Həkim taksist yoxsa, Azərbaycan səhiyyəsinin real durumu

Həkim taksist yoxsa, Azərbaycan səhiyyəsinin real durumu
 

Demək olar ki, müstəqilliyin ilk günündən Azərbacan səhiyyəsində bir xaos yaşanmağa başladı. Dedilər, bunun səbəbkarı Əli İnsanovdur. Onu göndərdilər dəmir barmaqlıqlar arxasına ki, bununla da səhiyyədə hər şey qaydasına düşəcək. Yaxın zamanlara qədər "səhiyyə bazarı"na bazarkomluq edən Oqtay Şahbazovu da, fəaliyyətindəki qüsurlarına görə, daha kiçik, daha doğrusu özünün köhnə yerinə qaytardılar ki, sən böyük "biznes"ə"(heç kimə sirr deyil ki, bu gün Azərbaycanda səhiyyə ən gəlirli biznes sahəsidir, onun müalicə və sağlamlığın qorunması funksiyalarından isə danışmağa dəyməz) yararsızsan, get başını dolandır.

Bugünlərin söhbətidir bir tanışım danışır ki, işdə mədəsində ciddi ağrılar başladığından taksi ilə evə getmək qərarına gəlir. Taksidə onun zarıdığını hiss edən, taksi sürücüsü soruşur:

-Bala, nə olub belə, nə problemin var?

-Dayı, mədəm məni öldürür...

-Sən get, aptekdən bir "Almagel" al, bax ha, sarı qablaşmada olsun.

Tanışım taksi sürücüsünün dediyi kim edir və ağrıdan qurtulur. Tanışımın yanında olan dostu deyir:

-Bəxtin gətirib, anan namaz üstə olub, nə badə təcili yardım çağıraydın, yaxud hansısa bir həkimə müraciət edəydin. O andaca səni əməliyyat stoluna alıb, ən azından 1500, 2000 manatını alacaqdılar. Nə yaxşı, Təcili Yardım çağırmadan taksiyə minmisən, Allah o taksi sürücüsünü qorusun, necə ki, o, səni bu bəladan qurtarıb. Bax, müasir Azərbaycan səhiyyəsinin real siması budur. Allah xalqımızı belə "təbib"lərdən qorusun.

P.S. Azərbaycanda səhiyyə xidməti sadə insanlar üçün elə əlçatmaz həddə çatıb ki, artıq sürücü də, bərbər də, aşbaz da həkimliklə məşğuldur və həkim adı daşıyanlardan daha insaflıdırlar. Ən azından məsləhət üçün pul tələb etmirlər.

Yusif

0.017127990722656