Arzular qovuşanda

Arzular qovuşanda
 

Oçerk-portret

Bir insan sevdiyinə, əzizinə, doğmasına qovuşduğu anı heç zaman yaddaşından çıxarmır. O sevgi ki, onun naminə yaşayır və onun naminə hər an canını belə fəda etməyə hazırdır. Hər bir insanın insanlara, yaxınlara olan sevgisi, istəyi anlaşılandır. Hər birimizin ürək döyüntülərinə səbəb olan kimsələr var. Ancaq elə insanlar da var ki, onların bütün sevgilərdən üstün tutduğu bir uca sevgisi də var. Elə bir sevgi ki, bütün digər sevgilər həmin o müqəddəs sevginin işığında bərq vurur. Bu Vətən sevgisidir. O sevgi ana südü ilə onun qəlbinə hakim olub. Bu sevgi uğrunda canını fəda edən bir qəhrəmanın gülə-gülə döyüşə atıldığını eşidəndə bir daha əmin oluruq ki, Azərbaycan xalqı həmişə qalib xalq kimi tarixlərdə yaşayacaq.

İkinci Qarabağ savaşı da göstərdi ki, Azərbaycanın igid, cəsur, qeyrətli və ismətli oğulları Vətən uğrunda canlarını belə əsirgəmədilər. Bununla da hər birimizin arzuladığı, lakin heç də hamıya qismət olmayan ölməzliyə qovuşdular, şəhidlik zirvəsinə ucaldılar. Bununla da xalqımızın dərin sevgitsini qazandılar.

Mən bu yazımda Vətən uğrunda vuruşan, Vətən uğrunda şəhid olan Elvin Tərlan oğlu Məmmədov baprəsində söz açmaq istəyirəm. Elvin Məmmədov 12.12. 1992-ci ildə Biləsuvar rayonunun Xırmandalı kəndində, zəhmətkeş bir ailədə dünyaya göz açıb. Atası Tərlan kişinin, anası Südabə xanımın üc övladdan sonbeşiyi olub- Elvin... 7 yaşında doğma kəndlərindəki orta məktəbin 1-ci sinfinə qədəm qoyub. Elvinin 4-ci sinfi bitirəndə məktəbdə keçirilən "Əlifba bayramı"nda atası Tərlan kişi ilə "Əsgər" mahnısına oynamağa çoxlarını təəccübləndirib. 2009-ci ildə Ceyhun Məhərrəmov adına orta məktəbin 11-ci sinfini müvəffəqiyyətlə başa vurub. 06.01.2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsindən həqiqi hərbi xidmətə çağrılıb. 02.07.2012-ci il tarixdə həqiqi hərbi xidmətini başa vuraraq döğma kəndinə qayıdıb. Bir müddət təsərrüfat işlərində ata-anasına kömək edib. Orduda xidmət etmək arzusunu bir müddət validenlərindən cizli saxlasa da, günlərin birində bu sirri açmaq qərarına gəlib: " Atacan, mən burada olmasam da, siz bu işlərin öhdəsindən gələ bilərsiniz. Mən isə nə qədər ki, torpaqlarımızı işqaldan azad edilməyib, sakitcə durub, təsərrüfat işlərlə məşğul ola bilmərəm. Bizim xalqımız həmişə qaliblərdən olub, mən də ön cəbhədə əsgərlərimizin yanında olmalıyam. Bəlkə, onda ürəyim sakitləşər, rahat olaram! «Kənddə hamı Elvinin atası Tərlan kişinin, çox təmkinli, zəhmətkeş, halal çörək sahibi olan bir insan kimi tanıyıblar və belə xatırlayırlar (Elvinin atası, Tərlan kişi 2018-ci il aprel ayının 4-də dünyasını dəyişib). Anası Südabə xanım həyat yoldaşı dünyasını dəyişəndən sonra da, oğlunun hərbi xidmətdə olmasından qürur duyur, onun Vətən torpaqlarını qorumasını fəxarət hissilə ürəyində gəzdirir. Elvinin hərbi xidmətə getmək istəyini isə belə qarşılayır: "Haqlısan, ay oğul, torpağı qeyrətli oğullar qoruyur. Vətən igid oğulları ilə qüdrətli olur. Sənin qərarına mən də şərikəm". Bu söhbədən sonra Elvin Hərbi Komissarlığa müraciət edir. Onu biribaşa ön xətdə olan hərbi hissələrdən birinə göndərilməsini xahiş edir. Bu ucaboy, əsil idmancı görkəmi, gözlərindən od yağan oğlanın inadkarlığı, döyüş əhval-ruhiyyəsi Hərbi Komisarlığının işcilərini də çox sevindirir. Elvin Məmmədov 01.06.2013-ci il tarixdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Qərargahının "N" saylı hərbi hissəsində Xüsusi Təyinatlı Dəstədə Müddətdən Artıq Xidmət Hərbi Quluqçu kimi xidmətə başlayır. Mən Elvinin atası Tərlan kişini yaxşı tanıyırdım, bir məhllədə yaşayırdıq. Tərlan da həmişə öz əqidəsinə sadiq, ədalətsizliyə baş əyməyən, halal çörək qazanmağa üstünlük verən adam idi. Ehtiyacı olanlara əl tutar, kömək umanlara əl uzadardı. Söhbət zamanı Elvinin böyük qardaşı Emin vurğuladı ki, "atam Elvinin hərbi xidmətə qayıtmaq istəyini çox təbii qarşıladı. Atam da yaxşı bilirdi ki, onun bu istəyinə qarşı çıxa bilməyəcəyik. Çünki Elvin xidmətdən qayıtdığı son bir ildə çox dəyişmişdi, qollarının əzələlərini möhkəmlədir, müntəzəm idmanla məşqul olur, sanki özünü döyüşə hazırlayırdı". Elvin doğulub boya-başa çatdığı Xırmandalı kəndində 4 min təsərrüfat var, 11 min əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.

