Erməni tarixçisindən saxtakarlıq nümunəsi
Paralel.az xəbər verir ki, erməni tarixçisi, akademik Aşot Melkonyan prezident İlham Əliyevin Sünikin, Sevanın, Vardenisin, İrəvanın tarixi Azərbaycan torpaqları olması fikrinə münasibət bildirib. Erməni “tarixçisi”nin dediklərini ixtisarla təqdim edirik: “Azərbaycan adlanan indiki respublikanın ərazisinin İranın şimal bölgələri, tarixi Atrpatakan ilə heç bir əlaqəsi yoxdur. Səlcuq türkləri bölgədə ilk dəfə meydana çıxanda Şərqi Ermənistan, Gürcüstan, Şərqi Zaqafqaziya və Şimali İran da daxil olmaqla bölgəmizdə hər hansı bir türk adı və türk ünsürü haqqında danışmaq gülüncdür. Azərbaycanın paytaxtı Bakıdan başlayaraq Atrpatakan, Şəki, Şirvan, Şərqi Ermənistanın bütün əraziləri, yəni Utik, Artsax, Böyük Haykın Paytakaran əyalətlərində erməni adları vardı, ermənilər məskunlaşmışdılar. Türklər bölgədə yalnız 9-cu əsrdə ortaya çıxdılar. Şərqi Ermənistan və Şərqi Zaqafqaziya toponimlərinin türkləşmə prosesi 14-15-ci əsrlərdə, burada türkmən tayfalarının öz hökmranlığını qurduqları dövrdə başlamışdır. İranın şimalındakı irandilli əhali tədricən türkdilli oldu. Bu türkdilli əhali sonradan, XV əsrin sonunda İran Səfəvi dövlətini təcəssüm etdirdi. Farslar olan sefiyalılar türkcə danışırdılar. Bu, Şərqi Ermənistan ərazisində də müşahidə edildi. Amma bu o demək deyil ki, əvvəllər bu yerlər 14-15-ci əsrlərdə, xüsusən XI əsrdə erməni deyildi. Türklər bu bölgəni gördükləri kimi adlandırdılar. Məsələn, palçıqlı su olsaydı, “Kara-Su”, üç kilsə görsələr, “Uç Kilise”, dörd kilsə görsələr, “Dort Kilise” deyərdilər. Əliyevin dedikləri açıq bir saxtakarlıqdır - bölgədə Türkiyə-Azərbaycanı təmsil etmək məqsədi ilə manipulyasiyadır. Sivil dünya, o cümlədən elmi ictimaiyyət bütün bunları çox yaxşı bilir, Azərbaycan tarixşünaslığının tamamilə saxtalaşdırıldığını və əsl elmlə heç bir əlaqəsi olmadığını başa düşür. Xüsusilə Avropa, ABŞ, Rusiya, intellektual dairələr və peşəkar cəmiyyətlər əsl tarixi çox yaxşı bilir. Rus ziyalıları həmişə Azərbaycanın qədim mədəniyyətindən danışmağın gülünc olduğunu söyləyirlər. Çünki bu, Şərqi Zaqafqaziyada türk İran elementi əsasında yaradılmış saxta bir mədəniyyətdir. Bu gün azərbaycanlılar - Azərbaycan adlı bir dövlət demək olar ki, bütün qonşularının - ermənilərin, gürcülərin, ləzgilərin və hətta türkmən qohumlarının tarixini və mədəniyyətini mənimsədikləri üçün kimlik axtarışındadırlar. Əliyevin Zəngəzur Dəhlizi, Sevan, İrəvan və indi Vardenislə bağlı tələsik açıqlamaları Türkiyə və Azərbaycanın 44 günlük müharibənin uğurundan istifadə edərək, pantürkizm proqramını həyata keçirmək üçün indi ən yaxşı vaxt olduğu ilə əlaqədardır”.
Qeyd edək ki, tarixi saxtalaşdıranların məlum açıqlamasının əsassızlığını sübut edən, dəqiq və tarixi mənbələrə əsaslanan cavabımız da gecikməməlidir.
Nigar