Zərdüşt Əlizadə: "Kimin nə deməsindən asılı olmayaraq, Rusiya çalışır ki, Ermənistanla Türkiyə arasında münasibətlər normallaşmasın"
Paralel.az-ın məlumatına görə M. Zaxarova qeyd edib ki, Rusiya indi də iki qonşu ölkənin - Türkiyə və Ermənistanın qarşılıqlı hörmət və bir-birinin maraqlarını nəzərə almaqla yaxınlaşması üçün hər cür kömək etməyə hazırdır: "Hesab edirik ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar razılaşmalarının həyata keçməsi kontekstində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bərabər Ankara-İrəvan münasibətlərinin də normallaşması regionda sülh, sabitlik və çiçəklənməyə xidmət edərdi. O ki qaldı "altılıq" platformasına, biz hesab edirik ki, bu cür format platformanın potensial iştirakçılarının maraqlarına, sülhün, inamın möhkəmlənməsinə, iqtisadi proseslərin stimullaşmasına, Cənubi Qafqazda əməkdaşlıq proseslərinə töhvə verərdi".
Digər tərəfdən isə Ermənistan XİN rəhbəri Rusiyalı həmkarı ilə görüşdə sülh sagişi üçün Qarabağa status şərti irəli sürür. İəsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadə bildirdi ik, Rusiya Qarabağ münaqişəsinin qalmasında maraqlıdır, bu onun əlinə düşmüş imkandır - bölgəni nəzarətdə saxlamaq alətidir: "Ona görə də münaqişənin həllinə mane olur. Digər tərəfdən, Azərbaycanla münasibətləri korlamaq istəmir və buna görə deyir ki, indiki mərhələdə status məsələsinin müzakirəsi əlverişli deyil, bu məsələni sonraya saxlamaq lazımdır. Azərbaycanla Ermənistanın arasında münasibətlərin normallaşmasında maraqlı olduğunu bəyan edən Rusiya, pərdə arxasında Ermənistana deyir ki, münasibətlərin normallaşdırılması və sülh sazişinin bağlanması üçün Azərbaycanın qəbul edə bilməyəcəyi Qarabağın statusunun həll edilməsi şərtini qoy. Yəni, "dovşana, qaç, tazıya tut, deyir".
O biri tərəfdən Zaxarova deyir ki, Ermənistanla Türkiyə arasında münasibətlər normallaşmalıdır. Bu anda biz 2011-ci ildə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair Sürix protokollarının imzalanmasını yada salmalıyıq. O zamankı Ermənistan XİN rəhbəri Eduard Nalbandyan bu protokolları imzalamağa qorxurdu ki, ermənilər buna görə məni didər. Qərb dövlətlərinin qarşısında Nalbandyan cəsarət etmirdi, onda Lavrov ona dedi ki, Edvard imzala. O, da ağasının sözündən çıxmayıb imzaladı. Bu jestlə Lavrov Qərbə göstərdi ki, iki ölkə arasında münasibətlərin normallaşdırılmasında Rusiya maraqlıdır. Sonra isə Rusiya Azərbaycandakı nökərlərinə sifariş verdi ki, bu protokolların gerçəkləşməsinə manie olun. Rusiyanın Azərbaycandakı nökərləri Türkiyəyə qadınlardan ibarət desant göndərdilər. Həmin qadınlar Türkiyədə hay saldı ki, qardaşlarımız bizi satır, ermənilərlə sərhədləri açır, münasibətləri normallaşdırır. Həmin vaxt da seçki ərəfəsi idi. Müxalifət bəyanatla çıxış etdi ki, Ərdoğan Azərbaycanı satdı. Ərdoğan da vəziyyətdən çıxmaq üçün Ermənistana təklif etdi ki, heç olmasa bir rayonu azad edin, biz də sərhədləri açaq. Ermənistan bunu iki səbəbdən edə bilməzdi. Əvvala, xəstə erməni məfkurəsi, digər tərəfdən isə Rusiya buna imkan verməzdi. Beləliklə, Sürix protokolları parlamentlərdə ratifikasiya edilmədi, kağız üzərində qaldı.
Azərbaycanda Arzu Abdullayevanın rəhbərliyi altında fəaliyyət göstərən Qarabağ İctimayi Şurası bəyanat verdi ki, bu normallaşma Azərbaycanın da xeyirinədir. Çünki bu normallaşma Türkiyənin erməni iqtisadiyyatına və məfkurəsinə təsir imkanlarına malik olacaq. O da barışığa yaxınlaşma demək idi. REAL-dan başqa bütün siyasi partiyalar bu normallaşmanın əleyhinə oldu.
Azərbaycan cəmiyyəti də xeyirini anlamayan, korafəhim bir cəmiyyətdi. Sosial şəbəkələrdə bağırırla ki, Xankəndi vur! Lakin o deyənlər heç bir məsuliyyət daşımırlar, səsləndirdiyi quru sözdür.
Kimin nə deməsindən asılı olmayaraq, Rusiya çalışır ki, Ermənistanla Türkiyə arasında münasibətlər normallaşmasın. Azərbaycanla Ermənistan arasındakı münasibətlərə də Moskvanın mövqei eynidir. Amma sözdə deyir ki, biz bu ölkələri barışdırmaq istəyirik. Ermənistanla Türkiyə arasında münasibətlər normallaşsa, Azərbaycanla Ermənistan arasında da oxşar proseslər gedər və bununla da münaqişə aradan qalxar. Bundan sonra isə Qarabağda rus sülhməramlısına, Ermənistanda Rusiya hərbi bazasına heç bir ehtiyac qalmır. Bu Rusiya tərəfindən qurulmuş siyasi oyundur".
Politoloq bir məsələni də qeyd etdi ki, ermənistan cəmiyyəti də xəstə cəmiyyətdir, amma oyananları var artıq: "Əvvəl yalnız reallıqdan danışan Giorgi İvanyan idi, amma indi onların sayı yüzlərlədir. Onlar açıq şəkildə deyir ki, biz oyanmasaq, sağalmasaq, millət kimi, dövlət kimi məhv olacağıq. Ermənistan parlamentinin vitse-spikeri Nazaryan çıxışında deyib ki, siz nə vaxta qədər bu xalqı aldadağaqsınız, haçandan demokratiya təhlükəsizliyə mane olub? O deyib ki, "türk düşməndi", "Azərbaycan düşməndi" zəhərini yaydığınız yetər! Belə açıq şəkildə çıxış edən çoxdur artıq erməni cəmiyyətində. Onlarla sayıtlar açıblar və orada yazırlar ki, barışmaq lazımdır, bu ədavət bizə heç nə verməyib və verə də bilməz. Bunlar müsbət hallardır.
Son pralament seçkilərində hamı deyirdi Paşinyan xaindi, kapitulyatdı, amma seçkilərdə parlamentin 75 faizini qazandı. Məntiqlə Paşinyan müharibəni uduzduğuna görə gərək parlament seçkilərini gurultu ilə uduzaydı, amma böyük üstünlüklə qalib gəldi. Xalq başa düşdü ki, Paşinan qalsa Azərbaycan və Türkiyə ilə ölkənin münasibətləri normallaşacaq, ona bu səbəbdən səs verdilər. Paşinyan da hazırda buna çalışır. Mən əminəm ki, biz də Rusiyanın diqtəsindən qurtulsaq, Ermənistanla münasibətləri normallaşdırıb, münaqişədən və sülhməramlılardan yaxa qurtara bilərik.
Akif Nəsirli