Bu il 33 qadın zorakılıqdan ciddi zərər çəkib
Mehriban Zeynalova: "Əvvəl qadınlar əsasən evdə oturur, yalnız kişi işləyirdisə, indi əksər qadınlarımız da işləməklə ailənin iqtisadi sütunlarından birinə çevrilib"
Uzun illərdik ki, məişət zorakılığına qarşı mübarizədən danışılsa da, hələ cəmiyyətimizdə zorakılığa məruz qalan kifayət qədər qadın var. Qadınlara qarşı psixi və fiziki zorakılıq isə sağlam cəmiyyət üçün ciddi təhdid olaraq qalır.
Paralel.az xəbər verir ki, qadınlara qarşı zorakılıq halları ilə bağlı Baş Prokurorluq video müraciət yayıb.
Baş Prokurorluqun məlumatına görə, təkcə 2021-ci ilin I yarımili ərzində baş vermiş qəsdən adam öldürmə cinayətləri nəticəsində 33 qadın zərər çəkib. Hələ bu rəqəm bütün zorakılıqdan ciddi zərər çəkmiş bütün qadınları özündə ehtiva etmir. Çünki əksəriyyət belə hallar barədə danışmaqdan, şikayət etməkdən çəkinir - əsasən bu hallar gizlədilir.
Baş Prokurorluqun video-müraciətdə bildirilir ki, qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır: "Susaraq cinayətə ortaq olma! Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal Baş Prokurorluğun "961" Çağrı Mərkəzinə müraciət et!"
Sözügedən problemlə bağlı "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ilə söhbətimiz zamanı bildirdi ki, 2010-cu ildə Milli Məclisdə "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanun qəbul edilsə də, qanun altı il kağız üzərində qaldı, işlək mexanizmə malik olmadı. Amma 2016-cı ildən bəri bu sahədə aktiv proses başlayıb və bu proses məişət zorakılığının qarşısının alınmasında müəyyən rol oynayıb: "Maarifləndirmə, təbliğat, müzakirələr məişət zorakılığının mahiyyətin açır. Bəzi kişilər məişət zorakılığına "kişilik" kimi baxırdısa, onun mahiyyətini dərk edəndən sonra həmin kişi utanır.
Hazırda cəmiyyətdə bu istiqamətdə mahiyyət dəyişiklikləri baş verib - əvvəl qadınlar əsasən evdə oturur - yalnız kişi işləyirdisə, indi əksər qadınlarımız da işləməklə ailənin iqtisadi sütunlarından birinə çevrilib. Amma bir məsələni də qeyd edim ki, bir sıra müəssisələrdə kişilər rəsmi müqavilə ilə, qadınlar isə qeyri-rəsmi olaraq çalışırlar. Bu istiqamətdə müvafiq qurumlar işləməlidir.
Bütün bunlarla yanaşı, internet həyatımızın bir parçasına çevrilib. Hansı ailədə qarşılıqlı inam və hörmət varsa, o ailədə internet problem yaratmır, əksinə ailə internetdən bəhrələnir. Lakin hansı ailədə qarşılıqlı inam yoxdursa, orada internet ciddi problem yaradır. Belə problemlər zamanı isə qadınlar daha dözümlü, kişilər isə zəif olur. Kişilər dözmür, günün birində çıxıb gedir.
Problemin çözümü yalnız qanunların qəbulu və işləməsi ilə fayda vermir, ətrafdakı sosial-psixoloji gərginlik də məişət zorakılığını körükləyir. İkinci ildir ki, pandemiya şəraitində yaşayırıq, bunun özü məişət zorakılığını gücləndirən amillərdəndir. Ekologiyanın təsirləri özünü göstərir, bir aydı keçən istilər insanların psixologiyasına təsir edir - gərginliyi artırır. Belə təsirlər altına düşən, pisxoloji cəhətdən zəif olan cütdüklər bir-biri ilə problem yaşayır.
Ümumiyyətlə, Azərbaycan cəmiyyətində kişinin öz qadınına əmlak kimi baxması aradan qaldırılmalı, onlar bərabərhüquqlu cütlüklər kimi münasibət qurmalıdırlar".
Akif Nəsirli