Rusiya səfiri Taliban nümayəndələri ilə görüşüb
Paralel.az Vest.ru-ya istinadən xəbər verir ki, Rusiyanın Əfqanıstandakı fövqaladə və səlahiyyətli səfiri Dmitri Jirnov Kabildə Taliban hərəkatının (Rusiyada qadağan olunmuş) nümayəndələri ilə görüşüb. Bu məlumatı Rusiya diplomatik nümayəndəliyi təsdiqləyib. Səfirliyin sözçüsü RİA Novosti-yə bildirib ki, Taliban sözçüsü ilə danışıqlar aparılıb.
Danışıqlar zamanı əldə edilən razılaşmaya əsasən, Taliban rəhbərliyi döyüşçülərinə səfirlərin nəqliyyat vasitələrini dayandırmağı və boş səfirliklərin binalarına daxil olmağı qadağan edib.
Hazırda əksər ölkələr diplomatlarını Kabildən uzaqlaşdırıblar. Rusiya səfirliyi şəxsi heyətin bir hissəsinin təxliyə ediləcəyini, lakin diplomatik missiyanın işini dayandırmayacağını bildirib.
Jirnov bu arada Talibanın Rusiya səfirliyini himayə altına aldığını və rus diplomatların təhlükəsizliyinə zəmanət verdiyini söyləyib. Ümumilikdə, səfir Kabildəki vəziyyətin sabit olduğunu deyib.
Qeyd edək ki, Əfqanıstanda vəziyyət bu ilin mayında ABŞ-ın qoşunlarını ölkədən çıxardığını elan etməsindən sonra daha da gərginləşdi. Taliban qüvvələri hökumət qüvvələrinin mövqelərinə hücum edərək bütün böyük şəhərləri tutdu və sonra respublikanın bütün ərazisini nəzarətə götürdülər. Əfqanıstan Prezidenti Əşrəf Qani istefa verərək ölkəni bazar günü tərk edib.
Akif