Zaur Mikayılov suvarma problemini həll edə bildimi?
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə məxsus iki idarəbirləşdirilir. Belə ki, ASC-nin rayonlar üzrə Subartezian quyularının istismar idarələri ləğv olunaraq Suvarma sistemləri idarələrinə birləşdirilir. Artıq Goranboy, Tərtər, Şəki, Bərdə və bir neçə region üzrə idarələr birləşdirilib. Ümumiyyətlə, bu gün bəzi suvarma sahələrində problemlərin olduğu qeyd edilir. Yeni rəhbərin ilk addımlarından biri idarələrin birləşdirilməsidirsə, onun suvarma problemlərinin həllinə nə qədər aidiyyatı var?
Bəli, Azərbaycanda yay ayları ərzində Aran iqtisadi rayonunda ciddi su qıtlığı müşahidə edilir, bu hal bu il də təkrarlanıb. Prezident ASC-yə yeni rəhbər təyin edərkən, belə bir ifadə işlətdi ki, artıq 10 su anbarının tikintisinə ehtiyac duyulmur. Mən o zaman anlamadım ki, Zaur Mikayılovun sədirliyi dönəmində o necə idarəetmə qurmalıdır ki, 10 su anbarına ehtiyacı aradan qaldırsın. Artıq sədir dəyişikliyindən kifayət qədər vaxt keçib, bir intensiv suvarma mövsümünü başa vurmuşuq, amma heç nə dəyişməyib. Zaur Mikayılov isə inzibati məsələlərlə məşğuldur - idarələri birləşdirir, ayırır və s.
Azərbaycanın hazırkı dönəmdə suvarma problemlərindən biri su çatışmazlığıdır. İqlim dəyişikliyi nəticəsində ölkənin dağlıq ərazilərində temperatur yüksəldiyindən dağlarda kifayət qədər kristal su ehtiyatı (qar və buz) toplanmır. Düşən yağıntı dərhal gəlib dövriyyədən keçdiyindən, yay aylarında Aran zonalarında su qıtlığı yaşanır. Bunu aradan qaldırmağın yeganə yolu isə ölkə ərazisində kiçik və orta tutumlu su anbarlarının tikilməsidir. Bunun üçün isə dövlət büdcəsi hesabına bu il 10 su anbarının tikintisinə başlanması nəzərdə tutulmuşdu, lakin anbarların tikintisi təxirə salınıb.
Bununla yanaşı, ölkədə suvarma suyu idarə edilməli, hər zonanın üzrə su norması planlı şəkildə müəyyənləşdirilməlidir. Suyun bölüşdürülməsi ilə məşğul olan dövlət qurumu və onun əlində təminat proqramı olmalıdır.
Digər tərəfdən, suyun ötrülmə şəbəkələrinin keyfiyyəti yüksəldilməli, su təyinat nöqtəsinə qədər boru kəmərlərlə və ya betonlanmış kanallarla ötrülməlidir. Su torpaq kanallarla ötrüldükdə, suyun tən yarısı filtirasiya və buxarlanma səbəbi ilə itkiyə gedir. Su beton kanallarla ötrüldükdə itki 20 faizə enir. Boru kəməri vasitəsi ilə ötrüldükdə isə otürmə zamanı su itkisi sfra enir.
Bundan başqa, suvarma üsullarının müasir texnologiyalar əsasında təşkili nəticəsində suya tələbatı aşağı salmaq olar ki, buna da bizim fermerlərin əksəriyyətinin maddi imkanları çatmır.
Akif Nəsirli