Siracəddin Hacı şərh edir...
IV Yazı (əvvəli ötən saylarımızda)
Fatihə surəsinin mesajları
6) İstiazə – şeytanin şərindən Allaha siğin!
- şeytan qəlblərə vəsvəsə verir;
- şeytan bədəndə qan kimi dolaşır;
- şeytandan qorunmağın yolu Allaha sığınmaqdır;
- Allaha sığınmaq insanın sahibsiz olmadığını bilməsidir;
- sahibsiz olmadığını bilmək insanın mənəvi gücünü artırır;
- insan Allahın onunla birlikdə olduğunu biləndə hüzura qovuşur;
- niyyət, ağıl, qəlb, vicdan təmiz olmadan Allahın xeyir, bərəkət və rəhmətindən doyunca yararlanmaq mümkün deyil;
- istiazə deyir ki, təmizlən ki, təslim olasan, təslim ol ki, ilahi rəhmətlə doyasan, ilahi rəhmətlə doy ki, hüzura qovuşasan;
- Allah buyurur: “Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz, O, eşidəndir, biləndir”; (Əraf, 7/200)
- Allah buyurur: “Şübhəsiz, Allaha qarşı məsuliyyət şüuru olan insanlara şeytandan bir vəsvəsə toxunduğu zaman onlar Allahı xatırlayar, o an həqiqəti (gerçəyi) görərlər”; (Əraf, 7/201)
- Allah buyurur: “De: Rəbbim! Şeytanın vəsvəsələrindən Sənə sığınıram!”; (Möminun, 23/97)
- Allah buyurur: “Vəsvəsə verən, Allahın adı çəkiləndə hövlündən geri çəkilən şeytanın şərindən, o şeytan ki, insanların qəlblərinə vəsvəsə fısıldayır, (o şeytan) cinlərdən də olur, insanlardan da. (Onlardan insanların Rəbbinə, insanların Məlikinə, insanların İlahına sığınıram”); (Nas, 114/4-6)
- Allah Rəsulu buyurur ki, şeytandan Allaha sığınmaq qəzəb atəşini söndürür; (Riyazüs-salihin, c. 1, s. 264-265)
- Allah Rəsulu şeytanın şərindən qorunmaq üçün bu duanı öyrədir: “Kim evindən çıxarkən Allahın adı ilə çıxarsa, Allaha güvənirəm, günahlardan qorunmaq
ancaq Allahın yardımı ilə, Onun verdiyi güclə mümkündür deyərsə, ona: “Doğru yola yönəldildin, ehtiyacların təmin edildi, düşmənlərindən qorundun”, - deyə cavab verilər. Şeytan da ondan uzaqlaşar”; (Riyazüs-salihin, c. 1, s. 361)
Allah Rəsulu buyurur: “Bir şeytan o biri şeytana deyər: “Hidayətə qovuşmuş, ehtiyacları təmin edilmiş, qorunmuş insana sən nə edə bilərsən ki?”; (Əbu Davud, Ədəb, 103)
İstiazənin hökmü ilə bağlı fərqli görüşlər var: bir sıra müctəhidlərə görə, istiazə ayəsi əmr feili ilə bitir, ona görə də istiazə etmək fərzdir (ilahi əmrdir). Alimlərin çoxuna görə isə bu, tövsiyə əmridir, fərz deyil, gözəl işdir, təşviq edir, xeyirli davranışdır.
Uca Allah buyurur ki, pisliyə qarşı yaxşılıq edərək insanlardan gələcək bəlalardan qurtulmaq, istiazə oxuyaraq da şeytanın vəsvəsələrindən (“vəsvəsə” insanın qəlbinə mənfi duyğular gətirmək, fısıltı ilə danışmaq, gizli söyləmək deməkdir, o, insanın ağlını örtür, iradəsinə təsir göstərir, Allahı unutdurur, ümidsizliyə sürükləyir. “Vəsvəsə” sözünə Qurani-Kərimdə beş dəfə yer verilmiş, dörd dəfə feil, bir kərə də isim kimi işlədilmişdir: 7/20; 20/120; 50/16; 114/4-5) xilas olmaq mümkündür. (Möminun, 23/96-98)
İstiazə insana deyir ki, ey insan, sən şeytandan güclüsən, onu məğlub edə bilərsən, yetər ki Allaha təslim ol. İstiazə maddi və mənəvi şərlərdən qoruyur, insanın imtahan şüurunu (sən imtahan üçün yaradıldın, ey insan, şeytanın varlıq səbəbi bu dünyanın imtahan dünyası olmasıdır, o, sənin açıq düşmənindir) təzələyir, insanın xeyir yönü ilə şər yönü arasında gedən davamlı savaşda xeyirin qalib gəlməsi üçün insanın ağıl, qəlb, vicdan və iradəsini diri tutur, ayıq saxlayır, tədbirli olmağa çağırır.
