Kasıblar ölkəsi
Zibilliyə atılan qida məhsulları
Bir müddət əvvəl saytların birində belə bir məlumata rast gəldim. Azərbaycan daha çox qida məhsullarını zibilliyə atan ölkələr arsında ilk yerlərdən birini tutur. O vaxtdan bu məsələyə diqqət etməyə başladım və təxminən bir ay çəkən müşahidələrim onu deməyə əsas verir ki, həqiqətən də deyilənlərdə bir həqiqət payı var. Daha doğrusu, bunun tam həqiqət olduğunu təsdiq edə bilmərəm, çünki xarici ölkələrdə müşahidə aparmaq imkanım yoxdur. Amma, kasıblar ölkəsində zibilxanalara atılan zibilin 70-80 faizinin qida məhsulları olduğu da, gizlədiləsi fakt deyil. Maraqlıdar, görəsən insanlarımız nə üçün öz yemək rasionlarına nəzarət edə bilmirlər? Bunun bir çox səbəbləri ola bilər. Ən əsas məsələ odur ki, həqiqətən də insanlarımız kasıbdırlar və kasıb olduqları üçün də, ucuz qida məhsullarına üstünlük verirlər ki, son nəticədə həmin məhsulların da 70-80 faizi zibilliyə atılır. Əmək haqqının, insanların illik, aylıq qazanclarının aşağı səfiyyədə olması, onlara imkan vermir ki, istirahət, turizim, idman, təhsi və s. kimi işlərə pul ayırsınlar. Aşağı gəliri olan insanlar qazandıqlarını əsasən yemək və geyimlərinə xərcləyi.
İnkişaf etmiş ölkələrdə isə insanların gəlir və qazancları yüksək olduğundan onlar qida məhsullarına az pul xərcləyirlər. Bir çoxları isə ümumiyyətlə evdə yemək yemirlər. Bu səbəbdən də xarici ölkələrdə zibillikdə qida məhsullarını həcmi heç 10-15 faiz təşkil etmir.
Bir şeyi də diqqətinizə çatdırım ki, bir çox xarici ölkələrdə köhnə pal-paltarı, ev əşyalarını qəbul edən xüsusi məntəqələr var. Bu da zibilliklərin azalmasına ciddi təsir edir. Bizdə isə zibillikdə qida məhsulları ilə yanaşı tikinti materiallarına, ev avadanlıqlarına qədər, nə desən tapmaq olar. Zibilxanalara atılan zibilin həcmi çox olsa da, ələlxusus Bakıətrafı qəsəbələrdə, Xırdalan şəhərində və digər yerlərdə zibilin yığışdırılmasına heç də ciddi münasibət bəslənilmir. Məsələn, Abşeron rayonunun Masazır qəsəbəsi bu baxımdan hər birimiz üçün göz dağıdır. Bu qəsəbədə zibilqabı, yaxud da xüsusi olaraq zibilin atılması üçün nəzərdə tutulan yerləri tapmaq müşkül məsələdir. Hər qapıda bir zibil torbası asılır, onu da it -pişik dağıdıb tökür küçələr, üfunət əlindən oralardan keçmək müşkülə çevrilir. Abşeron rayon və qəsəbə rəhbərliyini isə bu məsələ əsla narahat etmir.
Əslində, mən heç vaxt inanmazdım ki, kasıbın zibili varlının zibilindən çox olar. Sən demə, pulu çox olanın zibili az, pulu az olanın isə zibili çox olurmuş. Maraqlı məsələdir, elə deyilmi? Buna görə də arzu edirəm pulunuz çox, zibiliniz az olsun!
P.S.Yazının daha geniş variantını "Paralel" qəzetində oxuyun.
Yusif seyid