Məhəmmədəli Qəribli: " AzTv sualı belə qoymalıydı: Prezidentin İşlər İdarəsinin balansında olan bu nəhəng bina niyə indiyə qədər təmir olunmur?"

Məhəmmədəli Qəribli:
 

AzTv-nin Azərbaycan Nəşriyyatı ilə bağlı hazırladığı tənqidi reportajı izlədim. Dövlət televizyasına yaraşmayan tərzdə, qərəzli bir məhsul ortaya qoyublar. Həmin reportajın linkini şərh bölümündə paylaşacam, istəyənlər izləyə bilər. 
Hiss olunur ki, müxbirə yuxarıdan belə bir reportaj hazırlamaq tapşırılıb, o da araşdırmadan tələm-tələsik gələn sifarişi icra edib. Reportajda iddia olunur ki, Azərbaycan Nəşriyyatının həyətində media profilinə uyğun olmayan sexlər fəaliyyət göstərir. 
Bəli, bu, belədir. Həmin mənzərəyə biz indi yox, düz 30 ildir ki, şahidlik edirik. Yəqin müxbirin həmin zamanları yadına salmağa yaşı çatmaz. Nəşriyyatın binası çox nəhəngdir. Deyilənə görə, keçmiş SSRİ-də olan ən böyük nəşriyyatlardan biridir.

Əslində, AzTv sualı belə qoymalıydı: Prezidentin İşlər İdarəsinin balansında olan bu nəhəng bina niyə indiyə qədər təmir olunmur? Bütün dövlət qurumları bu müddət ərzində bir neçə dəfə əsaslı təmir olunsa da, jurnalistlərin ocağı sayılan həmin binaya bəslənən ögey münasibətin kökündə hansı amillər durur?

Təbiidir ki, belə nəhəng binanı saxlamaq üçün bəzi qəzet və saytlardan alınan icarə haqqı yetmir. Nə də ki, Nəşriyyat rəhbərliyi istəsə belə həmin boş sahələri KİV-lərlə doldura bilməz. Otaqların qalmaqdansa, icarəyə verib, Nəşriyyatın və dövlətin balansına pul daxil etməyin ziyanı nədir ki?

Razıyam ki, həmin icarədarlardan gələn pulun Nəşriyyat rəhbərliyi tərəfindən mənimsənilib və ya mənimsənilmədiyi araşdırma mövzusu ola bilər.

Bir də, insafən deməliyik ki, həmin sexlərin Nəşriyayatda fəaliyyət göstərən KİV-lərin iş prinsipinə hər hansı formada maneçilikləri də yoxdur. AzTv-nin müxbiri reportajının ikinci hissəsində Nəşriyyatı “reket” jurnalistlərin yuvası kimi təqdim edir. Deyir ki, burada bir nəfərin də olsun araşdırma apardığına, nəsə yazı hazırladığına rast gəlmək olmur.

Demək istəyir ki, jurnalistikadan başqa nə ilə desən məşğul olurlar. Ancaq reportajı hazırlayan həmkarımızın borcudur ki, Nəşriyyatda Azərbaycan jurnalistikasının nəhəng nümunələrinində fəaliyyət göstərdiyini bilsin.

Məhz həmin binada ölkənin bir neçə tanınmış gündəlik qəzeti, ən çox izləyicisi olan internet televiziyaları fəaliyyət göstərir. Dövlət kanalının Nəşriyayyatda oturan hamını “reket” gözündə görməsi həmin media nümunələrinə təhqir deyilmi?

Belə bir misal da var: öz gözündə tiri görməlisən ki, başqasının gözündə tükü seçə biləsən. Binanın kənar fəaliyyət növlərinə icarəyə verilməsindən söhbət gedirsə, onda elə AzTv bu yöndə olan araşdırmanı birinci öz binasından başlamalıdır.

Rövşən Məmmədov ora rəhbər təyin olunandan sonra, dövlət televizyasının binasında : çayxana-kafe, fitnes zalı, bərbərxana açaraq, icarəyə verib. Biri durub deyər ki, televiziyada qrim otağı olmalıdır da. Söhbət pulla baş qırxan dəlləkxanadan gedir, qrim otağından yox.

Rövşən müəllim dövlət büdcəsindən xeyli dotasiya aldığı halda, öz binasında fitnes klub aça bilir, kasıb Nəşriyyat taxta sexi aça bilmir?

Bundan əlavə, AzTv-də verilişlərin hazırlanamsı üçün pavlionlar qurulur və onların hər birinə 10 minlərlə pul sərf edilir. Yaxşı pul yemə mənbəyi olduğu üçün, AzTv-də ən te-tez dəyişən məhz pavlionlardı.

Ranar Musayev və Sərvərin isə orada hansı oyunlardan çıxdığını qoyuram bir kənara. Mən bir dəfə AzTv-nin canl efirində Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovu sərt tənqid edəndən sonra, Rövşən Məmmədovun mənə həmin kanalda görünməyə qoyduğu qadağa isə başqa bir “demokratiya” nümunəsidir.

Süjeti hazırlayan oğlanın Qaraca soyadı 44 günlük müharibədən gözəl yadımda qalıb. Onun müharibədən hazırladığı reportajları həvəslə izləmişəm. Gərək ki, Rövşən müəllim belə istedadlı, vətənpərvər jurnalistləri öz həmkarları ilə üz-üzə qoyan reportajlar hazırlamağa vadar etməsin.

Yaxşı olar ki, həmin binanın əsaslı təmiri məsələsi gündəmə gətirilsin. Yox, məqəsəd Ağabey Əsgərovu vurub, onun yerinə başqa birini təyin etdirməkdirsə və ya Nəşriyyata “reket yuvası” adını qoyub, onun yerində “novostroykalar” tikməkdirsə, bu, başqa məsələ…

Məhəmmədəli QƏRİBLİ

0.019211053848267