Namazda istiazə söyləmək Qurani-Kərimi oxumaq üçündür. Bu, Əbu Hənifə və tələbəsi İmam Məhəmmədin görüşüdür. Əbu Hənifənin başqa bir tələbəsi Əbu Yusif isə fərqli düşünür, namaz üçün olduğunu söyləyir.
Alimlərin fikrinə görə, istiazə namazdakı qiraətdən öncə oxunmalıdır.
İstiazə insanın ağlını, qəlbini, dilini təmizləyir. İstiazə Allahdan yardım istəmək, Onun qüdrətini etiraf etmək, Ona möhtac olduğunu bilmək, insanın açıq
düşməni olan şeytanın şərindən yalnız Ona sığınmaqla (Onun qoyduğu ölçülərlə yaşamaqla) qurtulmağın mümkünlüyünə inanmaqdır.
7) Fatihə surəsinin ayələrinin anlamı
“Bismillahir- ir Rəhman-ir Rəhim”
1. BƏSMƏLƏ
Qurani-Kərimin yüz on dörd surəsi var. Tövbə surəsindən başqa, bütün surələrin əvvəlində Bismillah-ir Rəhman-ir Rəhim ayəsi (bəsmələ) yazılmışdır. Bu ayə fərqli biçimlərdə tərcümə olunmuşdur: “Rəhman və Rəhim olan Allahın adı ilə”, “Rəhman və Rəhim Allahın adına”, “Rəhman və Rəhim olan Allah adını anaraq”, “Rəhman və Rəhim olan Allahdan yardım diləyərək”.
Bir sıra tərcüməçilər də ayəni “Rəhman və Rəhim olan Allah eşqinə” biçimində tərcümə etmiş və demişlər ki, ayənin əvvəlindəkı “ba” hərfi səbəbiyyət anlamı daşıyır, bu tərcümə ayəyə həm Rəhman və Rəhim olan Allahın adı ilə anlamını, həm də Allahın rizasını istəyirəm mənasını yükləyir.
Bəsmələ insana işə Allahın gözəl adlarını söyləyərək başlamağı öyrədir, deyir ki, hər işə Ondan yardım istəyərək başla.
Bəsmələ insana deyir ki, sən Onun verdiyi güc və imkanla hərəkət edirsən, sahib olduğun hər şeyi Ona borclusan, hər işdə niyyətin Allahın rizasını qazanmaq olsun.
Bəsmələ Allahı unutmamaqdır, O, hər işimə şahiddir şüurudur, insan həyatın yükünü təkbaşına çəkə bilməz anlayışıdır, uğur Ondandır düşüncəsidir, gücün qaynağı, mülkün gerçək sahibi Odur inancının ifadə biçimidir.
Bəsmələ insanın Allaha söz verməsidir: mən Sənin ölçülərinlə yaşayacaq, yer üzünün xəlifəsi olmaq missiyasını yerinə yetirəcək, gözəlliyi, xeyiri, bərəkəti, ədaləti çoxaldacaq, gözəl işləri əmr edib, pis işlərdən çəkindirəcək, tövhid əqidəsini təbliğ edəcək, Ona xəyanət etməyəcəyəm.
Bəsmələdə tövhid cümləsinin (la ilahə illallah- Allahdan başqa ilah yoxdur) də anlamı var, belə ki, bu cümlənin “la ilahə” (“ilah yoxdur”) hissəsi bütün saxta ilahları rədd edir. “İllallah” hissəsi də həqiqi, tək, bənzərsiz ilahın Allah olduğu inancını qəlbə yerləşdirir.
