Ölənlərin sayı 1300-ə yaxınlaşıb
Rəsmilərin bildirdiyinə görə, bir gün əvvəl Haitidə baş verən zəlzələdən sonra ölənlərin sayı bazar günü 1297-yə yüksəlib.
Paralel.az xəbər verir ki, Haiti Mülki Müdafiə Xidməti yaralananların sayının 5700-ə çatdığını, xəstəxanaların yardımda çətinlik çəkdiyini bildirib.
Rəsmilər şənbə günü səhər saatlarında baş verən 7,2 ballıq zəlzələdən sonra sağ qalanların axtarışının davam etdirildiyini deyib.
ABŞ Geoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ paytaxt Port-o-Prensindən təxminən 125 kilometr qərbdə, Petit-Tro-de-Nipps şəhəri yaxınlığında 10 kilometr dərinlikdə baş verib.
Ölkənin cənub-qərb yarımadasındakı evlərə, yollara və körpülərə ziyan vuran zəlzələ minlərlə insanı didərgin salıb.
"Bu son dərəcə ciddi vəziyyətə sürətli və təsirli cavablar vermək üçün birlikdə çalışmalıyıq" - deyə, Haitinın Baş naziri Ariyel Henri bildirib. O, zərərləri araşdırmaq üçün şənbə günü Le Keyə uçmuşdu.
Ölkənin üzləşdiyi çətinliklərə görə Haiti və Dominikan Respublikasının bütün sahilləri üçün tropik fırtına saatı tətbiq edilib. Tropik Qreys qasırğasının bazar ertəsi adaya leysan yağışları gətirəcəyi, daşqınlara və sellərə səbəb olacağı gözlənilir.
Yeraltı təkanlar davam etdiyi üçün ölkənin 90 min əhalisi olan üçüncü böyük şəhəri Le Keyin bir çox sakini bazar ertəsinə keçən gecə açıq havada qalmalı olub.
ABŞ Milli Qasırğa Mərkəzi fırtınanın bazar ertəsinə qədər Hispaniolaya çatacağını, Haiti və Dominikan Respublikasının qərb və şərq sahillərində 10-20 santimetr yağış yağacağını proqnozlaşdırıb.