Kimisi zibildən pul qazanır, kimisi zibildə boğulur

Kimisi zibildən pul qazanır, kimisi zibildə boğulur
 

Müasir dünyamızın ən aktual problemlərindən biri də, məişət tullantılarından qurtulmanın yolunu tapmaqdır. Bu günlərdə Sumqayıt şəhərində baş verən anormal hadisə insanları ciddi təşvişə salmışdı. Buna səbəb isə şəhərin zibilxanasında baş verən yanğın (daha doğrusu, "paliqon"da zibilin yandırılması) olub. Sən demə, Sumqayıt şəhər rəhbərliyinin də, bu "paliqon"da baş verənlərdən xəbəri olub. Şəhər rəhbərliyi həmin ərazini fiziki şəxslərdən birinə icarəyə verib ki, şəhərin zibil problemini həll etsin. Bunun özü belə avsurd səslənir. Necə yəni hansısa bir fiziki şəxsə? Məlumdur ki, məişət tullantılarının çeşidlənməsi, ondan yararlı xammal kimi istifadə olunması üçün yüksək texnoloji qurğularla təchiz olunmuş müəssisələr olmalıdır. Bu bir fiziki şəxsin öhdəsindən gələ biləcək məsələ deyil. Əks təqdirdə, heç kim zibildən gəlir götürə bilməz. Sümqayıtda isə zibilin çeşidlənməsi və ütilizasiyası üçün heç bir müəssisə yoxdur. Belə olduğu təqdirdə bir fiziki şəxs şəhəri necə zibildən təmizləyə bilər? Bunun bir yolu var-zibili yandırmaq. Görünür, Sumqayıtda da bu yoldan istifadə olunur. Onu da qeyd edim ki, bu, ümumiyyətlə respublikamızın bütün bölgələrində istifadə olunan bir metoddur. Çünki Azərbaycanda Balaxanıda yerləşən məişət tullantılarının çeşidlənməsi müəssisəindən başqa belə bir yer mövcud deyil.

Sabir əfəndi demiş:

 - "Əcnəbilər seyrə balonlarla çıxır, Biz hələ avtomobil minməyiriz.!"

 Biz hələ zibildən pul qazanmağın yolunu öyrənməmişik. Çünki sahibkarı şəhərin təmizliyi və insanların sağlamlığı yox, əhalidən "zibilpulu" adı ilə yığdığı pullar daha çox maraqlandırır. Çünki, məhz zibilin hesabına öz güzəranını qurmağa çalışır. Bu zaman nə şəhər əhalisinin, nə də, "poliqon"a yaxın ərazidə yaşayan insanların narahatlığı onu əsla maraqlandırmır. Əslində, məişət tullantıları, təkcə Sumqayıt şəhərinin deyil, bütün Bakıətrafı qəsəbə və kəndlərinin, ələlxüsus da Abşeron rayonunun problemidir. Bununla belə, bu problemin aradan qaldırılması üçün Abşeron rayonunda heç bir iş görülmür. Çünki bu sahə Abşeron rayon rəhbərliyinin maraq dairəsində deyil, onları daha çox pul gələn yerlər (torpaq satışı) maraqlandırır.

Məsələn, bu gün Masazır kəndində ən azından 100 min əhali yaşayır, bu qədər əhalinin yaşadığı kənddə demək olar ki, zibil qutuları, yaxud zibil atmaq üçün ayrılan yerlər yoxdur, olanlar da artıq satılıb. Zibil torbaları ya divarlardan asılır, ya da eləcə yollara tökülür.  Əhalidən, yəni hər bir evdən isə ayda zibilin yığılması üçün 4 manat xidmət haqqı tələb olunur. Bu ilk baxışdan az görünə bilər. Təsəvvür edin ki, bu ərazidə 10 min ev var, bu da eləyir ayda 40 min manat. Ayda 40 min manat qazanan sahibkar, orada elə bir şərait yaratmalıdır ki, əhali bu pulu ona halal etsin. O isə həftədə bir dəfə zibil ətrafa dağılandan, üfunət iyi hər tərəfə yayılandan sonra gəlir, itdən, pişikdən qalan artıqları yığmaqla işini bitmiş hesab edir. Çünki bu sahəyə heç bir nəzarət yoxdur. Nə kənd icra nümayəndəliyi, nə də bələdiyyələr bu sahəyə nəzarət etmir. Onlardan bir şey xahiş edəndə isə şikayətlənirlər ki, pulumuz yoxdur. Belədirsə, nə üçün aylıq 40 min manatı kiməsə verirsiniz? Bunu məgər, icra nümayəndəliyi, yaxud bələdiyyə təşkil edə bilməz?

Bilər, amma bu qurumların hansı işlərlə məşğul olduğunu heç kənddə belə, bilən yoxdur. Kənd sakinləri isə yayın bu istisində zibilin üfunəti içində ağcaqanad və milçəyin "girovluğundadırlar". Kəndin küçələri zibil "paliqon"larını xatırladır, hər yan zibil, divarlar isə zibil torbaları ilə bəzədilən "yolka ağacıdır" sanki.

