“Molla”-Ariyançı İran dövrü və Güney Azərbaycan Milli Hərəkatı (1-ci yazı)

“Molla”-Ariyançı İran dövrü və Güney Azərbaycan Milli Hərəkatı (1-ci yazı)
 

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

İran Pəhləvilərinin demokratik, milli və antiimperialist qüvvələrə qarşı ardı-arası kəsilməyən hücumlarına, cəza tədbirlərini artmasına, üsyançı bəzi tələbələrin həbs edilməsinə baxmayaraq, xüsusilə də, 18 fevral 1978-ci ildə Təbrizdə baş verən üsyan bütövlükdə ölkənin ictimai-siyasi həyatına mühüm təsir göstərmiş, Pəhləvilər monarxiyasına öldürücü zərbə vurmuşdu. 1978-ci ilin sentyabr ayında Pəhləvi rejiminə qarşı inqilabın ikinci mərhələsi başlamış, 30 dekabr 1978-ci ildə Təbriz yenidən ayağa qalxmış, “Şah getsin” təkidli tələbini irəli sürmüşdür.
Bununla da, sayı milyonları ötən inqilabçıların təzyiqi nəticə¬sində öz gücsüzlüyünü görən Məhəmmədrza şah 16 yanvar 1979-cu ildə ölkədən qaçmış, 16 fevral 1979-cu ildə şahpərəstlərin son qüvvələri də Təbriz və Güney Azərbaycanın digər şəhələrində tamamilə məğlubiyyətə uğradıldaqdan sonra 54 illik şovinist aryançı-farsçı İran Pəhləvilər hakimiyyətinə son qoyulmuşdur.
1979-cu ilin fevralın əvvəlində yarı fars, yarı fransız mənşəli Ruhullah Xomeyninin rəhbərliyi ilə İslam Cümhuriyyət Partiyası (İCP), həmin ayın sonunda isə Türk mənşəli Seyid Məhəmməd Kazım Şəriətmədarınin lideri olduğu Müsəlman Xalq Partiyası (MXP) qurulmuşdu. MXP-nin əsas gücü Azərbaycan şəhərlərində, Tehranda və Qumda idi. Hər halda o dövrdə “İslam inqilabı”nın əsas mərkəzlərindən biri Təbriz olmuş, “Şah”a qarşı ən sərt şüarlar burada verilmişdir. Ancaq Tehranda hələ də güclü olan fars millətçiləri bununla barışa bilməyib, onlar da Azərbaycan-Təbriz mərkəzli inqilaba qarşı İslam dini adı altında fars şiəçiliyini təşkilatlandırmağa başlamışdılar.
Çox keçmədi ki, Xomeyinçilərlə Şəriətmədariçilər 1979-cu ilin dekabrında Təbrizdə üz-üzə gəldilər. İran-fars millətçiləri Xomeyninin liderliyilə “İslam inqilabı”nı milli maraqlarına yönəltməyi çalışdığı zaman buna qarşı Qum və Təbriz çıxdı. Başda Ayətullah Şəriətmədari olmaqla, Azərbaycan xalqının, o cümlədən Müsəlman Xalq Hərəkatının “İslam Cümhuriyyəti”ndən başlıca tələbləri yeni Anayasaının yazılması ilə yanaşı Əyalət-vilayət sisteminin rəsmiləşməsi, çoxpartiyalılıq sisteminə keçid, dünyəvi və hüquqi dövlətin olması, milli dillərin tədrisi, Qurucular Məclisinin millət tərəfindən seçilməsi idi.
Tudə, Fədai, Mücahid kimi təşkilatların MXP hərəkatının ətrafında birləşib, onin irəli sürdüyü tələblərə dəstək vermək əvəzinə aryançılıq yolunu tutmaları Azərbaycan xalqı üçün çox böyük zərbə oldu. E.Qaradağlı da doğru yazır ki, bu qurumların “İslam inqilabı”ından sonra ən son birləşmə imkanı Təbriz idi: “Onların özgür və içdən gələn inancları olsaydı, Xalq Müsəlman istəklərinə dəstək olaraq devrimin insiyativini ələ alacaq, başqa millətlərin də aparıcı lider quruluşlarını bu dirənişə çəkməklə rejim qarşısında böyük cəbhə açacaqdılar. Amma nə yazıq ki, bu işi görmək yerinə Xomeyni despotizmini kütlədən üstün tutaraq bugünkü fəlakətlərin oluşmasında birbaşa rol sahibi oldular”.
