Təhsil nazirimiz Emin bəyə və tanınmış jurnalistimiz Eynulla bəyə dostcasına açıq məktub
1-ci məqalə
Bu yaxınlarda beynəlxalq aləmdə də geniş tanınan haqqın.az saytında hörmətli təhsil nazirimizlə Eynulla bəyin müsahibəsini oxudum. Başım semestr imtahanlarına qarışdığından dərhal öz münasibətimi bildirə bilmədim. Belə bir müsahibəyə görə onların hər ikisinə təşəkkür edirəm. Müsahibə təhsil sistemimizlə, onun idarə edilmə prinsipləri ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirdi. Onların hər ikisinə hörmətim var. Ona görə də bir dost münasibəti ilə bu müsahibə ilə bağlı öz fikirlərimi bildirmək istədim. Bu məktubu yazmamın bir əsas səbəbi də odur ki, uzun illər həm öz istəyim, həm vəzifə borcum olaraq təhsil sistemimizin arzu edilən bir halda olmasına çalışmışam. Ömrüm uzunu apardığım elmi araşdırmalar, təklif etdiyim nəzəriyyələr də təhsil sistemimizin təkmilləşməsi üçün yeni imkanlar yaradıb. Bu sahədə konkret təkliflər hazırlamışam. Amma təəsüf ki, hər zaman təhsil sahəsinə məsul adamların etinasızlığı ilə üz-üzə qalmışam. Hörmətli nazirimizin məsələlərə konstruktiv münasibəti mənə ümid verdi ki, bu dəfə etinasızlıq olmaya da bilər...
Uzun müddətdir ki, bir çox mütəxəssislərimiz Milli Təhsil Konsepsiyamızın yaradılması zərurətindən danışır. Hər dəfə bu barədə eşitdikdə mən bir qədər kədərlənirəm. Axı ölkəmizdə belə Təhsil Konsepsiyası hələ 1994-cü ildə mənim tərəfimdən təklif edilmişdi. O zaman AMEA-nın Rəyasət Heyətinin birinci mərtəbəsindəki dəyirmi zalda mənim o vaxt rəhbərlik etdiyim Milli Məclis yanındakı Humanitar Tədqiqatlar və Proqnozlaşdırma Mərkəzi tərəfindən təqdim edilmişdi. Amma kədərli cəhət orasıdır ki, o zaman bu konsepsiya topa-tüfəngə tutulmuşdu. O vaxt Prezident Aparatında təhsil məsələlərini kurasiya edən məşhur xanım və təhsil naziri bu konsepsiyanı yaxına buraxmamışdı. Sonralar da mən dəfələrlə həmin konsepsiyanı o xanıma və Təhsil Nazirliyinə təqdim etsəm də müsbət bir nəticə olmadı. Bu müsahibəni oxuyanda da hiss etdim ki, belə bir konsepsiyaya ehtiyac vardır. Əgər o konsepsiya ortada olsaydı, o zaman bu müsahibədə bir çox məsələlərə daha çox aydınlıq gələ bilərdi.
Milli Təhsil Konsepsiyası dedikdə bir çoxları sanki qorxur. Burada kiməsə xoş gəlməyəcək hansısa bir millətçilik elementləri axtarırlar. Amma çox nahaq. Milli Konsepsiya dedikdə, beynəlxalq aləmdə də qəbul olunmuş terminə uyğun olaraq milli səviyyə nəzərdə tutulur. Yəni BMT – nin də bütün fəaliyyətində hansısa bir Fəaliyyət Proqramı hazırlananda bir beynəlxalq səviyyə nəzərdə tutulur, bir də ayrı-ayrı ölkələrin xüsusiyyətlərini nəzərə alan milli səviyyə. Milli Təhsil Konsepsiyası konkret bir ölkənin mahiyyətinə uyğun olaraq, onun xüsusiyyətlərini nəzərə alaraq daha uğurlu təhsil sistemi qurmağa kömək edən konsepsiyadır. Dərhal sual verilə bilər: “daha uğurlu təhsil sistemi” hansı təhsil sistemidir?
