Şabran rayonunun bir qrup sakini redaksiyamıza şikayət məktubu ünvanlayıb.
Paralel.az xəbər verir ki, sakinlər yaşadıqları ərazidəki küçənin yolu o haldadır ki, ora hətta təcili tibbi yardım maşını da getmir.
Şabran rayonu , 3 sotlar qəsəbəsinin, Babək küçəsinin sakinləri küçələrinin, yollarının bərbad olması səbəbindən yayda toz-torpaqdan, qışda isə palçıqdan əziyyət çəkdiklərini bildirirlər.
Bu küçəyə asfalt çəkilmədiyindən və yol bərbad gündə olduğundan payızda, qışda yağış yağanda buradan keçmək çox müşkülə çevrilir,sakinlər çox əziyyət çəkir. Hətta nəinki təcili yardım maşını, taksi sürücüləri belə, yol kələ-kötür olduğundan bu küçəyə gəlməkdən imtina edirlər, maşınıı küçənin başında saxlayırlar. Taksinin bu küçəyə girmək istəməməsindən çox vaxtı sakinlər yüklərini uzaq məsafədən əlləri ilə daşımalı olurlar.
Sakinlər onların səsini "Paralel" qəzeti və "Paralel.az" saytı vasitəsilə dövlətimizin başçısı, cənab İlham Əliyevə çatdırmağımızı xahiş edirlər.
"Neçə illərdir bu küçədə yolsuzluqdan əziyyət çəkirik. Lakin səsimizi eşidən yoxdur. Sanki bu küçə xəritədə yoxdur.İstəyimiz budur ki, küçəmizə asfalt çəkilsin, problemlərimizlə bağlı müraciət etdiyimiz Şabran icra hakimiyyətinin məsul şəxsləri səsimizi eşitsinlər. Bizim müraciətimizə cavab olaraq bildirirlər ki, büdcədə pul yoxdur. Qarşıdan qış, yağışlı günlər gəlir."
Maraqlıdır, görəsən Şabranlıların bu kiçik tələblərini doğrultmaq bu qədərmi çətindir?!
50-ə yaxın sakin aiddiyatı qurumlardan bu problemlərinin həll olunmasını xahiş edir.
Şahnaz Salehqızı