İş verdi, amma “işverən” olmaq istəmədi
Eldar Həsənovun həbsindəki müamma faş olacaqmı?
Əvvəldən də təxmin edildiyi kimi, anidən ölkəyə çağrılaraq qoluna qandal vurulan sabiq baş prokuror, keçmiş səfir Eldar Həsənovun həbsi heç də elan edildiyi kimi maliyyə mənimsəmələri ilə bağlı deyilmiş. Rəsmi ittihamın sadəcə gözdən pərdə asmağa xidmət etdiyi sabiq səfirin dünən vəkili vasitəsilə yaydığı müraciətdən də aydın görünür. Mənimsəmələrlə bağlı bütün ittihamları rədd edən E. Həsənov qeyd edir ki, onun həbsi dövlətdə önəmli postlarda oturmuş iki mühüm klan başçılarının müştərək fəaliyyətlərinin nəticəsidir. Prezidentə çıxış imkanları olan bu klan başçıları onun haqqında ölkə rəhbərinə yalnış və müasir texniki imkanlardan istifadə etməklə məzmunu, mahiyyəti saxtalaşdırılmış məlumatlar verərək istədiklərinə nail olublar.
Eldar Həsənovun hələ baş prokuror işləyərkən hakimiyyətdə hansı şəxslərlə münasibətlərinin gərgin olmasından yəqin ki, çoxlarının məlumatı var. Onların kimliyi bizə də məlumdur, amma gözləyək məhkəməni.
E. Həsənovun müraciətində diqqətçəkən daha bir məqam da var ki, düzü bu bizə də maraqlı və təəccüblü gəldi. Eldar müəllimin deməsindən belə çıxır ki, ondan hansısa ciddi bir fiqurun əleyhinə ifadə almaq istəyiblər və hətta belə bir ifadə verəcəyi təqdirdə ona azadlıq vəd olunub. Əlbəttə ki, hətta Həsənov “işverənlik” etsəydi belə onu həbsdən azad etməyəcəkdilər. Məsələnin maraqlı tərəfi bəlli çetenin hakimiyyətdəki torba tikmək istədiklərinin kimliyidir. Hədəfdəki hər kimdirsə siyasi baxımdan E.Həsənovdan da ağır çəkiyə malikdir.
Xəbərlərə görə sabiq səfirin məhkəməsinə bu ayın 27-də start veriləcək. Ancaq böyük ehtimalla E. Həsənovun açıqlamalarının cəmiyyətə çatmaması üçün prezidenti inandırmağa qadir bəlli şəxslər ittihamda dövlət sirri sayıla biləcək nələrisə bəhanə etməklə məhkəməni qapalı keçirsin.
Bütün hallarda artıq Eldar Həsənovun itirəcəyi heç nə yoxdur və ehtimal ki,o, anonsunu verdiyi məsələlər barədə məhkəmədə daha sensasion faklar açıqlayacaq.
Onu da qeyd edək ki, E. Həsənovun rəqibləri şəbəkələşmiş, çox böyük informasiya resursuna malikdir.
Səma