Cənubi Azərbaycanında Delta variantının yayılması ilə vəziyyət ağırlaşır

Cənubi Azərbaycanında Delta variantının yayılması ilə vəziyyət ağırlaşır
 

Paralel.az xəbər verir ki, İranda koronavirusun Delta variantının sürətlə yayılması ilə başlayan beşinci dalğası ölkəni və İran Azərbaycanı vilayətlərini çox ağır böhranlı vəziyyətə gətirib çıxarır və gələn günlərdə durumun ağırlaşacağı ehtimal edilir.

Koronavirus pandemiyasına qarşı Mübarizə Baş Qərargahının verdiyi qərara əsasən, ölkə boyu avqustun 15-dən 21-dək tətil və səyahət məhdudiyyətləri tətbiq ediləcək.

Tasnim xəbər agentliyinin məlumatına görə, Qərbi Azərbaycan Tibb Elmləri və Sağlamlıq Xidmətləri Universitetinin rəhbəri Cavad Ağazadənin verdiyi xəbərə görə, həmin vilayətin mərkəzi Urmiyə, Xoy və Çaypara şəhərlərində "qara vəziyyət" elan edilib. Onun dediklərinə görə, vilayətdə yoluxma halları 7 qat artıb. Qərbi Azərbaycanda vəziyyətin çox ağır olması nəticəsində özəl və dövlət xəstəxanaları artıq çarpayılarını sadəcə korona xəstələrinə ayıracaqları bildirib.

İranın bütövündə dərman və xəstəxanalarda kadr çatışmazlığı haqda bəzi xəbərlər yayılmaqdadır. Həmçinin Ağazadənin verdiyi açıqlamalara görə, "İmam Xomeyni xəstəxanasında xəstələrin çoxu iki gündən çoxdur ki, xəstəxanalarda dərman və boş çarpayı gözləyir."

İLNA xəbər agentliyində dərc olan xəbərə görə, böhranlı vilayətlərdə ordunun imkanlarından virusa yoluxanların müailcə edilməsi üçün istifadə ediləcək. bu barədə Briqada generalı Hacilu ordunun tibb işçiləri, Təbriz, Urmiyə və Marağa bölgə xəstəxanaları, ordunun səhra xəstəxanaları da daxil olmaqla, ordunun bütün tibb müəssisələri pandemiyanı idarə etmək və koronavirusunun yayılmasının qarşısını almaq üçün istifadə ediləcəyini bildirib.

Ərdəbil vilayətində də vəziyyət çox böhranlı və ağırdır. Ərdəbil Tibb Elmləri və Sağlamlıq Xidmətləri Universitetinin rəhbəri Həbibzadə deyib ki, "xəstəxanaların son çarpayısı dolmaq ərəfəsindədir, hər gün boş bir çarpayı tapmaqda çətinlik çəkirik."

Zəncan Tibb Elmləri və Sağlamlıq Xidmətləri Universitetinin rəhbəri Pərviz Qızılbaş vilayətdə pandemiya durumunun get-gedə ağırlaşdığını bildirib.

"Vilayətdə pandemiyanın ilk mərhələsi üçün xəstələrə 800 çarpayı ayrıldı, onlardan 603 çarpayısı bu gün doludur; yaxın bir neçə gündə başqa 200 çarpayı mütləq dolacaq və vilayət korona xəstələri üçün çarpayı çatışmazlığı ilə üzləşəcək" - deyə o əlavə edib.

Sosial mediada yayımlanan bəzi video-görüntülərdə Təbrizin xəstəxanalarında xəstə çarpayısının çatışmazlığından gileylənən vətəndaşlar xəstələrin xəstəxananın koridorunda müalicə edildiyini iddia ediblər.

Ölkədə COVID-19 xəstəliyinin Delta variantının yayılması və beşinci dalğanın başlaması ilə birgə dərman və serum çatışmazlığı baş tutub və koronavirus xəstəliyinin dərmanlarının qiyməti kəskin artıb.

İranın Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr bölməsinin verdiyi son statistikaya görə, son sutkada 620 xəstə koronavirus səbəbi ilə həyatını itirib.

0.036217927932739