Türkiyə və Azərbaycan əsgərləri Əfqanıstanı tərk edirlər

Türkiyə və Azərbaycan əsgərləri Əfqanıstanı tərk edirlər
 
Siracəddin Hacı yazır: "Türk əsgəri NATO-nun tərkibində Əfqanıstana getmişdi, məqsəd Əfqanıstanın təhlükəsizliyini təmin olunmasında, bu ölkənin yenidən inşasında iştirak etmək idi. Türk əsgərinin ən önəmli özəlliyi bu idi ki, o, heç bir savaşda iştirak etmədi, bu işləri gördü: Əfqan xalqı ilə mərhəmət və yardıma əsaslanan əlaqəni təmin etdi, əfqan əsgərlərinə hərb elmini öyrətdi, səfirlikləri qorudu, türk firmalarının yollar çəkməsinin, məktəblər açmasının, xəstəxanalar tikməsinin yolunu açdı, dövlət qurumlarının formalaşmasını dəstəklədi, Kabil hava limanının təhlükəsizliyini təmin etdi, bu limanda pasport xidmətini, texniki təchizatı, təyyarələrin qorunmasını, enerji ilə təmin olunmasını gerçəkləşdirdi...
Əfqan xalqı həm tarixi ənənə, həm də türk əsgərlərinin səmimi yardımına görə onları çox sevdi, o dərəcədə sevdi ki, başqa ölkələrin əsgərləri Əfqanıstanın küçələrinə çıxanda təhlükəsizliyini qorumaq üçün hərbi geyimlərinə türk bayrağının simvolunu taxmaq ehtiyacı hiss etdi.
Türkiyə əsgərlərinin Əfqanıstanda qalmasını çox istədi, bu məqsədlə müxtəlif vasitələrlə Talibanla əlaqə qurdu, arzusu bu idi ki, Əfqanıstanın yeni dönəmində daha güclü biçimdə iştirak etsin, siyasi, iqtisadi maraqlarını qorusun, köçü dayandırsın, Əfqanıstanın dünya ilə bağını təmin etsin, ancaq ABŞ-ın Əfqanıstanı təslim etdiyi Taliban bununla razılaşmadı, türkləri çox sevirik, ancaq türk əsgərini Əfqanıstanda görmək istəmirik deyərək etiraz etdi. Bunun səbəbləri var:
a) Taliban Türkiyəyə bazarlıq təklif etdi, məni tanı, əsgərlərin Əfqanıstanda qalsın. Türkiyə Talibanı tanımağa tələsmir, onun dünyada tanınmasına vasitəçi olmaq istəmir, ehtiyatlı xoş niyyət göstərir, dialoq qapısını açıq tutur, Əfqanıstan xalqına hər cür yardım etməyə hazır olduğunu bildirir;
b) Taliban biz müstəqil və suveren dövlətik mesajı verir;
c) Türk əsgərinə NATO əsgəri kimi baxır;
d) Taliban təkbaşına qərar vermir, onu idarə edənlər Türkiyənin Əfqanıstanda qalmasını istəmirlər;
e) Taliban zəfər sərxoşluğu içindədir, gerçəkləri tam qavramır, Türkiyənin önəmini dərk edə bilmir;
Türkiyə israr etmədi, əsgərini geri çəkmək qərarı aldı. İsrar etsəydi, Talibanla üz-üzə gəlmək ehtimalı ortaya çıxacaq, onunla əlaqə qapısı bağlanacaq idi, Əfqanıstandakı türk məktəblərinin, iş adamlarının fəaliyyəti təhlükələrlə üzləşəcək idi. Türkiyə inanır ki, Taliban qısa zamanda ona olan ehtiyacı hiss edəcək, münasibətlər yenidən başlayacaq.
Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında Əfqanıstanı tərk edən türk əsgərinin haraya yerləşdiriləcəyi dəqiq göstərilməyib. Əgər türk əsgəri Pakistana yerləşsə, bu onun tezliklə geriyə dönmə ehtimalının olduğunu göstərəcək, Türkiyəyə qayıtsa, bu, türk əsgərinin Əfqanıstana yenidən qayıtmasının uzun bir proses olacağına işarə edəcək.
 

Paralel.az

0.016491889953613