Elvin Məmmədov böyük qardaşı Eminə göndərdiyi son mesajı təkcə Biləsuvar rayonunun Xırmandalı kəndində deyil, bəlkə də, bütün respublikada əzbər bilirlər. Bu mesaj əsgər mesajlarından çox fərqlənir, seçilir. Bilərəkdən, düşünmüş halda özünün Vətənə, Torpağa bağlılığını tutduğu şərəfli yolu, müqəddəs torpaq uğrunda borcunu nümayiş etdirməklə bir daha gənclərimizə həyat nümunəsi göstərmiş oldu. "...Canım anam və qardaşım. Məndən sarı darıxmayın. Sizə həyat yoldaşım Nərmini və 4 yaşlı qızım Sevinci əmanət qoyub gedirəm. Vətənin dar günündə ürəyim dözmür, ərazilərimizi azad edənə qədər döyüşəcəyik. Şəhid olsam, ağlamayın, əksinə sevinin ki, o mərtəbəyə yüksəldim. Allah böyükdür, Vətən sağ olsun! Şəhid olsam haqqınızı hal edin... Mən Elvin" Bu mesajın hər sətrində, ürəyində Vətən sevgisi gəzdirən bir gəncin şərəfli həyat yolunun işarələri var. Elvin Məmmədov az bir müddətdə xidmət etdiyi hərbi hissədə, əsğər və zabitlər arasında böyük hörmət qazanıb və hərbiçi yoldaşlarının dəyərli qardaşına çevrilib. Zaman keçdikcə Elvin təkcə hərbiçi yoldaşlarını deyil cəsarəti, rəşadəti və aktivliyi ilə seçilərək komandirlərin də diqqətini cəlb etməyi bacarıb. Elvin hərbi nizamnamənin tələblərini vaxtında və dəqiq yerinə yetirməsinə, komandir və rəislərin tapşırıqlarını qüsursuz yerinə yetirdiyinə və fiziki hazırlıq sahəsində qazandığı uğurlara görə, xidmət etdiyi hərbi hissənin rəhbərliyi tərəfindən Fəxri Fərmanlarla təltif olunub. Elvin Məmmədov 2-ci Qarabağ müharibəsində Böyük Mərcanlı, Nüzgar kəndləri, Qaraxanbəyli, Qaravənd, Horadiz və Yuxarı Əbdürrəhmanlı kəndlərində gedən döyüşlərdə torpaqlarımızın düşməndən təmizlənməsində böyük şücaət göstərərək qəhrəmancasına Şəhid olub.

03.10.2020-ci ildə Elvin Tərlan oğlu Məmmədov böyük izdiham və qürurla doğulduğu Biləsuvar rayonu Xırmandalı kəndində dəfn olunub. "Şəhidi olmayan xalqın mənliyi, kimliyi bilinməz, azadlığı canı ilə, qanı ilə qazanmayan xalq hər vaxt kölə kimi gözüqıpıqlıdır" deyiblər. Biz bu gün gözüqıpıq deyilik, qürurluyuq, çünki düşmənə laiqli cavab verən igidlər, ərənlər Vətənin vətəndaşıyıq, qalib xalqın nümayəndələriyik.

Və sonda. Unutmamalıyıq ki, bu dünyaya gələn hər kəs bir gün bu dünyadan köçəcək. Ancaq şəhid kimi dünyadan köçənlərin özləri olmasalar da, izləri bu dünyada əbədi qalacaq.

Əlizadə Nəhmədağaoğlu

0.028068065643311