Normal inkişaf etmiş ölkələrdə isə zibil, sözün bütün mənalarında gəlir mənbəyidir.

Məsələn, İsveçdə elə bir texnoloji sistem yaradılıb ki, zibilin 99 faizi təkrar emal olunur. Bunun hesabına əldə olunan gəlir də, əsasən bu sahənin daha da təkmilləşdirilməsinə yönləndirilir. İsveçdə məişət tullantılarının böyük bir qismi yandırılır və bu yolla alınan elektrik enerjisi dövlətin enerjiyə olan tələbatının müəyyən hissəsini ödəməyə imkan verir. Bu ölkədə məişət tullantılarının təkrar emalı elə bir səviyyəyə çatıb ki, artıq ölkədə zibil qıtlığı yaranıb. Hazırda İsveç qonşu İtaliya, İngiltərə və Norveçdən zibil idxal edir. Maraqlıdır ki, İsveçin zibil idxal etdiyi ölkələr, ətraf mühiti təmizlədiyinə görə, bu ölkəyə həm də pul ödəyirlər. Mütəxəssislər hesab edir ki, 4 ton məişət tullantısının yandırılmasından əldə olunan enerjini almaq üçün 1 ton neft, 1,6 ton kömür, yaxud 5 ton odun yandırmaq lazım gələrdi. Bu da onu deməyə əsas verir ki, zibildən pul qazanmağı bacaran ölkələr, həm də təbii sərvətlərini və ətraf mühiti qorumuş olurlar. O ki qaldı İsveçə, burada qarşıya qoyulan məqsəd odur ki, 2040-cı ilə qədər ölkəyə lazım olan elektrik enerjisini bərpa olunan enerji hesabına təmin etsinlər. Burada diqqətçəkən bir məsələ də odur ki, bu işlərin hamısını sahibkarlar həyata keçirir, dövlət isə sadəcə olaraq onlara dəstək verir. Sahibkarlar da ən müasir texnologiyalardan istifadə edərək, "zibildən konfet düzəltməyi" bacarırlar.

Azərbaycan sahibkarları isə hər hansı bir işi görmək üçün dövlətdən vəsait dilənir, həmin vəsaiti talamaq yolu ilə öz güzəranlarını qurur və təqdim olunan layihə yarımçıq qalır. Bunun səbəbini isə heç kim soruşmur. Buna görə də Azərbaycan sahibkarlarını nə müasir texnologiyalar, nə də dövlətin mənafeyi maraqlandırır. Sadəcə olaraq yaranmış vəziyyətdən istifadə edərək, xalqı və dövləti talamaqla məşğuldurlar. Yəni onlar üçün şəxsi maraqlar dövlət maraqlarından daha üstündür.

Bir şey də çox maraqlıdır ki, Azərbaycanlı sahibkarlar nədənsə, tikinti sektoruna daha çox meyil edirlər. Çünki burada az çalışmaqla (daha doğrusu, insanları aldatmaqla) çox pul qazanmaq imkanı var.

Bakını və onun ətraf qəsəbə və kəndlərini üfunət meydanına çevirən məişət tullantılarından pul qazanmaq isə heç kimin ağlına gəlmir. Çox heyf!

Allah bizə İsveç kimi bir qonşu da verməyib ki,  sözün bütün mənalarında zibillərimizi təmizləsin. Bizim qonşularımızın isə öz zibilləri o qədərdir ki, üfunəti bizə də çatır.

Əlqərəz, hardasa ötən əsrin 70-80-cı illərində Bakıda zibilin təkrar emalı üçün yığılmasına start verən layihənin gerçəkləşdirilməsinə başlandı. Pilot rayon kimi Binəqədir (Kirov) rayonunun 6-cı mikrorayon yaşayış massivi seçildi. Hər bir mənzilə ayda 30 torba verilirdi ki, zibili zibilxanalara atmayın qoyun blokun girişinə, oradan isə xüsusi təyinatlı maşınlar həmin zibili gün ərzində 3 dəfə yığırdılar. Bu layihə də kimlərinsə ucbatından yarımçıq qaldı. Yaşlı insanlar xatırlayırlar ki, o vaxtlar bütün evlərdə zibil vedrələri olardı və həyətə zibilyığan maşın gələn kimi, hamı zibilini maşına atırdı. Az sayda insanlar isə çatdırmadıqları halda, zibili zibilxanaya atardı. Bu gün isə torbalar dəbdədir, istəyirsən küçəyə at, istəyirsən divardan as!

Bu şəkillər Abşeron rayonunun Masazır (qəsəbəsində) kəndində çəkilib. Ünvanla maraqlanan olsa təqdim edə bilirəm.

 Yusif Seyid

0.092386960983276