Paşinyan siyasi rəqiblərinə jest edir
Paralel.az xəbər verir ki, Ermənistan hakimiyyəti 2020-ci ilin oktyabrında Qarabağ nizamlanmasına dair aparılan danışıqlar barədə parlament müxalifətinə məlumat verməyə hazır olduğunu bəyan edib. Baş nazir Nikol Paşinyan parlamentdə hökumətin proqramını müzakirə edərkən belə deyib. Paşinyan siyasi rəqiblərin Qarabağ müharibəsini daha əlverişli şərtlərlə bitirməyə razı olmadığı iddialarına cavab verərək, oktyabrın 19-da onun təşəbbüsü ilə Milli Təhlükəsizlik Şurasının iclasına indi parlament müxalifətində olanların da çağrıldığını xatırladıb: “Mən onlara verəcəyim qərarı təqdim etdim. Amma bu razılaşma baş tutmadı, çünki Azərbaycan bu formada da onu pozmaq üçün yeni şərtlər təqdim etdi. Biz bunun sübutunu parlament komissiyasına verməyə hazırıq ki, 44 günlük müharibəni araşdırsınlar”.
Erməni mətbuatı qeyd edib ki, müxalifət Paşinyanı Şuşanın erməni tərəfinin nəzarətində qalması şərtilə müharibəni bitirməkdən imtina etməkdə günahlandırıb. Paşinyan isə belə olan halda, 1988-ci ilə qədər orada yaşayan azərbaycanlıların Şuşaya qaytarılacağını, eyni zamanda, Qarabağın qalan hissəsi də daxil olmaqla, təhlükəsizlik məsələlərinin olmayacağını söyləyib.
Nigar