Fikrimcə, təhsil sistemimizdə əsaslı dəyişikliklər etmək üçün biz əvvəlcə təhsilimizin fəlsəfəsi, təyinatı, ölkəmizin təhsil sisteminin qarşısında duran əsas hədəflər, təhsil sistemimizin elmi əsaslarla qurulması barədə daha ətraflı müzakirələr aparmalıyıq. Müasir sosiologiya, sosial idarəetmə elmlərinin hərtərəfli olaraq əsaslandırdığı kimi, istənilən bir sosial sistemin arzuolunan şəkildə idarə edilməsi, uğurlu nəticələrə nail olunması üçün əsas elmi metodologiya funksional-struktur yanaşma əsasında qurula bilər. İdarə edilən sistemin təyinatına, funksiyasına uyğun əsas, konkret hədəflər müəyyən olmayınca, hansısa bir uğur gözləmək əbəsdir. Yalnız strukturdakı problemlərdən danışmaqla arzuolunan nəticələr əldə etmək mümkün deyil. Bunu sonsuz sayda tarixi faktlar da təsdiq edir. Hədəf konkret olduqda, struktur da elə olmalıdır ki, o bu hədəflərə çatmağa daha çox kömək etsin. Hədəf konkret müəyyənləşəndə strukturdakı problemlər barədə daha konkret danışmaq mümkün olur. Haaqın.az da təqdim olunan müsahibə əsasən Azərbaycan təhsil sisteminin strukturu ilə bağlı suallar əsasında qurulub. Ona görə də müzakirələr zamanı bir çox məsələlərin izahı axıra qədər davam etməyib.
İndiki vaxtda Azərbaycan təhsil sisteminin qarşısında duran əsas hədəflər konkret olaraq hansılardır? Məsələn, mənim bir az əvvəl haqqında danışdığım, sonralar - 2018-ci ildə həm də ADPU-nun böyük akt zalında böyük uğurla təqdimatını keçirdiyim Milli Təhsil Konsepsiyasında ölkəmizin təhsil sisteminin qarşısında duran əsas hədəf ölkənin tərəqqisinə daha çox kömək edən kadrların hazırlanması kimi müəyyən edilib. Ölkədə o zaman tərəqqi olar ki, aşağıdakı 3 şərt qarşılıqlı olaraq bir-birini tamamalasın: 1) ölkənin əhalisinin fiziki sağlamlığı get-gedə daha da yaxşılaşsın; 2) onların mənəvi zənginliyi, vətənpərvərliyi get-gedə artsın və 3) hər bir kəsdə əməyə yaradıcı münasibət təlabatı get-gedə yüksəlsin. Biz elə kadrlar hazırlamalıyıq ki, onların bütün sahələrdəki – iqtisadiyyatdakı, siyasətdəki, mədəniyyətdəki, elmdəki, təhsildəki və s. fəaliyyətləri bu üç şərtin qarşılıqlı şəkildə ödənməsinə xidmət etsin.
Hədəf konkret olaraq müəyyənləşdikdən sonra, ölkəni bir sistem kimi xarakterizə edən alt sistemləri konkret olaraq müəyyən etmək olar. Bunlar, misal üçün aşağıdakılar kimi müəyyən edilə bilər:
1) coğrafi, ekoloji sahə; 2) əhali, demoqrafik sahə; 3) iqtisadiyyat; 4) mədəniyyət; 5) siyasət; 6) idarəetmə və s.
Təbii ki, bu altsistemlərin özləri də öz altsistemlərinə malikdirlər. Məsələn “mədəniyyət” altsistemi “elm”, “təhsil”, “incəsənət” və s. kimi alt sitemlərə ayrıla bilər. Aydındır ki, ölkənin bir sistem kimi tərəqqi etməsi üçün onun altsistemlərinin qarşılıqlı əlaqədə tərəqqi etməsi lazımdır. Aydındır ki, bu altsistemlərin hər biri konkret göstəricilərlə xarakterizə edilə bilər. Hər bir dövrdə, ölkənin öz qarşısına qoyduğu məqsədlərə, vəzifələrə uyğun olaraq bu altsistemlərdəki göstəriciləri müxtəlif şəkildə müəyyən etmək olar.
