DİN, DYP-nin SMS-Radarları "çəp" görür
Bu gün-26 avqust səhər saat 10 radələrində maşınımı etibarnamə ilə idarə edən (hazırda avtomobilimi özüm idarə edirəm) Zeynalov İlham Piri oğluna SMS-radardan mesaj gəlib ki, «Yol hərəkət qaydalarını pozduğun üçün EQ 7573534 protokolu üzrə 26.08.2021 tarixindən etibarən icra qərarı qüvvəyə minib». SMS- Radarın təqdim etdiyi foto və vidio materiallardan isə açıq görünür ki, yol hərəkət qaydalarını pozan dövlət nömrə nişanı 90 VE 867 olan Mitsibusi-Airtrek avtomobili deyil, dövlət nömrə nişanı 90 VE 667 olan Niva markalı avtomobildir.
Bu barədə DİN-in 102 çağrı xidmətinə məlumat vermək istəsək də, qəbul etmədilər ki, qoy cərimə kimə gəlib o da, zəng eləsin (Bu, bilirsiniz nəyə bənzəyir? Biri zəng edib məlumat verir ki, bəs, filan yerdə adam öldürürlər, 102 də tələb edir ki, qoy öldürülən zəng eləsin. Gülməlidir, elə deyilmi?) onda qeydə alarıq.
Burada maraqlı məqamlar var. Birincisi, cərimə nə üçün maşın sahibinə deyil, maşını etibarnamə ilə sürən şəxsə gəlir? İkincisi, şikayəti maşın sahibi etdi, etibarnamə ilə sürən şəxs nə fərqi var?
Əsas məsələ odur ki, DİN, dövlət yol polisinin SMS-radarları ÇƏP görür və bunun da zərbəsi heç bir günahı olmayan insanlara dəyir.
Belə çıxır ki, bizim SMS-radara çıxışımız olmasaydı, gedib cəriməni ödəməliydik. Onda belə alınır ki, kimsə yol hərəkət qaydalarını pozacaq, SMS-radar bunu ÇƏP görəcək və heç bir yol hərəkəti qaydasını pozmayan vətəndaş cərimə ödəməli olacaq. Görəsən, buna görə kim məsuliyyət daşımalıdır? DİN-dən və DYP-dən bu sualımıza cavab gözləyirik.
Yusif Seyid