Bəsmələ öncə insanın ağıl və qəlbini Allaha qulluğa mane olan mənəvi kirlərdən təmizləyir, sonra insanla Allah arasında sağlam bağ qurur, sonra da Onun adı ilə doğru qapıları açır.
Allah Rəsulu hər işi bəsmələ ilə başlamışdır, səhabələr də Onun yolunu davam etdirmişlər. O buyurur: “Rəhman və Rəhim olan Allahın adı ilə başlamayan hər iş xeyirsizdir (yarımçıqdır, qısırdır)”.
Əbussuud Əfəndi yazır ki, Allahın adı ilə başlamayan bir iş dinə görə yox hökmündədir.
Bəsmələnin vəhylə əlaqəsi var. Qurani-Kərimin nazil olan ilk ayəsi “Oxu, yaradan Rəbbinin adına”dır. Bu halda, bəsmələ deyir ki, ey Məhəmməd, çox mərhəmətli Allahın adı ilə oxu. Bu, Sənin sözün deyil, Onun sözüdür. Allah qullarını çox sevdiyinə görə bu surəni sənə nazil etdi.
Seyyid Kutub deyir ki, bəsmələ islamın ədəb qaydasıdır, bu ədəb islam düşüncəsinin ana ölçüsü olan “Əvvəl və Axir, Zahir və Batin Odur” (Hədid, 57/3) ayəsi ilə uyum halındadır.
Bəsmələ deyir ki, hər varlıq varlığını “vacibül-vücud olan” (Onun varlığı Özündəndir, var olmaq üçün bir başqa varlığa möhtac deyil) Allahdan alır.
Bəsmələ deyir ki, hər şey, hər başlanğıc, hər hərəkət, hər yön Onun adı ilə başlayır.
İşə bəsmələ ilə başlamaq insanı pisliklərdən uzaq tutar, uca Allahın rizasını qazandırar, ilahi yardım və nemətlərə yol açar, şeytanın şərindən qoruyar.
Bilinməlidir ki, ilahi qanun insandan Allaha doğru işləyir, yəni kim Ona yönəlsə, O da ona yönələnə yönələr.
Bəsmələ insanın dilindən söylənilir. Allah bu yolla insana Ondan istəməyi öyrədir.
Bəsmələ Allahın adından yardım istəmək, xeyir və bərəkətə yol açmaq üçün Onunla əlaqə qurmaqdır.
Allah işə mərhəmətlə başlayır, ölçü qoyur: sən də mərhəmətli ol, ey insan!
Bəsmələnin Fatihə surəsindən olmadığını deyənlər onu namazda açıq (səsli) oxumazlar.
Bəsmələni Fatihə surəsinin ilk ayəsi hesab edənlər onu namazda açıq (səsli) oxuyarlar.
İmam Şafii və İmam Əhmədin fikri budur ki, namazda bəsmələ (açıq) oxunmalıdır (səsli qılınan namazlarda səsli, səssiz qılınan namazlarda səssiz oxunar).
İmam Əbu Hənifə deyir ki, bəsmələ namazda səsli oxunmaz, gizli (səssiz) oxumaq sünnədir.
İmam Malik deyir ki, bəsmələ namazda səsli də, səssiz də oxunmaz.
İbn Kəsir bəsmələnin oxunub oxunmaması ilə bağlı görüşləri ümumiləşdirərək yazır: “Əslində, bu görüşlər bir-birinə çox yaxındır, belə ki, bütün alimlər bəsmələ açıq oxunsa da, gizli oxunsa da, namaz qəbul olunar deyir”.
Alimlər deyirlər ki, dəstəmaz alarkən bəsmələ oxumaq gözəl əməldir.
İmam Şafii deyir ki, heyvan kəsərkən bəsmələ oxumaq vacibdir.
Yeməyə bəsmələ ilə başlamaq islami davranışdır. Allah Rəsulu buyurur: “Bismillah de, sağ əlinlə və önündəkindən ye”.
Alimlər deyirlər ki, bir kişi xanımı ilə münasibətdə olmazdan öncə bəsmələ oxumalıdır. Onlar dəlil olaraq Allah Rəsulunun bu hədisini göstərirlər: “Sizdən biriniz xanımına yaxınlaşmaq istəyəndə Bismillah desə, sonra Allahım, şeytanı bizdən uzaqlaşdır, bizə ehsan edəcəyin övladdan da şeytanı uzaqlaşdır söyləsə, bir övladı olsa, şeytan əbədi olaraq ona zərər verə bilməz”.
