Özümüzü qalib kimi aparmırıq

Özümüzü qalib kimi aparmırıq
 
Azərbaycan xalqının və Konstitusiyasının ziddinə olaraq sülhməramlı çətiri altında Qarabağa soxulan Putinin hərbi qüvvələri aşkar görünür ki, missiyaları ilə bağlı Azərbaycana hər hansı hesab vermir və özlərini bu torpağın şəriksiz sahibi kimi aparır. Belə ki erməniməramlı qüvvələrin Qarabağdakı rəhbəri general Rüstəm Muradov ərazimizdə xidmət apardığı 10 ay müddətində dəfələrlə İrəvanda olub, bu ölkənin media mənsublarının suallarını cavablandırdığı halda bir dəfə olsun Azərbaycan jurnalistləri üçün brifinq keçirmədi. Yanılmıramsa müddəti ərzində cəmi bir dəfə Bakıya gəldi, onda da özüylə gətirdiyi azərbaycanlı girovları təhvil verib rədd olub geriyə döndü. Ki, bu səfər də özünüreklama xidmət edirdi. Ancaq məntiq və reallıqla belə olmamalıdır. Hesab edirik və bunu bir neçə dəfə də yazmışıq ki, savaşın qalibi kimi məhz Azərbaycanın razılığı ilə Qarabağa yerləşən rus hərbiçilərinin komandanı bütün məsələləri və orda baş verən insidentləri öncə Bakı-Azərbaycanın aidiyyəti şəxsləriylə müzakirə etməli, ən azı ayda bir dəfə Bakıda da olmasa Ağdamda yerləşən Türkiyə-Rusiya Monitoriq Mərkəzində Azərbaycan jurnalistləri üçün mətbuat konfransı keçirməlidir. Göründüyü kimi bu yoxdur. Azərbaycan hakimiyyətinin laqeydliyinin nəticəsidir ki, ərazimizə hansı yolla gəldiyi bəlli olmayan R. Muradovun əvəzləyicisi general Mixail Kosobokov da öncə İrəvana getdi. Halbuki o, Qarabağa Bakıdan keçib getməli və iık görüşdüyü şəxs(lər) də Azərbaycanın hərbi-siyasi rəhbərliyi olmalıydı. 
Doğrusu, Azərbaycan rəhbərliyinin məsələyə bu cür laqeyd yanaşması özünü qalib kimi deyil, məğlub obrazında göstərməyini başa düşmək olmur. Və “Qarabağ Azərbaycandır” deməklə Qarabağ Azərbaycanın olmur. Qarabağın Azərbaycanın olduğunu hər addımda, hər hərəkətimizlə ortaya qoymalı, sülhməramlı statusunu elə gəldiyi gündən “erməniməramlı” statusuyla əvəzləmiş bu işğalçı orduya torpağın sahibinin orda 20 mindən çox şəhid vermiş qalib Azərbaycan xalqı olduğunu əməlimizlə göstərməliyik.

  Səma
0.020267009735107