Bizə elə bir təhsil sistemi lazımdır ki, bu göstəricilərin hər biri üzrə ölkəyə lazım olan qədər keyfiyyətli mütəxəssis hazırlaya bilsin. Yəni, elə mütəxəssislər hazırlasın ki, onların qarşılıqlı fəaliyyətləri ölkənin daha sürətlə tərəqqi etməsinə kömək etsin.
Əvvəllər, deyək ki, 40-50 il bundan əvvəl bizim cəmiyyətdə yeni nəslin formalaşmasında 4 mühüm amil olduqca ciddi rol oynayırdı:
1) ailə; 2) məktəb; 3) mühit-cəmiyyət və 4) bədii ədəbiyyat, filmlər. İndi azərbaycan ailəsi tarixdə görünməmiş bir gərginlik işərisindədir. Hər 100 nigaha 30-dan artıq boşanma düşür. Bundan da iki dəfə artıq evdə gərginlik hökm sürür. Cəmiyyət günü-gündən mürəkkəbləşir və həssaslaşır. Arzu olunmaz bir təbəqələşmə gedir. Kriminal hadisələr günü-gündən çoxalır. İnsanların münasibətində səmimilik azalır. Mənfi hallar çoxalır. Xoşagəlməz hadisələrin, proseslərin sayı artır. Artıq yeni nəslin tərbiyəsi ictimai bir vəzifə kimi qəbul edilən cəmiyyət yoxdur. Əvvəlki maarifləndirici, mənəvi dəyərlər aşılayan bədii ədəbiyyat, filmlər də yoxdur. Onların yerini əksər hallarda neqativ yüklü sosial şəbəkələr, filmlər, video çarxlar, teleseriallar, kriminal xarakterli məlumatlar və s. tutmaqdadır. İndiki valideynlər də artıq 40 il əvvəlki valideynlər deyillər. Onlar son 40 ilin xaotik, keşməkeşli, ağrı-acılı, iqtisadi çətinlikli, ağır mənəvi durumlu bir dövründə yetişmiş, formalaşmış insanlardır. Onların bir çoxunda ailə dəyərlərinə münasibətlərdə dəyişikliklər baş vermişdir. Deməli haqqında danışdığımız 4 amildən 3-də çox ciddi problemlər yaranmışdır və onlar özlərinin əvvəlki funksiyalarını yerinə yetirə bilmir. Amma yeni nəslin daha keyfiyyətli böyüməsinin aktuallığı artmışdır. Hər bir xalqın yer üzündəki gələcək yeri onun böyüməkdə olan yeni nəslinin keyfiyyətindən çox asılıdır. Bu o deməkdir ki, indiki vaxtda keyfiyyətli yeni nəsl yetirməmiz üçün əsas ümid yerimiz, ən təsirli vasitəmiz əsasən təhsil sistemimizdir. Ona görə də indiki məktəblərin funksiyalarının müəyyənləşməsində ciddi dəyişiklik olmalıdır. İndiki məktəb əvvəlkilərdən fərqli olan tamamilə başqa bir məktəb olmalıdır. O həm valideynlərlə, ailələrlə qarşılıqlı əlaqədə olmalı, onların maariflənməsində mühüm rol oynamalı, həm də yeni nəslin daha sağlam, daha mənəviyyatlı, daha əməksevər olmasına çalışmalıdır. Həm ölkəmiz, həm də bütün yer üzü üçün çox dəyərli kadrlar yetirməlidir.
Biz belə bir məktəbin modelini hansısa bir ölkədən hazır şəkildə götürə bilmərik. Təhsil sahəsində mühüm uğurlar qazanmış ölkələrin təcrübəsini dərindən öyrənərək, öz xalqımızın məxsusi xüsusiyyətlərini, imkanlarımızı nəzərə alaraq özümüzün yeni bir təhsil modeli - öz insanlarımızın potensialını hərəkətə gətirib, ölkəmizin tərəqqisinə yönləndirə bilən bir təhsil modelimiz olmalıdr.
(ardı var)
QEYD. Tezliklə təqdim olunacaq digər hissələrdə haqqında danışdığımız müsahibənin bir çox cəhətləri bu deyilənlər əsasında təhlil ediləcəkdir.
Əhməd Qəşəmoğlu, Sosioloq