“Ara, Maşa, erməni çörək xəbər alır” - Rusiya isə hey silah “yedirdir”
Yaponiya məhz işğalçı və təcavüzkar siyasət yürüdən faşist Almaniyası ilə bir hərbi-siyasi blokda olduğuna və müharibəyə qoşulduğuna görə beynəlxalq ictimaiyyətin sərt cəzasına layiq görülmüşdü.
İndi isə rusiyalı yarımerməninin başçılıq etdiyi Xarici İşlər Nazirliyinin sözçüsü, öz ölkəsində kifayət qədər ziddiyyətli imicə malik olan Mariya Zaxarova nə deyir? Avqustun 19-da keçirdiyi brifinqdə ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın işğalçı Ermənistana silah satmasına azğıncasına haqq qazandırır. Azərbaycan və Ermənistan arasında münaqişənin dinc yolla nizamlanmasına, neytrallığını saxlamağa cavabdeh olan vasitəçi ölkənin rəsmi nümayəndəsi deyir ki, “silah tədarükü Rusiyanın suveren hüququdur”. Üstəlik, bu anti-insani, sülhə və barışa zidd hərəkətlərini “bölgədə güc balansının qorunması ehtiyacını nəzərə alırıq” kimi qələmə verir.
Rus şairi və diplomatı Fyodor Tütçev demişkən, “Rusiyanı ağılla dərk etmək olmaz”…
Düz 30 il əvvəl Ermənistan məhz rus silahı ilə Azərbaycanın torpaqlarını işğal edib, amma təcavüzkarın havadarları, xüsusilə də Rusiya erməni faşistlərinin qarşısını almaq əvəzinə, uzun illər mənfur düşmənimizi silahlandırıb. Bizdən isə azğın qüvvələrə güzəştə getməyi tələb ediblər. Ermənistanı (oxu: mənfur düşmənimizi) qeyri-qanuni şəkildə silahlandıran ölkənin maraqlarına və mənafeyinə Azərbaycan nə qədər həssas münasibət bəsləsə də, rus məktəblərinin sayını nə qədər artırsa da, II Qarabağ savaşı zamanı Xankəndinin kandarında şimal qonşunun rəhbərinin xahişilə müharibəni dayandırsa da, Rusiyanın hərbi-siyasi qüvvələrinin Azərbaycana qarşı təxribatçı hərəkətləri bitib-tükənmək bilmir.
“CNN Türk” telekanalına müsahibəsi, Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev haqlı və ədalətli olaraq Qarabağdakı təmas xəttində və Ermənistanla sərhədlərimizdəki təxribat hərəkətlərinin, Rusiya müdafiə nazirinin Ermənistanı silahlandırma prosesini davam etdirəcəyi bəyanatının yolverilməz və qəbuledilməz olduğunu bütün dünyaya bəyan etdi. Çünki erməni silahlı qüvvələrinin çıxarılması ilə rus “sülhməramlıları”nın paralel şəkildə yerləşdirilməsi addımı Qarabağımızda məskunlaşmış cəmi 25 min erməni sakininin bizi hansısa qondarma soyqırımda ittiham etməsi cəhdinin qarşısının alınması, Azərbaycan vətəndaşlığını sülh və barış şəraitində qəbul etməsi, ölkəmizin ictimai-siyasi və mədəni həyatına sıx inteqrsiya olunması naminə atılıb. Bu addım 5 il ərzində gerçəkləşdirilməlidir.
Amma özünü Rusiyanın diplomatı sayan Mariya Zaxarova (Putin ona Fövqəladə və Səlahiyyətli Səfir statusu hədiyyə edib) adlı sözçü anlamır ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi, öz hərbi kontingentini Qarabağın bir hissəsində azı(!) 5 illik müddətə yerləşdirən qonşu dövlət neytrallığını qorumalıdır. Məhz Minsk qrupunun bivecliyindən, vasitəçilərin turist səyahətlərindən, mənasız danışıqlarından, işğalçı ilə işğal edilənə fərq qoymadığından, ədalətsiz və haqsız mövqeyindən bezən Azərbaycan öz torpaqlarını təkbaşına, ordumuzun gücü ilə erməni faşistlərindən azad etməli oldu.
Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin 10 noyabr 2020-ci il tarixində imzaladıqları bəyanatda da Rusiyanın ağır məglubiyyətə uğramış Ermənistanı silahlandırması ilə bağlı maddə yoxdur. Görünür, Ermənistanın baş naziri Paşinyanın Rusiya silahlarının yararsızlığı barədə bəyanatları qonşu dövlətin xoşuna gəlib…
Odur ki, vaxtilə Yaponiyaya ordu yaradılması qadağasını alqışlayan bir dövlətin varisinin beynəlxalq birliyin işğalçı, təcavüzkar, terrorçu dövlət kimi tanıdığı Ermənistanı silahdırmaq cəhdinin əsl adı yaxşılığa yamanlıqla cavab verməkdir. Halbuki, məhz Rusiya Prezidenti Vladimir Putinin “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir” açıqlaması ilə çıxış etməsi ölkəmizdə necə böyük sevinclə qarşılanmışdı, hətta paytaxt sakinlərinin bəziləri minnətdarlıq əlaməti olaraq qonşu dövlətin bayrağını da Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı dalğalandırmağa başlamışdı. Biz, qonşu ölkədən fərqli olaraq, Azərbaycanın rus mənşəli vətəndaşlarının II Qarabağ savaşında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından və qanlarından keçdiklərini unuda bilmərik. Bu cür fədakarlığı isə ermənilərin çaldıqları havaya oynayan Mariya Zaxarova kimiləri anlaya bilməz. Zaxarova kimisinin sayıqlamasını “orta ranqlı rus məmurunun Azərbaycan Prezidentinə cavab verməsi” kimi qələmə verməyə çalışanlar unutmasınlar ki, Azərbaycanın dövlət başçısı onun ağalarını və erməni havadarlarını Vətən müharibəsində aslan övladlarımızın qəhrəmanlığı sayəsində əldə etdiyimiz parlaq Qələbə, qardaş Türkiyənin daim yanımızda olması, dost Pakistan, İsrail, İtaliya, Böyük Britaniya, Ukrayna və Gürcüstanla yaxın müttəfiqliklə susdurub.
Bu günlərdə Xankəndinin bir qrup erməni sakininin Şuşanın girəcəyindəki Azərbaycan hərbçilərinə müraciət edərək acından öldüklərini, ölkə vətəndaşlığını qəbul etməyə, Qarabağda gedən bərpa-quruculuq işlərində fəhlə kimi işləməyə hazır olduqlarını demələri Mariya Zaxarova və onun Ermənistanı silahlandırmağa çalışan ağalarına əsl cavabdır. Onlar avtomat deyil, məhz bel və külüng, başlıcası isə çörək istəməklə Maşaya Ayı xidməti göstərdilər…
Xatirə SADİQ