Şübhəsiz, Tudə, Fədai, Mücahid kimi təşkilatların Şəriətmədarçı-Xomeyniçi qarşıdurmasında Xomeynin yanında yer alması, eyni zamanda önəmli məqamlarda Şəriətmədarinin cəsarətli addımlar atmaması öz işini gördü. Xüsusilə də, 1979-cu ilin dekabrın 5-6 da Təbrizdə Xomeyninin dini hakimiyyətinə qarşı MXP-nin başlatdığı üsyan zamanı, Xomeyniçilərin Azərbaycan Türk əsgərlərinin silahlarını buraxması ilə bağlı tələbi qarşısında Şəritəmədarının geri addım atması, yəni onun fətvasıyla silahların yerə qoyulması və bundan dərhal sonra Hizbullah, Xalq Mücahidləri və Tudəçilərin eyni sən-gərdə birləşib Azərbaycan xalqına qarşı olmalaır hər şeyi həll etdi.
Xomeyinçiliyə qarşı baş qaldırmış Təbriz və Qum üsyanları yatırıldıqdan sonra MXP də, İlam dininin düşməni kimi ləğv edilib, yüzlərlə türk gəncləri dar ağacına çəkildi. Beləliklə, qətiyyətsiz, cəsarətsiz addımlarıyla “islam inqilabı”nın liderliyini Xomeyninin əllərinə tərk edən Şəriətmadəri çox keçmədən də, onunla qarşıdurmadan məğlub çıxıb ev dustağına çevrildi və 1986-cı ildə müəmmalı şəkildə də öldü.
Aydın Qasımlı da yazır ki, Güney Azərbaycan Türkləri hələ inqilabın gedişi və inqilabın ilk illərində siyasi partiya və cəmiyyətlər yaratmış, milli dildə bir sıra qəzet və jurnallar nəşr etməyə başlamışdılar: “Lakin bu təşkilatlar heç bir il də fəaliyyət göstərmədən 1980-ci ilin əvvəllərində qanundan kənar elan edilmiş, üzvlərinin bir qismi məhv edilmiş, bir qismi həbs edilmiş, böyük əksəriyyəti isə xaricə mühacirət etmək məcburiyyətində qalmışdılar. Xomeyninin İrana gəlişinə qədər inqilabın lideri sayılan Azərbaycan türkü Məhəmməd Kazım Şəriətmədarinin başçılığı ilə yaradılan “Müsəlman Xalq Partiyası” inqilabın qələbəsindən sonra ikinci plana sıxışdırılmış və heç bir siyasi məsələnin həllinə cəlb edilməmişdi. 5 dekabr 1979-cu ildə referendumun nəticələri təhrif edilmiş şəkildə elan edilərkən Müsəlman Xalq Partiyası Təbrizliləri etiraz mitinqinə və nümayişə çağırmış və sonda 6 dekabr 1979-cu ildə Təbrizdə üsyan baş vermişdi. Üsyançılar demokratik tələblərlə yanaşı milli tələblər də irəli sürərək ölkədə yaşayan bütün xaqlara “öz müqəddəratını təyin hüququ” tələbini irəli sürmüş, Təbrizdəki dövlət idarələrini, radio və televiziya stansiyalarını, təyyarə meydanını ələ keçirərək Azərbaycan İslam Cümhuriyyətini elan etmişdilər. Üsyanın aparıcı qüvvələri üzvlərinin sayı üç milyona qədər təxmin edilən Müsəlman Xalq Partiyasının məfkurəvi başçısı, böyük sərmayə sahibi, ölkədəki Azərbaycan Türkləri arasında böyük nüfuza sahib olan dini başçı sayılan və Qum şəhərində yaşayan Şəriətmədarini Təbrizə dəvət etmişsə də radikal mübarizəni qəbul etməyən, barışdırıcı mövqe tutan Ayətullah Şəriətmədari üsyan mərkəzinə gəlməkdən imtina etmiş, bununla da hərəkatın sınmasına yardım etmiş, üsyanın yatırılmasını asanlaşdırmış və sonda İranın daxili muzdlu silahlı qüvvələri olan “pasdarlar” tərəfindən üsyan yatırılmışdı. Üsyan yatırıldıqdan sonra Müsəlman Xalq Partiyası dövlət tərəfindən qadağan edilmiş və təşkilat tamamilə dağıdılmış, sonda Şəriətmədari də məhv edilmişdi”.
