“Vətən sağ olsun”, ki, sağa bilək

“Vətən sağ olsun”, ki, sağa bilək
 
Son iki ildə xeyli məmur korrupsiya və rüşvət maddəsiylə həbs olunub. Onlardan az bir qisminin sonrakı aqibəti, həbs həyatı barədə mediada ara-sıra xəbərlər dərc olunsa da, mütləq əksəriyyəti diqqətdən kənarda qalıb.
Maraqlıdır ki, mənimsəməyə görə qandallanmış bu tip insanlardan az bir qisminə dövlətə vurmuş olduğu ziyanın bir hissəsi ödətdirilib, qalanlarının sərvətinə toxunulmayıb. Həm də mənimsədikləri xalqın pulu olduğu halda, əməlinə görə üzrü prezidentdən istəyirlər. Hələlik onlardan sonuncusu Mədəniyyət nazirinin sabiq müavini, bu günlərdə 8 il azadlıqdan məhrum edilmiş Rafiq Bayramovdur. Məhbus Bayramov məhkəmədəki son çıxışında beləcə də deyib: “Prezidentdən üzr istəyirəm!”
Eyni zamanda o, vətəni də unutmayıb və savaşda ölümə gedən əsgər kimi “VƏTƏN SAĞ OLSUN!” şüarın səsləndirib. 
İndi bilmək olmur sabiq nazir müavini bununla nə demək istəyir: qısa müddətdə onu milyonçuya çevirmiş vətənə minnətdarlıqmı edir, yoxsa vətəni yenidən “sağması” üçün onun sağ qalmasını istəyir? 
Nə bilmək olur, bəlkə də o, bu ifadə ilə keçmiş rəhbəri Əbülfəs Qarayevə eyham vurur ki, sənin də günahlarını üzərimə götürdüm, get kef elə...
         
Səma
0.017335176467896