TALİBANIN YUMŞALMA MESAJLARININ SƏBƏBLƏRİ

TALİBANIN YUMŞALMA MESAJLARININ SƏBƏBLƏRİ
 

Taliban yumşalma mesajları verməyə başladı. Bu addımları atdı:

- dünya əfqan xalqı ilə savaşmaq yolunu deyil, onları inandırma yolunu seçdi, deyir ki, hər kəslə dialoqa hazıram, bilinməsini istəyir ki, o, əvvəlki Taliban deyil;

- bütün kəsimlərin iştirakı ilə hökumət quracağını açıqladı;

- dedi ki, barış yolunu seçəcəyəm;

- Kabil hava alanında olanlar geri dönsə, cəzalandırılmayacaq;

- bütün diplomatik təmsilçiliklər toxunulmazdır;

- bizimlə savaşan əfqan əsgərlərini bağışlayacağıq;

- ABŞ ilə birliyi olanları əfv edəcəyik;

- heç kimə qarşı kin nifrətimiz yoxdur;

- qisas yolunu seçməyəcəyik;

- keçmiş hökumət zamanı dövlət işində çalışanlar bağışlanacaqlar, onlar işlərinə davam edəcəklər;

- bizim dəyərlərimizə toxunmamaq şərti ilə mətbuat azaddır;

- ümumi əfv elan olunacaq;

- Əfqanıstandan başqa dövlətlərə qarşı istifadəyə yol verilməyəcək;

Taliban qadınlara xüsusi yer ayırdı, onun qadınlara əvvəlki münasibətinin ölçülərini açıqlayıram ki, fərq görünsün. Taliban 20 il öncə qadınlarla bağlı bu ölçüləri qoymuşdu:

- qadınlar siyasətdə iştirak edə bilməzlər;

- bir qadın yanında yaxını olmadan evini tərk edə bilməz;

- qadınların təhsil haqqı yoxdur;

- zina edən qadın daşlanaraq öldürülürdü;

- qadın ictimai həyatın heç bir sahəsində yox idi;

- kosmetikadan istifadəyə icazə verilmirdi, dırnaq boyasından istifadə edən qadının barmağı kəsilirdi;

- burka (üzün örtülməsi) məcburi idi;

- qadın evə həbs olunmuşdu, onun adını, üzünü yaxınlarından başqa kimsə tanımırdı;

- qadının vəzifəsi ərini məmnun etmək idi;

- qadınsız bir cəmiyyət formalaşmışdı;

Taliban indi deyir ki, burka məcburi deyil, örtünmə məcburidir. Qadınların təhsil, çalışma haqqı var. Qadınlar hökumət işlərində, təhsildə, başqa işlərdə çalışa bilərlər.

Talibanın bu yumşalma mesajlarının səbəbləri var:

- dünyanın onu tanımasını istəyir;

- təcrid olunmaqdan qorxur;

- əfqan xalqının könlünü qazanmağa çalışır;

- xalqın bütün kəsimlərini ətrafında birləşdirmək istəyir;

- sabitliyin təmin olunmasına çalışır, bunun yolunun barış olduğunu bilir;

- xalqı sakitləşdirir;

- şübhələri, qorxuları yox edir;

- artıq məsuliyyət onun üzərindədir, yoxsul əfqan xalqının iqtisadi sıxıntıları həll olunmalıdır;

- Əfqanıstanın iqtisadi imkanları məhduddur, pula, yatırıma ehtiyac var;

- Taliban Əfqanıstanda hakimiyyətə tam yerləşənədək dünyanı xalqı qorxutmaq istəmir;

Taliban bir addım da atdı, Türkiyənin qardaş dövlət olduğunu bildirdi. Bunun səbəbləri var:

- o, çalışır ki, Türkiyə onu tanısın;

- əfqan xalqının türkləri çox sevdiyini bilir;

- Əfqanıstanda türklərin sayı çoxdur;

- Türkiyədən siyasi, iqtisadi yardım istəyir;

- Talibanla Türkiyənin münasibətlərinin qurulmasında Pakistan Qətərin önəmli rolu var;

Rusiya Talibana doğru addımlar atır, Talibanı tanımağa tələsməsə , Rusiya səfiri Talibanı tərifləyir. Rusiya istəyir ki, ABŞ-dan boşalmış yeri doldursun, Talibanın Türküstanda Rusiyaya qarşı problem çıxartmasının qarşısı alınsın. Taliban da istəyir ki, Rusiya onu tanısın yardım etsin;

Çin Talibanla birliyinə hazır olduğunu açıqladı.

Avropanın önəmli ölkələri Əfqanıstandakı məğlubiyyəti qəbul etdi, gözləmə mövqeyini seçdi, ciddi tənqidlə üzləşdi.

İran Talibanın mövqeyini dəqiqləşdirməyə, Əfqanıstanda ciddi oyunçu olmağa hazırlaşır.

ABŞ Prezidentinin Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri dedi ki, Talibanla ünsiyyət halındayıq, Xəzinə Nazirliyi Əfqanıstanın bankdakı pulunu dondurdu ki, Talibanla bazarlıqda əli güclənsin.

Taliban yumşalma mesajlarında səmimidirmi? Bizcə, burada məsələni səmimiyyət deyil, məcburiyyət həll edir. Taliban Əfqanıstana hakim olmaq üçün bunları etməyə məcburdur. Bu mesajların davamlı olub-olmayacağı isə sual altındadır.

 

Siracəddin Hacı

0.016633987426758