlkə, bu insanlar həqiqətən haqlıdırlar?