Qəribə adam

Qəribə adam
 

Azərbaycan səhiyyəsinin reallıqdarını özündə əks etdirən bu yazını axıra qədər oxusanız bəlkə , həmin insanın özünüz olduğunuzu düşünəcəksiniz.

 Qasım kişi işdən yorğun gəlib, atasından qalan nimdaş divana əyləşdi. Xanımı çay tədarükü üçün mətbəxə keçir. Oglu qonşu otaqda televizora baxır. Qasım kişi öz kasıb güzaranının fikrini çəkə-çəkə çay gözləyir.

Gözünü açanda özünü qeyri-adi bir məkanda görür.

-Bura haradır, mən bura necə düşmüşəm?

Bu an qapı açılır, 40-45 yaşında xalatlı adam gülə-gülə:

-Maşallah, maşallah gördün , bütün çətinliklərə baxmayaraq, səni o dünyadan qaytardıq.

Qasım kişi fikirləşdi ki, dünən işdə yaranan stressdən sonra, yəqin halı pisləşib onu buraya gətiriblər. Həkim isə elə hey danışır, Qasım kişini inandırmağa çalışır ki, o, olmasaydı, artıq o biri dünayda olacaqdı.

-Sizə kim dedi ki, məni o dünyadan qaytarın, heç məndən soruşduz ki, mən qayıtmaq istəyirəm, ya yox?

-Müəllim, qəribə adamsınız ey, 5 nəfər, 5 saat əlləşib, tər töküb ki, sizi yenidən həyata qaytarsınlar, siz mənimlə zarafat edirsiniz, olmadı ki...

-Sizi birinci dəfə görürəm, sizinlə zarafatım ola bilər, mən çox ciddi deyirəm.

-Yaxşı, siz deyən olsun, gəlin ciddi şeylərdən danışaq. Sizin ürəyinizdə ciddi problem var, tez bir zamanda əməliyyat olunmalısınız...

-Olmasam olacaq?

-Həyatda qalmaq şansınız çox azdır, yaxınlarınıza da demişik. Biz yenə çılışacağıq ki, sizə kömək edək. Onu da bilməlisiniz ki, bu çox ağır əməliyyatdır xərci az deyil.

-Məsələn, qədər?

-Təxminən 10-15 min manat, baxır müalicənin gedişatına.

-Çox nahaq yerə yaxınlarıma demisiniz, mən əməliyyat olunmaq barədə heç düşünmək belə istəmirəm. Allahın verdiyi ömürdür bitdi, qurtardı, sizin pul müqabilində verəcəyiniz həyat mənə lazım deyil. 

-İnadınızdan əl çəkin, mən sizinlə ciddi danışıram, ürəklə zarafat olmaz. Sizi ilk əvvəl müayinə edəcək, bir çox prosedurlardan keçirəcəyik. Yaşınız çox olduğundan əməliyyat da  ağır keçəcək, bunu da bilmənizi istəyirəm.

-Yaxşı, sözünüz bitdi?

-Necə yəni?

-Mənə bax cavan oğlan, sənə həkim deməyə belə, dilim gəlmir, səhərdən mənimlə can bazarlığı edirsən. Amma heç fikirləşmisən ki, o qədər pulu mən hardan tapacağam? Sənin dediyin məbləği ödəmək üçün mən gərəkdir ki, evimi satam, ailəmi uşaqlarımı küçəyə atam, yaxud da həmin evi banka girov qoyub, pulu oradan alam. Sən mənə təminat verirsənmi ki, mən həmin borcu ödəyənə qədər yaşayacağam, lap deyək ki, yaşadım, bu o demək deyilmi ki, mən qalan ömrümü sənə hamballıq üçün yaşayıram hələ üstəlik sənə pul da ödəyirəm...

-Əsəbləşməyin, hər şey Allahın əlindədir, biz ona təminat verə bilmərik. Biz ancaq əlimizdən gələni edib, sizə kömək etmək istəyirik.

-Bax, indi düz danışdın, yoxsa, səhərdən mənə nağıl danışırsan. Mənim cibimdə cəmi 20 manat pulum var, onu da sənə vermək fikrim yoxdur, çünki onu sənə versəm, bir həftə gərək evə çörəyi borca alam. Sən başlamısan, 5 min belə gəldi, 10 min belə getdi. Qısaca de ki, sənin işin Allahlıqdır, vəssalam!

-Çox qəribə adamsınız müəllim, başa düşmək istəmirsiniz ki, vəziyyətiniz çox ağırdır.

-Mən hər şeyi çox yaxşı başa düşürəm, amma bir şeyi anlaya bilmədim, mənim işim Allahlıq olduğu halda, sizə üçün bir ətək pul verməliyəm?

Həkim əsəbi halda:

-Özünüz bilərsiniz, mən həkimlik borcumu yerinə yetirdim.

Həkim otaqdan çıxar-çıxmaz Qasım kişi otağın küncündəki stulun üstündəki paltarlarını geyinərək, xəstəxanadan qaçır. Bir taksiyə minib, yaşadığı ünvana gəlir. Elə liftdən çıxır ki, həyat yoldaşı oğlu ilə rastlaşır. Onlar təəccüblə:

-Sən burada gəzirsən?

Qasım kişi bir sağa, bir sola baxır təəccüblə:

-Məgər səhv gəlmişəm, bura mənim evim deyil?

-Sənin evindir, sənin keç içəri, ayaq üstə dayanma.

Qasım kişi evə keçir.

-Həyat yoldaşı susmaq bilmədən danışır:

-Bilirsən, dünən evdə oldu, həkim elə dedi, belə dedi. Rusiyadakı qardaşlarına da xəbər vermişəm ki, vəziyyətin ağırdır. Bizdə o qədər pul gəzir onlara verək.

Qasım kişi bir xeyli susur, sonra telefonu götürüb, Rusiyada yaşayan qardaşına zəng edir:

-Salam qardaş, var, yox?

-Əleyküm salam, biz tərəfdən narahat olma. Bu gün axşama orada olacağıq, pulun da fikrini eləmə, özündən muğayat ol, tezliklə görüşərik.

-Dayan görüm, Bakıya mənə görə gəlirsinizsə buna ehtiyac yoxdur. Həkimlər səhv ediblər, məndə heç bir şey yoxdur. Özüm evdəyəm. Gəzməyə gəlmək istəyirsinizsə, gözüm üstə yeriniz var. Di salamat qalın, hamıya salamlar.

Evdəkilər biri-birilərinə baxır, gözlərini döyür Qasım kişinin danışdıqlarından heç anlamırlar.

-Ay kişi, bir əməlli başlı danış görüm oldu, bu boyda da səhv olar? Gecə səhərə qədər gözümüzə yuxu girməyib, fikirləşməkdən artıq ürəyimdə təpər qalmayıb,görəsən olacaq, necə olacaq.

-Allah sizdən razı olsun, gedin istirahət edin, mən gedim işimin-gücümün dalınca.

Bu əhvalatdan 15 ildən artıq zaman keçib, Qasım kişi bu gün , işində-gücündədir. Artıq yaşı da 70-i haqlayıb. İndi söhbət düşəndə zarafatla deyir:

- yaxşı ki, o vaxt xəstəxanadan qaçdım. Yoxsa, həkimlər pul xatirinə məni doğrayıb, şikəst edəcəkdilər. Allah insanlarımızı bu kimi "həkim"lərdən qorusun. 

 Hekayə olmuş hadisə əsasında qələmə alınıb.

 Yusif Seyid

0.024623155593872