Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolu yenidən qurulur - FOTO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Paralel.az-a verilən məlumatan görə, İsmayıllı rayonunun Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolu yenidən qurulur.
Məlumatda bildirilib ki, 4 minə yaxın əhalinin yaşadığı 3 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdırılması məqsədilə, kənd təsərrüfatının, xüsusən də üzümçülüyün inkişafına gətirib çıxaracaq yol infrastrukturu layihəsinin icrası həyata keçirilir.
Çəkilən yolun uzunluğu 13 kilometr olan Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Çiyinlər atmosfer yağıntıları nəticəsində yuyulmaya məruz qaldığından aşağı, yolun bəzi hissələrində isə torpaq yatağı təbii relyef ilə eyni səviyyədə idi.
Agentlik tərəfindən yollar boyu torpaq yatağının deformasiyaya uğramış hissələri və yararsız örtüyü qazılaraq çıxarılıb, yolun normativ eninin alınması üçün genişləndirmə işləri aparılıb, qazılmış və genişləndirilmiş hissələrə, həmçinin yolun torpaq yatağının bərpası və yerin təbii relyef səviyyəsindən qaldırılması üçün yararlı material tökülərək kipləşdirmə işləri görülüb ardınca isə yeni yol yatağı inşa edilib.
Ümumilikdə tikintinin aparıldığı sahə 130 min kvadratmetrdən çox ərazini əhatə edib. Artıq yolun asfalt-beton örtüyünün tikintisi bitib, hazırda yol çiyinlərinin bərkidilməsi işləri davam etdirilir.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəklərinin və məsafə göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.
Şahnaz Salehqızı