Könül Nurullayeva: “Sumqayıtda sosial infrastrukturun təkmilləşdirilməsi strateji baxımdan mühüm əhəmiyyət kəsb edir”
Sual: Könül xanım, millət vəkili olaraq Prezidentin Sumqayıt səfərini necə dəyərləndirirsiniz?
Cavab: "Pandemiyanın dünya iqtisadiyyatına mənfi təsirlərinə baxmayaraq, Azərbaycan regionda iqtisadi inkişaf dinamikasını və investisiya cəlbediciliyini qoruyub saxlayır. Təsadüfi deyil ki, 2021-ci ilin yanvar-iyul aylarının yekunlarına əsasən, Azərbaycanda qeyri-neft sənaye sahəsində 16,4 faizlik artım eydə alınıb. Bu da sənayeləşmə istiqamətində atılan addımların müsbət nəticəsi kimi dəyərləndirilməlidir.
Pandemiya şəraitində bu yüksək artım tempi ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Ümumiyyətlə, son 18 ildə qeyri-neft sənayesinin inkişafını təmin edən mühüm amillərdən biri sənaye və yüksək texnologiyalar parklarının, sənaye məhəllələrinin yaradılması, stimullaşdırıcı vergi və gömrük güzəştlərinin tətbiqidir.
Prezident İlham Əliyevin ötən gün Sumqayıtda bir neçə mühüm sosial obyektin açılışında iştirak etməsi ilk növbədə Azərbaycanda regionların sosial-iqtisadi inkişaf proqramlarının reallaşdırılmasının uğurlu nəticəsidir. Sumqayıtın Cənubi Qafqazın ikinci mühüm sənaye mərkəzinə çevrilməsi, burada yüksək ekoloji standartlara cavab verən müəssisələrin yaradılması strateji baxımdan mühüm əhəmiyyət kəsb edir.
Bu həftə parkda 17-ci rezidet fəaliyyətə başladı. Aydındır ki, Sumqayıt Kimya Parkında istehsal olunan sənaye məhsulları ixracyönümlüdür və bu, ölkəmizin ixrac potensialının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Yeni istifadəyə verilən “Sumqayıt” Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının əhəmiyyətinə gəlincə, bu, istilik energetikası sahəsində ilk təcrübə sayılır. Ümumiyyətlə, son illər ölkəmizdə enerji sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkəmizin enerji potensialının daha da artırılması, yeni elektrik stansiyaları və yarımstansiyaların inşası istiqamətində çox mühüm layihələr icra olunub.
Yeni istifadəyə verilən Sumqayıt Məhkəmə bina Kompleksi isə son illər ölkədə ədliyyə sahəsində aparılan islahatların göstəricisi sayıla bilər. Bu, həm də vətəndaşlara daha yüksək səviyyədə xidmət göstərməyə hesablanıb. Prezident yeni tədris ili öncəsi yeni məktəb binasının açılışında da iştirak etdi. Sənaye şəhərində paralel olaraq təhsil infrastrukturunun da təkmilləşdirilməsi nəticə etibarı ilə insan kapitalının daha da inkişaf etdirilməsi, gənc nəslin yüksək intellektual potensiala malik gənc yetişməsini təmin edir".
Millət vəkilinin söylədiyi fikirə əsasən, belə demək olar ki, ölkə Prezidentinin Sumqayıt səfərinin ölkə sənayesinin inkişafına diqqətin təzahürü saymaq olar.
Şahnaz Salehqızı