“Bravo”dan narazılıq
“Bravo” marketlər şəbəkəsinin ərazi satış məntəqəsindən şikayət gəlib. Bizə müraciət edən paytaxt sakinləri bu market şəbəkəsinin Yasamal rayonu, Z.Xəlilov, 568-ci məhəllədə yerləşən satış obyektində kassir çatışmazlığından narazılıq ediblər: “Bu ərazidə yaşayan insanlar “Bravo”nun həmin ünvandakı marketindən istifadə edirlər. Lakin mağazada bir neçə kassa aparatının qoyulmasına baxmayaraq, gün ərzində onların ən çox biri, az hallarda da, ikisi işləyir. Bu da növbədə olan insanların narazılığına səbəb olur. Çünki ən birincisi, virus səbəbindən ara məsafə saxlamalıyıq, buna gücümüz çatdığı qədər əməl də edirik. Amma kassirlərin çatışmazlığından, bir kassada növbəyə dayanan alıcılar məcburən bir-birinə yaxın durmalıdır ki, ərazisi dar olan marketə sığa bilsinlər. Alıcıların əsəbini tarıma çəkən vəziyyət hər gün, günün istənilən vaxtı yaşanır. Bu narahatlıq həmin market açılan gündən, təxminən iki ilə yaxındır ki, davam edir. Amma tədbir görən yoxdur”.
Məsələylə bağlı “Bravo”nun sözügedən ünvandakı satış obyektiylə əlaqə saxladıq. Marketdən bildirildi ki, mağazada lazım olan sayda kassa aparatları var. Amma alıcıların narazılıq etdiyi, təkcə bir kassanın işləməsi vəziyyəti yalnız günün sonunda, axşam saatlarında baş verir.
Qeyd edək ki, mağazadakı bütün kassaların işləməsi barədə marketdən gətirilən əsasa rəğmən, şikayət müəllifləri üzləşdikləri narahatlığın marketdə səhər-axşam, gün ərzində yaşandığını vurğulayrlar.
Nigar