1978-ci ildə Pəhləvilər rejiminin əleyhinə etiraz hərəkatının vüsət alması ilə Mehdi Bazərgan da yenidən siyasətə qayıtmış, o, daha çox müstəqil şəxs kimi davranaraq Fransada yaşayan Xomeyni və Milli Cəbhə arasında vasitəçilik etmiş və monarxiyaya qarşı vahid müqavimət düşərgəsinin yaranmasına çalışmışdır. Bu dövrdə Milli Cəbhə də dünyəvi modeldən imtina edir, din və demokratiyanın sintezi haqqında danışır. Bu da onun daxilində parçalanmaya səbəb olur. Kərim Səncabi Parisə gedib Xomeyni ilə razılaşma axtararkən, Şapur Bəxtiyar konstitusiyalı monarxiya quruluşuna tərəfdar çıxaraq şahin baş nazir postu təklifini qəbul edir. Təşkilat üzvlərinin əksəriyyəti isə Səncabi xəttini dəstəkləyir.
Hələ “İslam inqilabı” qalib gəlməmiş, 1979-cu ilin fevralın 4-də Xomeyni yeni hökumətin qurulmasını M.Bazərgana tapşırmışdır. Bir həftə sonra, inqilabın qələbəsi və monarxiyanın son baş naziri Şapur Bəxtiyarinin istefasından sonra ikihakimiyyətlilik sona yetmiş, Bazərgan inqilabdan sonra İran adlanan ölkənin ilk baş naziri olmuşdur. Mömin müsəlman olmasına, İslam qaydalarına ciddi əməl etməsinə baxmayaraq, Mehdi Bazərgan teokratik dövlət quruluşunun tərəfdarı deyildi. Bu səbəbdən də onunla Xomeyni arasında fikir ayrılıqları ilk günlərdən zühur edir. Baş nazir “vilayəti-fəqih” institutuna qarşı çıxır, ölkənin yeni adını İran İslam Demokratik Respublikası olmasını istəyirdi. Lakin Xomeyni “Demokratik” sözünün tətbiqini qəti surətdə rədd edir.
1979-cu il martın 31-də keçirilən referendumun nəticəsi olaraq 1 aprel 1979-cu il tarixində “İran İslam Respublikası” adlı teokratik dövlət olaraq dünyaya elan edildi. Bütün bunlara baxmayaraq Bazərgan baş nazir kimi inqilabdan sonrakı repressiyaların qarşısını almağa çalışır, ancaq əsasən bunu bacarmırdı. Məhdud səlahiyyətlər ona çoxsaylı ölüm hökmlərini ləğv etməyə imkan vermirdi. İki dəfə istefa versə də, Xomeyni tərəfindən qəbul olunmamışdı. 1979-cu ilin noyabrın 4-də radikallaşmış kütlənin ABŞ səfirliyinə hücumu və diplomatların ailələri ilə birlikdə girov götürülməsi baş nazirin səbrini daşdıran son damla olub. Mehdi Bazergan iki gün sonra, yəni noyabrın 6-da baş nazir vəzifəsindən istefa vermişdi.
Beləliklə, İran adlanan ölkədə teokratik dövlət qurmağa başlayan, 1979-1989-cu illərdə “İslam İniqlabi Şurası”nın başçısı, ölkənin Ali Rəhbəri olan Xomeyni bütün hakimiyyəti İslam Cümhuriyyəti Partiyası ətrafında və öz əlində cəmləşdirməyə nail ola bilmişdir. 1979-cu ilin avqustunda əsasən ruhanilərdən ibarət yaradılan Mütəxəssislər Şurasının görüşlərində milli haqlarla bağlı müddəalar Xomeyninin təkidləri ilə konstitusiyadan çıxarıldı. P.Məmmədli yazır: “İran İslam inqilabının əsas ideoloqları İmam Xomeyni və onun yaxın ətrafı – Ayətullah Montəziri, Meşkini, Kilyani, Xomeyninin oğlu Əhməd Xomeyni, Höccətül-islam Ərədbili islam prinisiplərini təbii olaraq milli münasibətlər sferasına da gətirdilər və bununla fars olmayan xalqların milli özünüdərkinin yüksəlişinə mane olmağa, bu xalqlar arasında milli-azadlıq ideyalarının inkişafının qarşısını almağa çalışdılar. Onlar sadəcə, şiə-dini əsaslarına dayanan paniranizm konsepsiyasına üstünlük verir, islam şüarlarını hər şeydən üstün tutmağa çağırır və bunu hər bir müsəl-mandan tələb edirdilər”. Xomeyni və onun tərəfdarları açıq şəkildə milli məsələyə düşmən münasibət bəsləsələr də, ancaq farslığa ayrıca yanaşır, onu iranlılıq adı altında müdafiə etməyə davam edirdilər.

0.017106056213379