Bəsmələ Allahın üç adını əhatə edir: Allah, ər-Rəhman, ər-Rəhim. Bəsmələ Qurani-Kərimdən bir ayə olmasa idi, kitaba yazılmazdı.
Bəsmələ deyir ki, Allah hər an insanladır, insan da hər an Onunla olmalıdır, O, hər an həyata müdaxilə edir, insan həyatı Allah şüuru ilə yaşayanda özünü güvəndə hiss edir, bu imtahan dünyasının ağır yükü altında əzilmir. Bu dünyadakı həyatını Allahsız yaşayan insan axirət səadətini qazana bilməz.
Bəsmələ əhdə vəfadır, insanın sahib olduğu hər şeyi Allaha borclu olduğunu bilməsidir.
Bəsmələ sadəcə Qurani-Kərimin deyil, bütün vəhylərin təlimidir, belə ki, Nuh peyğəmbər gəmisini bəsmələ ilə hərəkət etdirmiş, (Hud, 11/41) Süleyman
peyğəmbər kraliça Belkısa yazdığı məktubu Onun adı ilə başlamışdır (Nəml, 27/30) O, son elçisinə buyurur ki, Sən də onların (öncəkilərin) yoluna tabe ol. (Ənam, 6/9) Allah buyurmuşdur ki, açıq, ya da örtülü biçimdə Onun adını yasaqlayanlardan daha zalım kimsə yoxdur. (Bəqərə, 2/114)
Bəsmələ oxuyan Allaha həmd və şükür etmiş olur, bilir ki, işini Onun verdiyi güclə yerinə yetirir. Qurani-Kərimi bəsmələ ilə oxumağa başlamaq bu mübarək kitabın qaynağını – Allahı xatırlamaq, Onun sıradan bir söz deyil, kəlamullah olduğunu bilmək, Onu göndərənə həmd etməkdir.
Allah buyurur ki, şükür etsəniz, nemətimi artıraram (İbrahim, 14/7), bəsmələ şükür olduğundan nemətin bərəkətini cəlb edər. Qurani-Kərimin xeyiri, bərəkəti, nuru insanı qaranlıqlardan aydınlığa çıxarar.
Qurani-Kərimin açarı bəsmələ, bəsmələnin açarı da əvvəlindəkı “be” ədatıdır. Bu ədat iki şeyi bir-birinə bağlayır, aralarında körpü olur, əlaqələndirir. Bu bağ insanla Allah arasında əlaqə qurur, ölümlü olanı ölümsüzə, dünyanı axirətə, bədəni ruha bağlayır...
Bəsmələ bir duadır, bəsmələ oxuyan bir insan Allahdan yardım istəmiş olur, deyir ki, Allahım, Sən mənə güc verməsən, bu işi yerinə yetirə bilmərəm, Sənə ehtiyacım var.
Bəsmələ zikirdir, zikir unudulan həqiqəti xatırlamaqdır, onun məqsədi Allah şüurunu insanın ağlına, qəlbinə, vicdanına yerləşdirməkdir.
Qurani-Kərimi bəsmələ ilə oxumağa başlamaq Onu Allah adına oxumaq deməkdir. Allah Rəsulu Qurani-Kərimi Allahın adından insanlara çatdırmışdır. Bizim üçün Qurani-Kərimi Allahın adı ilə oxumaq Onun ilahi rəhmətin nəticəsi olduğunu bilməkdir. Bəsmələ ilk nazil edilən “Rəbbinin adı ilə oxu” ayəsinin hökmünün yerinə yetirilməsidir.
Bəsmələ bizə bir həqiqəti də öyrədir: bir heyvanı Allahdan başqasının adına kəsmək haramdır, o heyvanın əti yeyilməz. (Bəqərə, 2/173; Maidə, 5/3; Ənam, 6/145) Can (hər can) Onun əmanətidir, hər canı O yaratmışdır, heyvanı Allahın adı ilə kəsmək Ondan icazə almaq, bu nemətin gerçək sahibinin Allah olduğunu bilməkdir.
Ardı var..
Siracəddin Hacı