Biz nədən "ƏL-Cəzirə" yarada bilmirik?
Bu gün Azərbaycan mediası CNN-Türkdə dövlət başçısının müsahibəsini, ƏL-Cəzirədə Qarabağ həqiqətlərinin işıqlandırılmasını, Dünya şöhrətli fotojurnalist Reza Deqati Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə bağlı çəkdiyi fotoları instaqram səhifəsində paylaşmasını fəxrlə tirajlayır. Bunlar, bəlkə də çox gözəldir, amma bu gözəlliklərin arxasında gərgin əmək və milyonlarla dollar yatır.
Bu gün Azərbaycan həqiqətlərini Azərbaycan mediasından orijinal heç bir media işıqlandıra bilməz. Amma bizim diqqətimiz dünyada tanınmış telekanallarda, saytlarda və qəzetlərdədir. Biz Azərbaycan-Ermənistan münaqişəsi barədə həqiqətlərin, məhz o media quruluşlarında geməsində maraqlıyıq. Nə üçün?
Məsələn, Reza Deqatin aşağıdakı statusu bizim işğal altında olan ərazilərimizə səfər edən jurnalistlərin təəssuratlarından daha təsirli ola bilməz: "2020-ci ilin oktyabrından bu günə qədər, 1992-ci ildən bəri Qarabağın işğalı dövründə baş verən dağıntıların fotoşəkillərini çəkirəm. Amma hələ yarısını belə çəkə bilməmişəm. Bu arada, demək olar ki, dərhal başlanan yenidənqurma işləri və yeni planlar bölgənin parlaq gələcəyini göstərir.
Əsas maneə, erməni qüvvələri tərəfindən qoyulan milyonlarla minalardır ki, hətta üçtərəfli müqaviləni imzaladıqdan sonra da, Ermənistan hökuməti bütün beynəlxalq qanunlara zidd olaraq mülki insanların ölümünə səbəb olan və yenidənqurma işlərini gecikdirməyə gətirib çıxaran mina xəritələrini verməkdən imtina edir".
Bizim üçün nə qədər zəif görünsə də, Reza Deqatin təəsuratları daha əhəmiyyətlidir. Bunun əsas səbəbi ondan ibarətdir ki, Azərbaycanda beynəlxalq səviyyədə sözünü deyən, dünya ictimaiyyətinin diqqətini çəkə bilən bir media quruluşu yoxdur. Bəlkə də bu, sistemlə, quruluşla bağlı bir məsələdir. Ola bilər, amma diqqətinizi 1,5 milyon əhalisi, dövlət quruluşu monarxiya olan Qətərə cəlb etmək istərdim. Qətərin rəsmi dövlət quruluşu konstitusiyalı monarxiyadır, bu o deməkdir ki, ölkəni diktator idarə edir, hakimiyyət Əmir Təmim bin Həməd Al Sani-yə tabedir, o, ölkəni təkbaşına, öz iradəsi ilə idarə edir. Konstitusiya isə formal olaraq yazılmış sənəddir. Belə bir ölkənin Əl-Cəzirə kimi dünya şöhrətli televiziyası var. Azərbaycanı nə qədər tənqid etsələr də, demokratiyada, insan azadlıqlarının təmin edilməsində Qətərdən xeyli öndədir. Bəs onda nədən öndə olan biz öz problemlərimizi dünya ictimaiyyətinə çatdırmaq üçün ƏL-Cəzirəyə möhtacıq? Qətər kimi Avtoritar monraxiya Əl-Cəzirə yarada bilirsə, deməli Azərbaycanda da belə bir media quruluşunu yaratmaq olar.
Bu yaxınlarda media kapitanlarına Əl-Cəzirənin əməkdaşlarının iştirakı ilə treninqlər keçirdilər. Həmin treninqlərdə məlum oldu ki, bizim media kapitanlarının jurnalistika qabiliyyəti və bilgisi ƏL-Cəzirənin əməkdaşlarından heç də geri qalmır. Deməli, beynəlxalq səviyyəli media quruluşu yaratmaq üçün potensial və kifayət qədər istedalı jurnalistlərimiz var. Elə isə nədən bizim AzərTAC və s. ƏL-Cəzirə səviyyəsinə qalxa bilmir, bizim foto-müxbirlərimiz Reza Deqati ola bilmir?
Bunun üçün potensial və bacarıqlı kadrlar varsa, deməli çatışmayan maliyyə və söz azadlığıdır. Biz bütün cəmiyyətin söz azadlığını nəzərdə tutmuruq, heç olmasa saylı mediaya söz azadlığı və maliyyə imkanları yaratmaqla Azərbaycanda bir neçə ƏL-Cəzirə kimi dünya şöhrətli telekanal qurmaq olar. Bu Azərbaycan üçün çox vacibdir, çünki beynəlxalq ictimaiyyətin nəzrinə çatdırmalı kifayət qədər məsələlərimiz var. Hesab edirik ki, həyata keçirilən çoxmilyonlu iqtisadi layihələrlə yanaşı, beynəlxalq səviyyəli media quruluşunu yaratmaq da vacib məsələlərdən biridir.
Akif Nəsirli
Paralel.az